“İşəgötürən və işçilərin sosial sığortaya cəlb olunmasında diferensiallaşma tətbiq edilə bilər”
Tarix: 21.04.2017 | Saat: 12:24:00 | E-mail | Çapa göndər
İdris İsayev: “Qadınların əmək bazarına yüksək ixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,(ƏƏSMN) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının dünyada və planetin ayrı-ayrı regionlarında real əmək haqqı, onunla əmək məhsuldarlığı arasında əlaqə, əmək ödənişində gender nisbətinin necə dəyişdiyi, əmək haqqının bölgüsündə qeyri-bərabərlik, əmək bazarının aləti kimi minimum əmək haqqının üstünlükləri barədə məlumatları əldə etməyə imkan verdiyini vurğulayıb. İ.İsayev Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu, bütün əhali üçün layiqli əməyin təmin olunmasının, qeyri-bərabərliyin aradan qaldırılmasının bu məqsədlərdəki hədəflər sırasında olduğunu bildirib: “Həmin məqsədlərdə 8-ci hədəf “Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək” və 10-cu hədəf “Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”dır. Bu hədəflərə çatmaq üçün əmək haqqının artırılması və əmək ödənişində qeyri-bərabərliyin aradan qaldırılması mühüm məsələlərdəndir”.
Son on ildə ölkəmizdə minimum əmək haqqı 3,5 dəfə,
orta aylıq əmək haqqı 3,3 dəfə artıb

Nazir müavini bildirib ki, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunvericiliklə qadağan edilir. Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. İ.İsayev iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması yönündə tədbirləri diqqətə çatdırıb, son on ildə ölkəmizdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsinin isə 5 faizdən aşağı endiyini bildirib: “2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib. Orta aylıq əmək haqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib”.
Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9 faiz artaraq 900 manata, inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb.

Dünya üzrə məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır

Nazir müavini diqqətə çatdırıb ki, hazırda məşğul əhali dünya əhalisinin 43,1 faizini təşkil edir, yəni dünya iqtisadiyyatında təxminən 3,3 mlrd. nəfər çalışır və məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır. Bu göstərici Avropa dövlətlərində daha yüksəkdir (80-90 faiz). İnkişaf etməkdə olan ölkələrdə bu nisbətin aşağı olması ilk növbədə həmin ölkələrdə sərbəst məşğul əhalinin xüsusi çəkisinin yüksək olması ilə izah edilir. DSK-nin məlumatına əsasən ölkəmizdə iqtisadiyyatda məşğul olanların yalnız 31,8 faizi muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir. İ.İsayev əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında da mühüm önəmini vurğulayıb: “Sistemin məlumatına əsasən 2017-ci ilin 1 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,4 min nəfər artaraq 1265,3 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib. Həmçinin sistemin məlumatına görə, muzdla işləyənlərin 47,8 faizini qadınlar təşkil edir. Qadınların orta aylıq əməkhaqqı məbləği ölkə üzrə kişilərin orta aylıq əməkhaqqı məbləğinin 54 faizini təşkil edir. Elektron sistemin məlumatları əsasında qadınların əmək bazarında roluna, habelə yaş qrupları və təhsil səviyyələri üzrə iştirakına dair göstəriciləri diqqətə çatdıran İ.İsayev muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisinin həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 6 faiz çox olduğunu, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisinin kişilərə nisbətən 1 faiz çox, yəni 38,5 faiz təşkil etdiyini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52 faizinin qadınlar olduğunu bildirib. O qeyd edib ki, bu göstəricilər təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir.

Ölkəmizdə ÜDM-in artım tempi əmək haqqının artım tempi ilə demək olar ki, üst-üstə düşür

İ.İsayev vurğulayıb ki, iqtisadi baxımdan əmək haqqının artımı ev təsərrüfatlarının istehlakını, o da öz növbəsində ÜDM-nin əsas hissəsini təşkil edən məcmu istehlakı stimullaşdırır və bu, məhsulların (xidmətlərin) istehsalına olan tələbat və iqtisadi artım deməkdir: “Əmək haqqının artırılması məsələsinə baxdıqda ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərini, iqtisadi imkanları və islahat tədbirlərini nəzərdən keçirmək lazımdır. Əmək haqlarının əsassız artımı inflyasiyanın yüksəlməsi və istehlak qiymətlərinin artımı ilə nəticələnə bilər ki, bu da dövlət üçün əlavə sosial xərclər deməkdir. Yəni bu sahədə düzgün atılmayan addım əks səmərə verə bilər”.
O qeyd edib ki, bəzi hallarda əmək haqqının artımını bu sektorun səmərəliliyini yüksəltmədən, iş yerlərinin optimallaşdırmasını aparmadan mümkün deyil: “Deyərdim ki, büdcə sektorunda səmərəliliyin artırılması və iş yerlərinin optimallaşdırması proseslərinə artıq başlanılıb. Ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminin dəyişdirilməsi və tibbi sığorta sisteminin tətbiqinə başlanılması bu qəbildən olan addımlardır”. İ.İsayev diqqətə çatdırıb ki, iqtisadi artımla əmək haqqının artımı arasında birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əmək haqqı məbləğində hiss etməsinə imkan verir: “ Ölkəmizdə ÜDM-nin artım tempi (3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Bu sahədə ən mühüm məsələ qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsidir”.
Nazir müavini əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının vacibliyini, bunun əmək məhsuldarlığının artımında başlıca vasitə olduğunu qeyd edib. O bildirib ki, həmçinin qadınların əmək bazarına yüksək ixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir: “Təcrübə göstərir ki, qadınların əmək bazarında xüsusi çəkisinin artması muzdla işləyənlərin məşğul əhalinin sayında xüsusi çəkisinin artmasına gətirib çıxarır. Qadınlar kişilərdən fərqli olaraq əmək bazarında əmək müqaviləsi əsasında fəaliyyətə daha çox üstünlük verirlər”. İ.İsayev vurğulayıb ki, minimum əmək haqqının vaxtaşırı artırılması məsələsinə baxılmalı, bu məsələdə sosial tərəfdaşlar daha aktiv mövqe nümayiş etdirməlidirlər. BƏT-in tövsiyə etdiyi minimum əmək haqqı anlayışında işçi ilə bərabər onun ailə üzvlərinin minimum yaşam tələbatları nəzərə alınır: “Ünvanlı dövlət sosial yardım proqramı bu proqramın əhatəsində olan işçinin ailə üzvlərinin də yaşam xərclərini öz üzərinə götürüb. Düşünürəm ki, biz bu anlayışa yenidən baxmalıyıq və həmin xərclər dövlətin üzərindən götürülməlidir. Hesab edirəm ki, minimum əmək haqqının artırılması bu baxımdan digər göstəricilərə də müsbət təsir edər, eləcə də ölkəmizin bu məsələ ilə bağlı öhdəliklərinin icrasını təmin etmiş olardı. Məsələn, minimum əmək haqqının median əmək haqqına və ya orta aylıq əmək haqqına nisbəti göstəricisi yüksələrdi”.
İ.İsayev məcmu istehlakın stimullaşdırılmasında aşağı vəzifə tutan işçilər üzrə əmək haqqı artımının rəhbər işçilər üzrə əmək haqqı artımına nisbətən daha təsirli olduğunu bildirib: “Aşağı vəzifə tutan işçilər əmək haqqı formasında əldə etdikləri gəlirlərini əsasən istehlaka yönəldirlərsə, rəhbər işçilər üzrə əmək haqqı artımı daha çox yığıma yönəldilir. Düzdür yığımın özü də investisiya formasında iqtisadi artımı stimullaşdırır, lakin onun təsir imkanları və tezliyi məcmu istehlakdan çox zəifdir”.
Nazir müavini əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasında büdcə-vergi siyasətinin və sosial sığorta sahəsində aparılan siyasətin əhəmiyyətini vurğulayıb: “Bu sahədə qanunvericilikdə kifayət qədər imtiyazlar nəzərə alınıb. Lakin hesab edirəm ki, bu sahədə fəaliyyəti daha da genişləndirmək olar. Eyni zamanda işəgötürən və işçilərin sosial sığortaya cəlb olunmasında diferensiallaşma tətbiq edilə bilər. Bu zaman minimum gəlirlərlə münasibətdə sosial sığorta yükünün tam olaraq işəgötürən tərəfindən qarşılanması, yuxarı gəlirlərə münasibətdə işəgötürənlərin sosial sığorta yükünün azaldılması məsələsi əsas şərtlərdən biri ola bilər”.
AHİK sədrinin birinci müavini İlyas Əliyev BƏT-in Qlobal Əmək Haqqı hesabatından irəli gələn məsələlərin aktuallığını diqqətə çatdıraraq, işçilərin əmək haqlarının onların maddi firavanlığına uyğun səviyyədə olmasının, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasının layiqli əməyin əsas komponentlərindən olduğunu vurğulayıb, AHİK-in bu məsələlərlə bağlı mövqeyini diqqətə çatdırıb. ASK-nın hüquq şöbəsinin müdiri Xəqan Hümmətzadə özəl sektorda işçilərin əmək haqlarının müəyyən olunmasında işçinin işgüzar keyfiyyətlərinə, onun peşəkarlıq səriştəsinə, müəssisənin səmərəliliyinin artırılmasında, məhsuldar iş rejimində roluna uyğun olduğunu, bu sektorda da mütəmadi olaraq əməkhaqqı artımlarının olduğunu qeyd edib.
BƏT-in layiqli əmək üzrə texniki dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Studer Azərbaycanda əməkhaqqı siyasətinin daim on planda saxlanmasının, minimum əməkhaqlarının artırılmasının, ölkədə orta aylıq əməkhaqqı səviyyəsinin getdikcə yüksəlməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Daha sonra BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən Qlobal Əmək Haqqı hesabatını təqdim ediblər. Tədbir hesabat əsasında geniş müzakirələr şəraitində davam edib, əmək haqqı siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
“II Avropa Oyunlarında Azərbaycanın kadr potensialından da yararlanmaq mümkündür”
22.09.2017
“ASAN xidmət“in yaradılması korrupsiyanı sıfıra endirib“
22.09.2017
“Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçında 1500 nəfər işlə təmin olunub”
22.09.2017
Qəbul imtahanında hansı dəyişikliklər olacaq?
22.09.2017
ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başladı

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info