Övladlarınızın gələcəyi sizin əlinizdədir!
Tarix: 27.04.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər
Psixoloq Fərqanə Mehmanqızı |

Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq. Xüsusilə hamiləliyin ilk 3-cü ayında xanımlar tez-tez səbəbsiz ağlayır, arzu edilən hamiləlik olsa belə ilk aylarda hamiləliyi qəbul edə bilməmə hissi yaranır, içə dönüklük və passivlik meydana gələ bilər. Qarşıdakı aylarda da bədəndəki dəyişiklikləri mənimsəyə bilməmə vəziyyəti yarana bilər. Son aylarda isə ümumiyyətlə doğum qorxusu, sağlam körpə dünyaya gətirmə narahatlığı, "Yaxşı ana ola biləcəyəm?” qayğısı yaşana bilər. Tədqiqatlar göstərib ki, hamiləlik zamanı gərginlik keçirmək hamiləliyin 17-ci həftəsindən etibarən körpənin beyin inkişafına təsir edir. Hamiləlik zamanı yaşanan stress halları həm ananın, həm də körpənin inkişafına mənfi təsir göstərir. Mütəmadi olaraq yaşanan stress ciftin quruluşunda bir sıra dəyişikliklərə gətirib çıxarır ki, bu da körpənin görmə qabiliyyətinə də təsir edir. Hamiləliklə bağlı ortaya çıxan ürək bulanma, qusma, tez-tez sidiyə getmə, bel ağrısı, əllərdə və ayaqlarda şişliklər, çəkinin artması kimi dəyişikliklər hamilə qadın üçün stress qaynağı ola bilir. Hamiləlik müddətində ortaya çıxan hormonal dəyişmələr də qadının psixoloji vəziyyətində dəyişikliklərə səbəb olur. Qadınların bir çoxu doğum sancılarına dözə bilməyəcəklərini, doğumda səhv bir şey edərək körpəsinə zərər verə biləcəyini düşünürlər. İqtisadi səbəblər də stresə səbəb olur. Körpənin doğumu və sonrasındakı xərclərin çətinlik qorxusu həm ananı, həm atanı narahat edir. Əsasən də riskli hamiləlik səbəbiylə işindən ayrılıb evində hamiləliyini keçirmək məcburiyyətində qalan bir qadın üçün hamiləlik müddəti çox daha stressli və narahatverici olur. Bütün bu düşüncələr hamiləlikdə stress yaradan faktorlardı. Anaların maraqlandıran digər sual budur ki, bəs hamiləlik dövründə yaşanan stress körpəyə necə təsir edir? Hamiləlik dövründəki stress həm anaya, həm körpəyə mənfi təsir edir. Stress erkən doğuma səbəb olur. 8719 hamilə ananın üzərində aparılan iki fərqli müşahidələrə əsasən, 30 həftə dalbadal stress yaşayan qadınların vaxtından tez doğum keçirəcəkləri qeydə alınıb. Birinci araşdırmada erkən doğumun 34-cü, ikinci araşdırmada isə 37-ci həftədə olacağı müəyyənləşdirilib və bu qeydlər demək olar ki, özünü doğruldub. Bəzi stress hormonları plasentaya gedən damarlarda daralmağa səbəb olur, körpəyə daha az oksigen və qida maddəsi getməsinə səbəb olur. Bu vəziyyət körpələrdəki inkişaf geriliyinə səbəb olur. Stress nəticəsində dünyaya gələn uşaqlarda diabetə, beyindaxili təzyiqə, alergiyaya tutulma ehtimali 2 qat daha çoxdur. Həmçinin onlarda davranış pozuntuları da müşahidə olunur. Stress uşağın ölü doğulmasına da səbəb olur. Hamilə qadının stress keçirməyi bətndəki körpənin beyin funksiyalarına və davranışlarına təsir edir. Digər bir araşdırmalar nəticəsində məlum olub ki, hamiləlik dönəmində gərginliklər keçirən ananın körpəsi sonradan hiperaktiv olur, onda davranış və hissi pozuqluqlar yaranır. Bununla yanaşı, yaşanan gərginlik uşağın ölü doğulması riskini artırır. Buna görə də hamiləlik zamanı bacardıqca stress yaradan hadisələrdən uzaq olmalı və gərginliyi özünüzdən tamamilə uzaqlaşdırmalısınız. Stresi azaltmaq üçün yaşam tərzinizi dəyişə, ya da sizə gərginlik gətirən halları birdəfəlik həll edə bilərsiniz. Əgər işləyirsinizsə, o zaman yaşam tərzinizi bir qədər dəyişməlisiniz. Hamiləlik dövrü irəlilədikcə sizdə fiziki narahatlıqlar da başlayacaq. Ona görə də bu dövrü rahat şəraitdə keçirməyiniz məsləhətdir. Düzgün qidalanın və hamilələr üçün məşqlərə müraciət edin. Ən əsası da odur ki, məşqlər düzgün seçilsin. Buna görə də mütəxəssisə müraciət edin.Özünüzə zaman ayırın. Sakit və rahat bir mühitdə dincəlin. Bununla yanaşı, mütəmadi olaraq nəfəs məşqləri edin. Bu məşqlərin sizin üçün çox böyük faydası olacaq. Gecələri rahat yata bilməsəniz, bu zaman yatmamışdan əvvəl rahatlama hərəkətləri edin. Hər hamilə qadın şəxsi və iş həyatındakı stress qaynaqlarını təyin etməli və bunlarla mübarizə üsulları tapmalıdır. Buna görə hamilə bir qadın sağlam qidalanmalı, kifayət qədər yatmalı, spirt və siqaretdən uzaq dayanmalı və fiziki fəaliyyətdə olmalıdır. Fiziki fəaliyyət-yorğunluq, halsızlıq və bel ağrıları kimi hamiləlik ilə əlaqədar narahatlıqlarını azaldır. Ən vacib məqamlardan biri də qadının həyat yoldaşı, ailəsi və dostları tərəfindən dəstək görməsidir. Yaxın ətraf hamilə qadına mənəvi dəstək olmalı və işlərində köməkçi olaraq da ana namizədinin yaşadığı stressin azalmasına köməkçi olmalıdır. Bütün bunlardan əlavə hamilələr mütləq mütəxəssis dəstəyi almalıdırlar. Çünki bu hamiləlikdən sonrakı dönəmdə qadınların depressiyaya düşməsinin qarşısını alır. Qadınlar hamilə olduğunu öyrəndiyi zaman mütləq həkimə müraciət etməlidir. İlk müayinə zamanı əlavə xəstəliklərinin olub-olmadığı, bədən quruluşu, çəkisi, daha əvvəlki doğum, abort sayı araşdırılmalıdır. Hamiləliyin sonuna kimi 8-10 dəfə müayinədən keçməlidir. Hamiləlik vaxtı ən önəmli baxılacaq parametrlərdən biri də hamiləlikdə ikili test, üçlü testlərdir. İkili test 11-14-cü həftələr arasında baxılan bir testdir. Bu testin məqsədi uşaqda ola biləcək genetik xəstəliklərin, xüsusilə daun sindromunun olub olmadığını araşdırmaqdır. İkinci trimestrin başlanğıcında yəni, 15-19-cu həftələrdə 3-lü, 4-lü testlər də genetik xəstəlikləri aşkar etmək üçün edilir. Digər tərəfdən hamiləliyin 20-24-cü həftəsində uşağın anomaliya ilə bağlı ultrasəs müayinəsindən keçirilməsi uyğun görülür. Hamiləlikdə önəmli olan parametrlərdən biri də çəkinin artmasıdır. Bədənin kütlə indeksi normaldırsa, hamiləliyin sonuna qədər 12-15 kq çəki almaq normal hesab edilir. Bundan daha çox olarsa, mütləq şəkəri ölçülməlidir. Maraq üçün onu da qeyd edim ki, hamilə ilk 20 həftəyə qədər 4-5 kq, sonlarına doğru isə 8-9 kq ala bilər. Əgər bədən kütlə indeksi çox yüksəkdirsə, bəzən 7-8 kq almağı kifayət edir. Artıq çəki varsa, bu xəstələrdə əvvəlcə şəkərli diabeti araşdırmaq və daha çox çəki almamağına diqqət etmək lazımdır. Bu təbii ki, bədən kütlə indeksinə görə qərar verilir. Əgər bədən kütlə indeksi köklük həddindən çoxdursa, hamiləliyin sonuna qədər bu xəstələrin 7-8 kilo qədər almağı belə yetərlidir. Qida faktoru da psixoloji amillərə yüksək təsir edir. Bəs həkimlər hamiləlik dövründə qidalanma hansı şəkildə olmasını məsləhət görürlər? Nələrə diqqət edilməlidir? Yuxarıda da qeyd etdiyim kimi hamiləlik dövründə sağlam qidalanmaq vacib şərtlərdən biridir. Çünki bu proses sağlam həyat tərzinə uyğun keçməzsə, hamiləlik sonrası ana və körpənin səhhətində ciddi problemlər yaranır. Bu müddətdə müəyyən növ qidalardan uzaq durulmalıdır. Bunlar nədir? Qablaşdırılmış market qidaları, çox qatqıları olan konservantlarla zəngin qidalar, yəni ketçuplar, mayonezlər, hətta çox qatqıları olmuş yoqurtlardan mütləq uzaq durulmalıdır. Ağ undan ibarət bütün növ bişmələr, kartof məmulatından çox az istifadə etməlidirlər və şirniyyat növlərindən uzaq durulmalıdırlar. Hamiləlik dövründə canavar "aclığı sindromu" adlı hal yaranır ki, qadınlar nə qədər yesələr də doymadıqlarını düşünürlər. Buna görə hamilə qadınlar daha çox təbii qidalar əvəzinə qablaşdırılmış məhsullardan istifadə edirlər. Bu isə ağır fəsadlara yol açır: Sual oluna bilər ki, bu boşluğu nə doldurmaq olar? Həkimlər deyirlər ki, süd və süd məhsulları daha çox yeyilməlidir. Süd, qatıq, kəsmik, kefir və ayran bol-bol istifadə edilməlidir. Balıq məhsulları da çox aktualdır. Balığın sobada bişirilməsi, suda bişirilərək çox da duzlu olmayan şəkildə yeyilməsi məqsədə uyğundur. Duzlu qidalardan uzaq durulmalıdır. Çox şirniyyatın qəbul edilməsi diabetə yol aça bilir. Çovdar unundan və hansısa meyvənin suyu ilə bişirilmiş şirniyyat məsləhət görülür. Psixoloji araşdırmalardan belə qənaətə gəlinir ki, qida faktoru çox önəmlidir və qadınlar hamiləlik prosesinə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Tam hazır olduqda hamiləlik qərarı verməlidirlər. Ana olmağa hazırlaşan qadınlar bilməlidir ki, hamiləlik dövrü və sonrası onların həyatı əvvəlki kimi olmayacaq. Qızlarımız bunun məsuliyyətini dərk etməlidirlər. Yuxusuz gecələr, yorğunluq olacaq. Hər şey əvvəlki həyatından fərqli olacaq, stresslər yaranacaq. Bunlar hamısı normaldır. Tədricən analıq instinkti yaranır. Adaptasiya bəzilərində gec, bəzilərində isə tez ola bilir. Bu zaman ərzində onlara kömək edəcək insanların olması yaxşı olar. Hamiləlik vaxtı qadınlarda stress yaradan amillərdən biri artıq çəkidir. Qadınlar 9 ayı özlərinə bayram elan edir və istədikləri hər şeyi yeyirlər. Daha sonra artıq çəki onların görünüşlərində problem yaradır. Xarici görünüş ilə bağlı komplekslər əmələ gəlir. Özünün bəyənməmək, natamamlıq kompleksi isteriyaya, əsəb gərginliyinə gətirib çıxarır. Hamiləlik prosesində qadın stressdən uzaq və tamamilə rahat bir şəraitdə olmalıdır. Əks təqdirdə həm özünün, həm də uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Əziz valideynlər unutmayın ki, övladlarınızın gələcəyi sizin əlinizdədir!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info