“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”
Tarix: 05.05.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər
ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında bu təşkilatın Yerevan ofisinin mandatının uzadılması məsələsinə baxılıb. İclasda ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in Yerevan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb. Tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq, ATƏT-in Yerevan ofisinin bağlanmasına qərar verilib. İclasda ATƏT-in baş katibinə göstəriş verilib ki, ofisin bağlanması üçün tələb olunan proseslərin həyata keçirilməsini təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedurlar üç ay ərzində başa çatdırılmalıdır.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov çıxışında bildirib ki, ATƏT Azərbaycanda və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün əldə edilən anlaşma ondan ibarət olub ki, ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar. Lakin son üç il ərzində bu ofisin öz mandatına zidd fəaliyyət göstərməsi, xüsusilə minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması əldə edilmiş razılaşmanı pozub. Əsasən, Ermənistandan olan ictimai mənbələrdən əldə edilən məlumatlara əsasən, minalardan təmizləmə fəaliyyətinin coğrafi dairəsi genişlənərək Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edib. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb. Biz davamlı şəkildə öz narahatlığımızı ifadə etmişdik ki, ofisin minalardan təmizləmə fəaliyyəti Ermənistanın müvafiq qurumlarının imkan və qabiliyyətlərini artıracaq və bunlar da asanlıqla Azərbaycanın işğal olunmuş ərazilərində istifadə oluna bilər. Belə bir vəziyyət ofisin mandatına uyğun gəlmədiyinə görə Azərbaycan tərəfi bu mandatın yanlış interpretasiyası ilə razılaşa bilməzdi. Bu, həmçinin ofisin təsis olunduğu vaxt əldə edilmiş razılaşmaya da ziddir. Həmin vaxt ofisin öz fəaliyyəti çərçivəsində nəinki Azərbaycanın işğal olunmuş ərazilərində layihələr aparması, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməyəcəyi razılaşdırılıb.
Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb.
Ötən üç il ərzində müxtəlif imkan və proseslərdən istifadə edilməsinə cəhd göstərilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından məsələyə həll yolunun tapılması mümkün olmayıb.
Ofisin mandatının təhrif olunması və səhv təfsir olunmasının qarşısının alınması üçün Avstriyanın ATƏT-ə sədrliyi tərəfindən Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə cəlb olunmamasına dair qərar layihəsi təklif olunub. Lakin Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu qərar layihəsini qəbul etməyib. Bu da nəticə etibarilə ofisin bağlanması barədə qərarın verilməsi ilə nəticələnib.
Azərbaycan nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi ofisin bağlanmasına təəssüflənir, amma bu, Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.
ATƏT-in Baş katibinin ofisindən isə bu haqda deyilib: “Almaniyanın sədrliyi dövründə 2016-cı ildə ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı dalana dirənmiş vəziyyətin həlli ilə səyləri izləyərək, Avstriyanın sədrliyi də bütün müvafiq tərəflərlə məsləhətləşmələrlə məşğuldur.
Bildiyiniz kimi, aprelin 21-22-də Avstriyanın keçmiş prezidenti Haynts Fişer Yerevanda və Bakıda olub, vəziyyətdən çıxış yollarını öyrənib. Bu səfərdən sonra daha bir güzəşt mətni ümid etməyə əsas verirdi ki, bütün açıq problemlər həll edilə bilər. Lakin çoxsaylı görüşlər və qeyri-rəsmi müşavirələr, iştirakçı ölkələrin səyləri heç bir nəticə vermədi.
Sədrlik hazırda Baş katibliyə müraciət edib ki, o yaranmış status-kvo ilə əlaqədar bütün təfərrüatları nəzərə alsın. Cənubi Qafqazda təhlükəsizliyin bütün istiqamətləri üzrə dəstəyi və əməkdaşlığı davam etdirmək üçün ATƏT-in iştirakının bütün alternativ variantları öyrəniləcək”.

“Rusiya Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir”

Bildirək ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirsə də, vasitəçi ölkələr bu istiqamətdə addımlar atmağa çalışırlar. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Solovyov deyib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. O qeyd edib ki, Rusiya ilk vaxtdan özünü danışıqlarda vasitəçi kimi təklif edib və keçən müddət ərzində öz mövqeyindən kənara çəkilməyib.
Deputat deyib: "Bizim vasitəçiliyimiz ilə danışıqlar gedir, məsləhətləşmələr aparılır. Çox böyük iş görülüb. Mən əminəm ki, münaqişə beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapacaq".
Rusiyalı deputatın sözlərinə görə, münaqişənin nizamlanması üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir. O deyib: "Minsk qrupu fəal işləyir, müzakirələr gedir. Bütün ölkələr, ilk növbədə Rusiya danışıqlar üçün əlverişli şərait yaradır. Əminəm ki, bütün bunlar öz bəhrəsini verəcək və münaqişə həll olunacaq".

“Ermənistan münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır”

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun fikirincə isə bu kimi məsələlərin həllində mədəniyyətlərarası dialoqunda rolu var. Ziyafət Əsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” adlı panel sessiyasında çıxışı zaman deyib ki, Azərbaycan, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir.
Z.Əsgərov bildirib ki, dünyada dövlətlər arasında ixtilafların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biri mədəniyyətlərarası dialoq vasitəsilə sivilizasiyaların bir-birinə yaxınlaşmasıdır:
"Parlament diplomatiyası bu istiqamətdə mühüm rol oynaya bilər. Azərbaycan Milli Məclisi mədəniyyətlərarası dialoqun inkişafı üçün bütün imkanlardan istifadə edir. Milli Məclis 80 ölkənin parlamentləri ilə münasibətlər qurub, Azərbaycanın multikuturalizm ənənələrini dünyada təqdim etmək üçün lazım olan işləri görür. Azərbaycan, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir. Azərbaycanda mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət səviyyəsinə qaldırılıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dost və mehriban şəraitdə yaşayır. Eyni zamanda təəssüflə qeyd edilməlidir ki, Azərbaycan ərazilərinin 20 faizini 25 ildən artıqdır işğal altında saxlayan Ermənistan bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır. Ancaq Ermənistanın bütün bu cəhdləri, həmişə olduğu kimi, boşa çıxacaq".
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.05.2017
Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
16.05.2017
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd ediləcək
12.05.2017
Azərbaycan Rus İcması: “İmkan vermək olmaz ki, dost olmayan qüvvələr səmimi münasibətlərimizə ziyan vursun”
02.05.2017
Son üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib
28.04.2017
Aleksey Puşkov: “AŞPA marginal quruma çevrilib”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info