Azərbaycan Rus İcması: “İmkan vermək olmaz ki, dost olmayan qüvvələr səmimi münasibətlərimizə ziyan vursun”
Tarix: 12.05.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv ediləcəyi gözlənilir. Azərbaycanla Rusiya arasında olan dostluq və yüksək əməkdaşlıq münasibətləri fonunda belə bir addımın atılması təəssüf doğurmaya bilməz. Ümumiyyətlə, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub. Azərbaycan dövləti həmişə şimal qonşumuzun regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. Azərbaycan dövləti, hətta rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atır. Bununla yanaşı, Rusiyanın dövlət strukturlarında antiazərbaycan qruplar, erməni lobbisi xalqımıza və dövlətimizə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Son zamanlar Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verib. Görünür, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi bu iki ölkə arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq istəyindədir.
Qısası, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın azərbaycanlı icması isə iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlər də körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salar, onları zədələyər. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə də kölgə salacaq. Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?
Belə bir addım Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır.

ÜAK və onun üzvləri heç zaman Rusiyanın qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb
Diasporla İş üzrə Dövlət Komitəsinin ÜAK-ın ləğv edilməsi ilə bağlı yaydığı bəyanatda qeyd edilir ki, bu məsələ ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir: “İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışıb. Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil edən təşkilat deyil, eyni zamanda xalqlarımızın dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin, ölkələrimizin bir çox sahələri əhatə edən strateji tərəfdaşlığının simvolu kimi qəbul olunmaqdadır. Bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. ÜAK-ın fəaliyyətinin başlıca qayəsi Rusiyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların xalqlarımız arasındakı əlaqələrin güclənməsinə, ölkələrimizin iqtisadi, siyasi və digər sahələrdə münasibətlərinin inkişafına cəlb etməkdən ibarət olub. ÜAK və onun üzvləri heç zaman Rusiyanın qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb, ölkənin, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıb. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür təşəbbüslər, eyni zamanda Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa, prinsiplərinə qəti şəkildə ziddir”.

Azərbaycanın Rus İcması:
“Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, ÜAK-ın ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin”
Azərbaycanın Rus İcmasının Respublika Şurası da bəyanat yayaraq bu məsələnin müsbət yöndə həlli üçün çağırış edib: “Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması ÜAK ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması ÜAK-ın ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib. Təəssüf ki, Rusiyada müəyyən qüvvələr ÜAK-ın təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar. Şübhə doğurmur ki, həmvətənlərimiz - Rusiyadakı Azərbaycan diasporuna qarşı bu mənfi, hörmətsiz münasibət Azərbaycan və Rusiya, Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və genişlənməsinə xidmət etmir. Azərbaycanda yaşayan ruslar Azərbaycan xalqının rus dilinin, rus mədəniyyətinin və Azərbaycanda rus xalqının ənənələrinin qorunmasına qayğıkeş münasibətini yüksək qiymətləndirir. Hesab edirik ki, Rusiyada da Rusiyanın tamhüquqlu vətəndaşları olan azərbaycanlıları narahat edən məsələlərə müvafiq münasibət olmalıdır. Biz ölkələrimiz arasındakı münasibətlərin vəziyyətindən çox məmnunuq. Onların əsasında dostluq və mehriban qonşuluğun çoxəsrlik ənənələri, qarşılıqlı maraqlara hörmət, milyonlarla azərbaycanlı və rusların bir-birinə bağlı taleləri dayanır. İmkan vermək olmaz ki, dost olmayan qüvvələrin hərəkətləri xalqlarımız arasındakı möhkəm əlaqələr və səmimi münasibətlərə ziyan vursun. Rusiyalı həmvətənlərimiz, biz, ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri yüksək qiymətləndiririk və bir daha Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, Rusiyanın böyük ictimai təşkilatı olan ÜAK-ın ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin”.

“İctimai birliyin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir”
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib ki, onların təşkilatının Rusiya nümayəndəliyi var: “Həm də 10 ildən artıqdır ki, bu nümayəndəliklə birgə layihələr həyata keçiririk. Həmçinin bu ölkədə bizim əsas tərəfdaşlarımızdan biri də ÜAK-dır. Statistik rəqəmlərə baxsaq görərik ki, bu təşkilat Rusiyada fəaliyyət göstərən digər xalqlara məxsus ən böyük diaspor təşkilatıdır. Bu qurum, demək olar ki, Rusiyanın bütün vilayətlərini özündə birləşdirir və birbaşa Rusiyanın strateji maraqlarına uyğun şəkildə fəaliyyət göstərir. Hər zaman Rusiya və Azərbaycan arasında olan siyasi, iqtisadi, mədəni əlaqələrə töhfə verib. Yəni bunun əksi ola biləcək hər hansı bir addım atmayıb. Bunu Rusiya rəsmiləri də dəfələrlə təsdiq ediblər. ÜAK-ın ləğvi Rusiya hökumətinin, iqtidarın, rəsmi Kremlin mövqeyi deyil. Bu hər hansı bir məsələ ilə bağlı başlanmış prosesdir və təəssüf ki, bu prosesə antiazərbaycan qüvvələr də qoşulub. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Heç kimə sirr deyil ki, bu qüvvələrin də əsas aparıcı qüvvəsi Rusiyada fəaliyyət göstərən erməni diaspor təşkilatları, lobbisidir. Onlar bu gün də çalışırlar ki, bu olayı şişirtsinlər və daha çox siyasiləşdirsinlər. Elə bir mühit yaratmağa çalışırlar ki, guya, bu, rəsmi Moskvanın Bakıya olan münasibətinin təzahürüdür. Əslindəbu, belə deyil. Bu gün Rusiya ilə Azərbaycan arasındakı əlaqələr pozitivdir, hər iki ölkənin rəhbər şəxsləri arasında da yüksək münasibətlər mövcuddur. Bu da onu deməyə əsas verir ki, burada rəsmi Moskvanın hər hansı bir təşəbbüsündən söhbət gedə bilməz. Təəssüf ki, bu proses davam etdi və artıq məhkəmə təyin edilib. Ümid edirik ki, həmin iclasda ədalətli qərar veriləcək. ÜAK-ın ləğvi həm də Rusiyada son illərdə müxtəlif xalqlarla bağlı həyata keçirilən müsbət proqramlara zidd bir addımdır. Bu mənada məhkəmədə ədalətli qərarın olacağına ümid edirik, ÜAK-ın ləğvi tək Rusiyada yaşayan azərbaycanlıları deyil, bütün dünyada yaşayan soydaşlarımızı ciddi şəkildə narahat edir”.
“Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Rufiz Qonaqov deyir ki, uzun illərdir ki, Azərbaycanla Rusiya arasında yüksək səviyyədə münasibətlər olub: “Daim diplomatik, ticari, siyasi, iqtisadi əlaqələr yüksək səviyyədə olub. Azərbaycan həmişə Rusiya ilə dostluğa böyük önəm verib. Prezidentin də ölkənin xarici siyasətlə bağlı müəyyən etdiyi kurs bu olub ki, Ermənistan istisna olmaqla Azərbaycanın qonşuları ilə münasibətləri yüksək səviyyədə olsun. Bu baxımdan, Rusiya da Azərbaycanın ən yaxın və böyük qonşusu kimi həmişə önəmli ölkə sayılıb. Biz bilirik ki, rusdilli əhalinin ölkəmizdə aktiv fəaliyyət göstərməsi, rusdilli məktəblərin ölkədə çoxluğu, rusların azərbaycanlılarla bu ölkədə sərbəst şəkildə yaşayıb ictimai-siyasi proseslərə heç bir problem olmadan qatılmaları kimi müsbət amillər mövcuddur. Hətta bu kimi hallar bütün dünyada olmayan bir səviyyədə-ən yüksək formada təşkil olunub. Çünki biz tolerant ölkəyik, burada xeyli sayda xalqlar əsrlər boyu heç bir problem olmadan qardaş kimi yaşayıblar. Bütün bu sadalananların fonunda bəzi ermənipərəst dairələr, erməni lobbisi, ölkəmizi sevməyən qüvvələr müxtəlif təxribatlara əl atmalı idilər, arzuolunmaz gedişlər etməli idilər. Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında olan yüksək dostluq münasibətlərini də müəyyən dairələrin gözü götürmürdü. Bu baxımdan mayın 15-də ÜAK-ın qapadılmasına veriləcək qərar növbəti bir təxribat cəhdi olacaq. Düşünürəm ki, Azərbaycan ictimaiyyətinin narahatlığını Rusiyanın yüksək siyasi dairələri nəzərə alacaqlar. Bu təxribat cəhdləri müxtəlif dövrlərdə, əvvəllər də müşahidə olunub. Amma bu, iki ölkə arasındakı sıx münasibətlərə xələl gətirməyib. ÜAK-a qarşı yönəlmiş bu tədbirlər də erməni lobbisi, ölkəmizi sevməyən qüvvələrin təxribatlarıdır. İnanıram ki, Rusiya iqtidarı bu məsələdə növbəti dəfə düzgün addım atacaq, olayların daha dərindən araşdırılması üçün ortaya qəti mövqe qoyacaq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt
17.10.2017
Avropada separatizm dalğası: Konvey Ayland Britaniyadan müstəqillik tələb edir
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7550

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info