Ermənistanın Azərbaycana qarşı təcavüzü xarici mediada
Tarix: 12.05.2017 | Saat: 21:20:00 | E-mail | Çapa göndər
Xocalı sakini erməni müəlliflərin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etirazını bildirib

Amerikada çıxan “The Jewish Journal” nəşri mütəmadi olaraq Qarabağ həqiqətləri, eləcə də Xocalı soyqırımı ilə bağlı yazıların verilməsi baxımından diqqəti çəkir. Son olaraq jurnalda Xocalıda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi haqqında məqalə dərc edilib. Xocalı qırğınının sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayeva “Hərbi cinayətlərin inkar edilməsi: sağ qalmış şahidin rəyi” sərlövhəli məqaləsində Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edib. Yazıda Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini inkar edən iki erməni müəllifin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etiraz bildirilir. Dürdanə Ağayeva yazır ki, Xocalı qırğınının inkar edilməsi bu şəhərdə törədilmiş hərbi cinayətin sağ qalmış iki şahidinin - Dürdanə Ağayeva və Anar Usubovun kəskin emosional reaksiyasına səbəb olub. Müəllif qeyd edir ki, ermənilər Xocalı şəhərini işğal edəndə onun 20, Anarın isə 8 yaşı var idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə etnik təmizləmə nəticəsində onlar doğmalarının çoxunu itiriblər.
D. Ağayeva o gecə baş vermiş dəhşətli hadisələri təsvir edərək yazır ki, ermənilər “bütün istiqamətlərə güllə yağdırdıqları” bir vaxtda onlar hər ikisi gecə qaranlıqda meşədən keçərək açıq bir sahəyə qaçırdılar. Anar bir sığınacaqdan digərinə keçir, Dürdanə isə əsir götürülərək Ermənistana göndərilib, orada işğalçılar tərəfindən ağlagəlməz işgəncələrə məruz qalıb. Dürdanə və Anar o gecə sağ qalıb, lakin 613 nəfər silahsız azərbaycanlı kişi, qadın, uşaq və qocalar erməni silahlıları tərəfindən öldürülüb.
D. Ağayeva vurğulayır ki, erməni müəlliflərin fikri “insanlığa, bizim məruz qaldığımız zədələrə və xatirələrimizə meydan oxumaqdır”. Bu, insanlığa qarşı törədilmiş cinayətin həyasızcasına inkar edilməsidir. Hətta Ermənistanın indiki prezidenti Serj Sərkisyan da Xocalıda dinc sakinlərin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsini “Ermənistan ilə Azərbaycan arasında münaqişənin gedişində ən böyük qırğın” adlandırıb və dinc sakinlərin qətlə yetirilməsinə görə məsuliyyəti birbaşa erməni qoşunlarının üzərinə qoyub. Avropa İnsan Haqları Məhkəməsi özünün 2010-cu il tarixli qətnaməsində Xocalı qırğını ilə bağlı faktları təsdiq edib və 10-dan çox ölkə bu qırğını rəsmən tanıyıb.

“Erməni işğalçıları Azərbaycan ərazisində heç kimə aman vermədilər”
Dürdanə Ağayevanın bundan əvvəl ötən il “The Jewish Journal” nəşrində “Əvəzolunmazlar: Qarabağ müharibəsi əfsanəvi cinsin mövcudluğunu təhlükə altına necə qoydu” sərlövhəli məqaləsi də dərc edilib. Məqalədə Qarabağ atı və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu cinsin mövcudluğu üçün yaranan təhlükədən danışılır.
Müəllif yazır ki, doğma şəhəri Xocalı 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və indiyədək işğal altındadır. Bu gün Azərbaycanda çox sayda qaçqın var. Ermənistan silahlı qüvvələrinin təzyiqi altında 800 min sakin Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşüb. Qarabağ atlarının gözəlliyini təsvir edən D.Ağayeva yazır ki, o, təsəvvürünə belə gətirə bilməzdi ki, günlərin birində Qarabağ atı yox olmaq təhlükəsi ilə qarşılaşa bilər.
Xocalı qırğınının şahidi qeyd edir ki, erməni işğalçıları Azərbaycan ərazisində heç kimə aman vermədilər. Uşaqlar, qocalar, evlər və məscidlər, qəbiristanlıqlar, hətta mal-qara, vəhşi heyvanlar belə məhv edildi. Müəyyən miqdarda Qarabağ qaçağanı xilas edilərək bir şəhərdən digərinə köçürülsə də, onların əksəriyyəti öyrəşdikləri otlaqlarsız yaşaya bilməyib və tələf olub. Bu isə müvafiq cinsin repopulyasiyasını çətinləşdirir. Azərbaycan hökuməti Qarabağ atlarının qorunub saxlanması üçün proqram həyata keçirsə də, təbii yaşayış mühitinin əlçatmaz olması populyasiyanı ləngidir.
Müəllif məqalənin sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün dünya dövlətlərinin birgə səy göstərəcəyinə ümid bəslədiyini ifadə edir.

Parisdəki Azərbaycan Evi bəyanat yayıb
Qeyd edək ki, erməni işgalının ifşa edilməsi istiqamətində Fransada da fəal iş aparılır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransada Azərbaycan həqiqətlərinin yayılması böyük önəm kəsb edir. Fransa-Azərbaycan Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğal olunmasının ildönümü ilə əlaqədar Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa mətbuatında bəyanatla çıxış edib. Həmin bəyanatın mətninin tərcüməsini oxucularımızin diqqətinə təqdim edirik.

Mirvari Fətəliyeva:
“Biz - Fransa azərbaycanlıları beynəlxalq təşkilatları ədalətin bərpası, işğal olunmuş torpaqların, o cümlədən də Şuşanın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və bir milyon qaçqın və köçkünün hüquqlarının bərpa olunması, əsir və girovların azad olunması işində Azərbaycana dəstək verməyə çağırırıq”


“Azərbaycanın tarixi beşiyi Şuşa şəhərinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il keçdi. Tarixi abidələrlə zəngin olan Şuşa Azərbaycanın mədəni irsini dünyada tanıtmış çoxsaylı məşhur insanlar - yazıçılar, şairlər, bənzərsiz səsə malik müğənnilər yetişdirib. Şuşa uğrunda döyüşlərdə 195 azərbaycanlı həlak olub, 165 nəfər yaralanıb və 68 nəfər ələ keçərək girova çevrilib. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin və insan haqlarının açıq-aşkar pozulmasına gətirib çıxarıb. 300 km2 ərazidə yerləşən Şuşa şəhərində yaşayan 24 900 nəfər öz ölkəsində köçkünə çevrilib. Bununla belə, bu hadisələrin faciəvi nəticələri Azərbaycan torpaqlarının işğalı ilə bitmir. Beş min əşyanın sərgidə olduğu Şuşa muzeyi, Dövlət Milli İncəsənət və Xalça muzeyinin yerli filialı, Qarabağ Etnoqrafiya muzeyi, eləcə də məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Qarabağ Xanlığı kompleksi, İbrahimxəlil Xan Mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan Azıx mağarası, digər mədəniyyət mərkəzləri və qalareyalar dağıdılıb, qarət edilib, kitabxanalar yandırılıb. Ermənistan Respublikası Azərbaycanın mədəni irsinə qarşı öz işğalçılıq və dağıdıcılıq siyasətini davam etdirir. Biz - Fransa azərbaycanlıları beynəlxalq təşkilatları ədalətin bərpası, işğal olunmuş torpaqların, o cümlədən də Şuşanın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və bir milyon qaçqın və köçkünün hüquqlarının bərpa olunması, əsir və girovların azad olunması işində Azərbaycana dəstək verməyə çağırırıq. Biz ümid edirik ki, bütün tanınmış beynəlxalq təşkilatlar və sülh müdafiəçiləri tolerantlıq ölkəsi olan Azərbaycanda sülhün və təhlükəsizliyin bərpası uğrunda cəhdlərini birləşdirəcəklər, Azərbaycana qarşı yürüdülən davamlı işğalçılıq siyasəti dayandırılacaq, Cənubi Qafqaz regionunda əməkdaşlıq və davamlı içkişaf üçün hər cür zəruri şərait təmin olunacaq. Heç bir ayrı-seçkiliyə yol vermədən hər bir insanın beynəlxalq səviyyədə qəbul edilmiş fundamental hüquq və azadlıqlarına təminat vermək üçün real imkanlar yaradılacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəmində
21.09.2017
Ermənistan BMT-də növbəti dəfə ifşa olundu
20.09.2017
İƏT dövlətləri Ermənistanla əlaqələri məhdudlaşdırmalıdır
19.09.2017
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğuru var”
18.09.2017
“İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info