Aydın Səfixanlı: “Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”
Tarix: 15.05.2017 | Saat: 21:13:00 | E-mail | Çapa göndər
Asəf Hacıyev:
“İşğalçılıq siyasətlərinə qarşı
sanksiyalar tətbiq edilməlidir”


Ermənistanın işğalçılıq siyasəti davam etdikcə bu ölkəyə qarşı beynəlxalq təzyiqlərin artmasına daha çox ehtiyac yaranır. Çünki Azərbaycan ilbəil ortaya daha kəskin mövqe qoyaraq status-kvo ilə barışmayacağını göstərir, hətta ötən il aprel ayında status-kvonun saxlanmasının nə dərəcə təhlükəli olduğu bir daha göründü. Ermənistan tərəfi, hələ ki, çox passiv görünür, nəinki sülhə doğru irəliləmək istəmir, bədnam qonşularımız hətta işğal altında saxladıqları torpaqlarımızda maddi-mənəvi sərvətlərimizi talamaqda, dağıtmaqda davam edirlər.
Elə sözügedən məsələ ilə bağlı danışan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Trend-ə verdiyi açıqlamasında deyib ki, tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması vəzifəsini daşıyan, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün Azərbaycanın işğal olunmuş ərazilərindəki zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməli və bu vəhşiliyə hüquqi qiymət verilməlidir.A.Səfixanlı qeyd edib ki, bəşər sivilizasiyasına məxsus tarixi-mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində Azərbaycanın gördüyü işlər digər dövlətlərə nümunə olmalı və Azərbaycanın işğal altında olan torpaqlarında törədilən erməni vandalizminə biganə qalınmamalıdır: “Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Ölkəmizdə dünya və Şərq memarlığının ən gözəl incilərindən olan tarixi abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır, onların mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Bütün bunlar Azərbaycanın dünya tarixi-mədəni dəyərlərinə verdiyi önəmin göstəricisi olmaqla, digər dövlətlər üçün də bir nümunədir. Təəssüflə qeyd etmək istərdim ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada dünya mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb məhv edilir. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir və buna dünya dövlətləri biganə qalmamalıdır”.
A.Səfixanlı qeyd edib ki, erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq, ermənilər tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar:
“Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə yenidən “təmir” edilib. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” adlı kompleks də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib”.

“Öz torpaqlarını geri almaq Azərbaycanın suveren hüququdur”
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev isə APA-ya verdiyi müsahibəsində işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistanın bir çox regional iqtisadi layihələrdən kənar qaldığını deyib. O deyir ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Dağlıq Qarabağ problemi BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirə edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasına dair 4 qətnamə qəbul edilib. Ermənistan isə o qətnamələri rədd edir, onlara hörmət göstərmir. Hansısa ölkə dünyanın ən nüfuzlu qurumu olan BMT -nin qətnamələrinə, qərarlarına riayət etmirsə, bunu fikirləşmək lazımdır: o ölkənin həmin təşkilatda olmasına ehtiyac varmı? Yoxdur. Bizim təşkilat iqtisadiyyatla məşğul olduğuna görə, üzvlərimiz barədə konkret siyasi qərarlar qəbul edə bilmirik. Ancaq baxın: Avropa Şurasının qərarları var, ATƏT-in qərarları var, bir çox ölkə parlamentlərinin qərarları var ki, Ermənistan işğal etdiyi torpaqlardan bir an əvvəl qeydsiz-şərtsiz çıxmalıdır. Bununla bağlı qərarlar qəbul etməyən heç bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Beynəlxalq təşkilatlar balans saxlamaq məqsədilə Azərbaycana da Ermənistana da eyni dərəcədə yardım edirlər. Ermənistandakı işğalçı hakimiyyət öz xalqına deyir ki, beynəlxalq təşkilatlar bizə də, Azərbaycana da eyni dərəcədə yardım edirsə, deməli, siyasətimiz doğrudur. Ona görə də beynəlxalq təşkilatlar onlara qarşı sanksiyalar tətbiq etməlidir. Onların əhalisi isə narazılıq edəndə beynəlxalq təşkilatlar deməlidir ki, sizin hakimiyyət işğalçıdır. Bir neçə il əvvəl BMT -nin baş katibi Pan Gi Munla görüşdə demişdim ki, Azərbaycanda xalq artıq sizin qərarlarınıza şübhəylə yanaşır. Çünki 4 qətnamənizin heç biri həyata keçməyib, onda o qərarları niyə qəbul edirsiniz? Onun da cavabı bundan ibarət oldu ki, siz haqlısınız, artıq qərarların həyata keçməməsi durumunda növbəti addımın nədən ibarət olmasını düşünmək lazımdır. Məsələ erməni xalqını cəzalandırmaq deyil, söhbət oradakı işğalçı hakimiyyətdən gedir, xalqı bir qrup siyasətçiyə qurban vermək olmaz. Ona görə sanksiyaları addım-addım həyata keçirmək lazımdır. Xalq anlayanda ki, bu hakimiyyətin siyasəti onları uçuruma aparır, onu başından rədd edəcək. Bunun yolu ancaq budur. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən yox, bütün münaqişələrdən gedir”.
Asəf Hacıyev deyir ki, işğalçılıq siyasətlərinə qarşı lazımi sanksiyalar tətbiq edilməlidir: “Mən əvvəllər nümayəndə heyətinin başçısı olanda çıxışlarımda deyirdim ki, bizim 2 peykimiz var, indi üçüncüsü olacaq, Ermənistan isə işğalçılıqla məşğuldur. Azərbaycan çox düzgün siyasət aparır: iqtisadi inkişaf. Azərbaycan iqtisadi baxımdan güclü olandan sonra dünya bizə hörmət edəcək və bəlkə, o bölgələrdə yaşayan ermənilər də anlayacaqlar ki, güclü dövlətin tərkibində olmaq işğalçı ölkənin tərkibində olmaqdan daha məntiqlidir. Eyni zamanda, biz unutmamalıyıq ki, bu məsələ çox uzun sürməməlidir. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan sülh yolunun tərəfdarıdır, ancaq bu məsələ çox uzun sürsə, bölgədə vəziyyət dəyişəcək və dəyişmiş vəziyyətdə hər yola əl atıla bilər. Çünki öz torpaqlarını geri almaq Azərbaycanın suveren hüququdur. Bəzən deyirlər ki, biz Avropa Şurasına daxil olanda məsələnin sülh yoluyla həllinə söz vermişik. Mən belə hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü Avropa Şurasına üzv olmaqdan qat-qat yüksək amaldır. Ona görə də, sülh yoluyla baş tutmayacaqsa, onlar bizim torpaqlarımızı necə işğal ediblərsə, biz də o cür geri alacağıq. Bəlkə, Avropa Şurası buna isti baxmaz, ancaq bir də təkrar edirəm ki, Azərbaycanın ərazi bütövlüyü vətəndaşlarımız üçün müqəddəsdir. Heç bir beynəlxalq təşkilata üzv olmaq bu amala bərabər ola bilməz. Aprel hadisələri göstərdi ki, Azərbaycan tam dəyişib. Aprel hadisələrində ermənilər başa düşdülər ki, Azərbaycanın hərbi gücü var və Azərbaycan öz torpaqlarını qaytara bilər, sadəcə, ümid edirik ki, bu məsələ sülh yolu ilə həll olunacaq”.
Asəf Hacıyev təmsil etdiyi Parlament Assambeyasının dialoq üçün bir meydan olduğunu deyir: “Danışmadan, müzakirə aparmadan problemləri həll etmək mümkün deyil. Bizdə tərəflər bir-biri ilə, belə demək mümkündürsə, sözlə atışırlar və hər tərəf öz arqumentlərini ortaya qoyur. Digər ölkələr o arqumentləri görür. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsində hamı Ermənistanın işğalçı olduğunu görür. Bu baxımdan, dialoqun çox önəmli olduğunu düşünürəm. Millət vəkilləri burada çıxışlar edəndən sonra öz ölkələrinə qayıdaraq rəhbərliklərinə məlumatlar verirlər. Hamı arqumentlərə baxaraq kimin haqlı, kimin haqsız olduğunu anlayır. Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxanda görürük ki, 1988-ci ildə Avropa qurumlarının qərarları əsl vəziyyəti əks etdirmirdi. Bu gün nə baş verir? Avropa qurumları əsl vəziyyəti anlayıb, həqiqəti əks etdirən qərarlar qəbul edir. Çünki Azərbaycan o strukturlara daxil olaraq öz arqumentlərini masanın üzərinə qoydu. O zaman bu problemlərlə dərindən maraqlanmayan dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini gördü. Bu gün dünyada ən bahalı sərvət məlumatdır. Tək məlumat olanda bir cür qərar qəbul olunur, geniş məlumat olanda başqa cür. O vaxt Azərbaycana qarşı informasiya blokadası olduğuna görə, qərarlar əleyhimizə qəbul edilirdi. İnformasiya blokadasını qırandan sonra isə obyektiv qərarlar qəbul edilməyə başlandı. Müxtəlif nümayəndə heyətləri gəlib, həm Azərbaycanın inkişafını, həm də sülhsevər siyasətini gördülər, qərarların mahiyyəti dəyişməyə başladı. Ona görə bizim Parlament Assambleyamız ölkəmizin siyasətini dünyaya çatdırmaq və həqiqətləri göstərmək baxımından böyük imkandır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.07.2017
Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər
21.07.2017
“Ermənistan hakimiyyəti bu cinayətə izahat verməyə tələsmir”
20.07.2017
ABŞ-da Ermənistanı ifşa edən daha bir kitabça nəşr olunub
19.07.2017
“Ermənistan təxribatlara son qoymalıdır”
18.07.2017
“Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Azərbaycan qanunları əsasında keçirilə bilər”

Şərh əlavə olunmayıb



    ,    
Nigar Abdullayeva
Elsevər Məmmədov
Ülvi Hüseynli
Mübariz Nuriyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6991

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 ADPU-da rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərdə tutan layihə uğurla başa çatdı
24.07 20:26 Ərikli keks
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info