Rusiya Ali Məhkəməsinin qərarı bu ölkənin bitərəf mövqeyinə kölgə salır
Tarix: 17.05.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir?

Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyəsi ilə seçilib. İki dövlət arasında siyasi-iqtisadi-hərbi-mədəni sahədə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edib və hər iki tərəfin maraqlarına cavab verib. Bu münasibətlərin inkişafı dövlətlər arasında əlaqələri strateji tərəfdaş səviyyəsinə yüksəldib. Qonşuları ilə qarşılıqlı maraqların təmin olunmasına əsaslanan dostluq münasibətləri quran Azərbaycan həmişə bu siyasətinə sadiq olub. Rəsmi Bakı regionda Rusiyanın strateji maraqlarını həmişə nəzərə alıb. Beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətləri qurulub və qarşılıqlı dəstək ruhu olub.
Azərbaycan həmişə qonşusunun maraqlarını nəzərə alaraq beynəlxalq arenada Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da davam etdirilir. Azərbaycanda rus dili və rus mədəniyyətinin qorunması və inkişafına hərtərəfli dəstək verilir, tədris rus dilində olan 350 məktəb fəaliyyət göstərir, 16 min tələbənin təhsil aldığı ali təhsil ocaqlarında tədris rus dilində aparılan fakültələr mövcuddur, rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir. Amma son günlər baş verən olaylar Rusiyadakı bəzi antiazərbaycan dairələrin fəallaşdığını göstərir. Rusiyanın dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Məlum olduğu kimi, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib. Bunun üçün göstərilən əsaslar tam subyektiv olmuş (məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”), hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”.


“Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür”

Elə bu məqam onu deməyə əsas verir ki, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışır. Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Konqres qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiya Federasiyasında Konqreslə yanaşı, müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya erməniləri İttifaqı fəaliyyət göstərməkdədir. ÜAK Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib. Digər tərəfdən Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq. Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir? Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür. Siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik olduğu qənaətinə gəlsək, bunun, heç şübhəsiz, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu məyusluq doğurur. Son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə, təbii ki, erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğunu görürük. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir
13.11.2019
Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
“Dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info