“Dünyada daha çox sayda insana Xocalı haqda məlumatı çatdırmaq lazımdır”
Tarix: 17.05.2017 | Saat: 21:15:00 | E-mail | Çapa göndər
Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 25 il ötür. Bununla bağlı mayın 17-də laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ümumrayon anma mərasimi keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər qəsəbədə ucaldılmış xatirə Abidə-Kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları Laçının təbiətini, tarixi abidələrini, işğaldan əvvəlki və sonrakı görüntülərini, laçınlı məcburi köçkünlərə dövlət qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Laçınlı məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, Laçın Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu - bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 ev talan və məhv edilib, 250-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib. İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 73.3 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər, ümumiyyətlə, ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

“Kifayət sayda imza toplanarsa, Xocalı soyqırımına dair məsələnin Dumada müzakirəsinə nail ola bilərik”
Qeyd edək ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan işğalçılıq siyasəti Rusiya tarixçilərinin də diqqət mərkəzindədir. Ötən gün rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan Xocalı soyqırımı petisiyası ilə bağlı keçirilən tədbir buna nümunədir. Tədbirdə çıxış edən rusiyalı tarixçi bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb: "Onlar bir iş görəndə, 40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir".
Onun rəyinə görə, sənəd Rusiya Dövlət Duması tərəfindən baxılması üçün ən azı 100 mindən çox imza toplamalıdır: “100 min imza Azərbaycan əhalisinin 1%-ni təşkil edir. Əgər kifayət sayda imza toplanarsa, o zaman Xocalı soyqırımına dair məsələnin Rusiya Dövlət Dumasında müzakirəsinə nail ola bilərik, bu da mühüm hadisədir. Dünyada daha çox sayda insanın bu faciə barədə məlumatı olması üçün bu zəruridir”.
“Vəzifəmiz Rusiya Dövlət Dumasında qərarın qəbul edilməsi deyil. Məqsədimiz soyqırımı olub və ya olmamasına dair parlament dinləmələrinə təşəbbüs etməkdir. Artıq o zaman hüquqi sübutlar hazırlanmalıdır”, - deyə o əlavə edib.
O. Kuznetsov bildirib ki, petisiyalar daha çox xarici ölkələrdən gəlir. O, imzaların az toplanmasının səbəblərinə də toxunub: “İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata almaq lazımdır.
Tarixçi bildirib ki, imzaların böyük hissəsi Lənkərandan gəlib. O, universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və Mingəçevirə gedəcəyini də bildirib.
Xatırladaq ki, O. Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırımı kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Serbiya Srebrenitsada, dünya birliyi isə Xocalıda soyqırımını etiraf etməlidir
Nəzərə çatdıraq ki, beynəlxalq təşkilatlar Xocalı soyqırımını “Azərbaycan Srebrenitsası” adlandırıblar. Bu arada Avropa Şurasının ekspertləri Serbiyanı 1995-ci ildə Srebrenitsada müsəlmanların kütləvi qətlə yetirilməsini soyqırımı kimi rəsmən tanımağa çağırıblar. Avropa Şurasının İrqçiliyə və Dözümsüzlük Əleyhinə Komissiyası məlumat verib ki, Serbiya parlamenti və prezidenti baş verənlərə görə üzr istəsə də, indiyədək beynəlxalq məhkəmələrin çıxardığı qərara müvafiq olaraq həmin hadisələri soyqırımı kimi qəbul etməyib.
1995-ci ilin iyul ayında - Bosniyada müharibənin başa çatmasına bir neçə ay qalmış - Bosniya-Serbiya birləşmələri 8000-dək müsəlmanı oğurlayıb və öldürüblər. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli hərbi cinayət hesab olunur.
Avropa Şurasının müvafiq komissiyası öz bəyanatında soyqırımında və “irqçilik zəminində digər hərbi cinayətlərdə” təqsirkarların tutulmasında və məsuliyyətə cəlb olunmasında irəliləyişin zəif olmasına görə təəssüfünü bildirib. Sənəddə vurğulanır ki, soyqırımı faktının tanınması və zorakılığın bütün hallarının şəffaf araşdırılması “müxtəlif etnik qruplardan olan insanların bundan sonra zorakılıq zəminində yeni cinayətlər dalğası qorxusu altında yaşamamaları üçün mütləq lazımdır”.
Serbiya Bosniyada müharibə qurtarandan sonra beynəlxalq ədliyyə orqanlarının fikirlərinə baxmayaraq, Srebrenitsada soyqırımı faktını rəsmən tanımaqdan imtina edir. Xatırladaq ki, Bosniyanın şaxtaçılar şəhərindəki soyqırımından 4 il əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı analoji qırğın törədib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?
13.10.2017
“Nə üçün AŞPA Ermənistana təzyiq etmək üçün heç bir addım atmır”
12.10.2017
“Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info