Həmsədrlərin bəyanatı ədalətsiz və qeyri-obyektiv yanaşmadır
Tarix: 19.05.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
XİN: “Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulub, ermənilərin mülki əhali və mülki obyektləri intensiv atəşə tutulması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilməyib”


ATƏT Minsk qrupunun həmsədrləri yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar. Sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir. “Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar”, - deyə həmsədrlərin birgə bəyanatında bildirilir. Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər. Qeyd edək ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Belə ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

“Həmsədrlər ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər"

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bundan başqa, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycan Silahlı Qüvvələrin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edib. H. Hacıyev bildirib ki, Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında standart bəyanatı simptomatik xarakter daşıyır. "Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxın Laçın sakini 25 ildir, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib. Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur. Həmçinin, həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu hər kəsə çox yaxşı məlumdur. Odur ki, Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü və Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan prezidenti tərəfindən inkar edilən gün bəyanatla çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər", - deyə H. Hacıyev qeyd edib. Qeyd edək ki, həmsədrlərin bəyanatı obyektiv yanaşma ortaya qoymayıb. Çünki həmin bəyanatda Laçının işğalı ilə bağlı heç bir kəlmə qeyd edilməyib. Üstəlik, işğalçı ölkənin başçısının parlamentdə çıxışı zamanı müzakirə olunan Madrid prinsiplərindən imtina etdiyini bildirməsi faktiki olaraq danışıqlara vurulan zərbədir. Sərkisyan həmsədrlər tərəfindən hazırlanan sənədə inkar etməklə danışıqlara qarış çıxdığını ortaya qoyduğu halda, ATƏT-in Minsk qrupunun həmsədrlərin yaydığı bəyanatda bu məqamlar yer almayıb. Onlar əsas vurğunu atəşkəsin pozulması ilə bağlı məqama ediblər. Amma atəşkəsi pozan tərəf də Ermənistan olub. Ön xəttə “Osa” qurğusunu çıxaran Azərbaycan yox, Ermənistan tərəfi olub. Yəni, bütün halda günahkar Ermənistan olduğu halda, bunların heç biri həmsədrlərin bəyanatında yer almayıb. Digər bir məqam Ermənistan tərəfinin yaydığı görüntülərlə bağlıdır. Xatırladaq ki, Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də rəsmi məlumat verilib. Mideonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi. Amma Ermənistanın dinc sakinləri atəşə tutması ilə bağlı məsələ bəyanatda yer almayıb. Bu arada onu da qeyd edək ki, ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb. “Trend”in məlumatına görə, senator Rusiyanın ATƏT üzvü olan Ermənistana “İskəndər-E” raket sistemlərinin təhvil verdiyini vurğulayıb. R.Uikerin fikrincə, bu amil ciddi narahatlıq doğurur, çünki bu cür silahların tədarükü vəziyyəti destabilizə edərək Avropada və Avrasiyada gərginliyin daha da artmasına səbəb olur. Öz növbəsində ABŞ dövlət katibinin keçmiş katibi Stivem Rademeyker qeyd edib ki, raket texnologiyaları üzərində beynəlxalq nəzarət rejimi mövcuddur. Onun sözlərinə görə, Rusiyanın “İsgəndər” sistemlərinin hansı versiyasını Ermənistana verdiyini bilmək vacibdir: “Əgər bu “İsgəndər-E” sistemidirsə, bu silahlanmaya nəzarət sazişinə uyğundur. Amma “İsgəndər-M” raket sistemlərinin tədarükü qəbuledilməzdir”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
Erməni işğalı AŞPA tribunasında ifşa edilib
22.05.2017
Ermənistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışına sərt reaksiya verilib
17.05.2017
“Dünyada daha çox sayda insana Xocalı haqda məlumatı çatdırmaq lazımdır”
16.05.2017
“İtaliyanın münaqişənin ədalətli həllinə səy göstərəcəyinə ümid edirik”
15.05.2017
Aydın Səfixanlı: “Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info