“Milli-mənəvi dəyərlərimizə nə qədər çox sahib çıxsaq, o qədər qüvvətliyik”
Tarix: 23.04.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Mehriban Xəlilzadə: “Mənim məqsədim unudulmaqda olan
qədim tikmə növlərinin yaşadılması və inkişaf etdirilməsidir”


Milli-mənəvi sərvətlərimizdən sayılan tikməçilik və digər xalq tətbiqi sənət növlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması dövlətin qarşıya qoyduğu məqsədlərdən biridir. Layihə çərçivəsində məşhur tikmə ustası, rəssam, bir çox beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısı Mehriban Xəlilzadə ilə görüşüb bu sənətin tarixini və incəliklərini öyrəndik. Xatırladaq ki, Mehriban xanım bu kimi incəsənət növlərinin təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədovanın qızıdır.
-Ananızın bu sənət sahəsində hansı rolu var?
- Tikməni o zamanlar yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Anam isə ilk dəfə bunu çərçivələrə alıb, rəssamlığın müxtəlif sahələrində tikmə ilə ilk nümunələr yaradıb və bunu geniş təbliğ edib. Anam təkalduz tikmənin həm bərpası, həm təbliği ilə məşğul idi, sonra biz daha da genişləndirdik, məxmərtəl tikməni də bərpa etdik. Əvvəllər yalnız kənar haşiyələrdə istifadə olunan bu tikmə ilə ilk əsərləri yaratdıq. Sonra Xalça Muzeyindən bizə müraciət olundu ki, güləbətin tikmə ilə işləyən ustaları tapa bilmirik. Bəlkə siz kömək edəsiniz. Biz də bacardığımızı etməyə çalışdıq, bəyəndilər.
- Sizin bu sənətə gəlməyiniz necə olub?
- Mən rəssam ailəsində doğulmuşam. Çox kiçik yaşlarımdan anamın şagirdlərlə məşğul olduğunun şahidi olsam da, onların arasında oturmağa icazə ala bilmirdim. Düzü, onları bir az qısqanırdım. Anam bütün günü uşaqların əhatəsində olurdu, gündüz məktəbdə, sonra işdə, dərnəklərdə, axşam isə qonşu tələbə qızlarla. Həmişə mənə deyərdi: “Sən evdə yanımdasan, qoy qızlar işləsinlər, mane olma”. Çoxsaylı tələbələr arasında məndən balaca, mənimlə həmyaşıd və məndən böyük uşaqlar var idi. Bəzən kəndlərə dərsə gedib qız-gəlinlər üçün qısamüddətli kurslar təşkil edirdi. Onların yaşı çox idi. İndi arasında nənə olanlar belə var.
Atam da rəssam idi. Mən də çoxsaylı tələbələrindən biri olmuşam, bu mühitdə nəfəs almışam, böyümüşəm. Onlarla birlikdə sərgilərin iştirakçısı olmuşam. 1995-ci ildə Şəkidən Bakıya köçdük. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. Mənim əsərlərim artıq 1986-cı ildən sərgilərdə nümayiş etdirilirdi. O dövrdə qarşımızda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anama yol yoldaşı olmağa çalışmışam. Bu illər ərzində aktiv işlədiyim dövrlər olsa da, bir neçə il fasilə də verməli olmuşam. Müxtəlif tikmə növlərinin bərpası və yaşadılması üçün əlimdən gələn hər şeyi edirəm. Muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, kəsmə, sanama, güləbətin, təkalduz, məxmərtəl kimi tikmələrimizin həm bərpası, həm təbliği, həm də inkişaf etdirilməsi ilə məşğulam. Bu tikmələrlə müxtəlif janrlara müraciət etmişəm. Portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyalarında əsərlər yaratmışam. Naxış kompozisiyaları daha ecazkar xüsusiyyətə malikdir. Bir çox xarici ölkələrdəki sərgi və festivallara dəvət almışam. Respublika və şəhər əhəmiyyətli sərgilərdə iştirak etmişəm. 2003-cü ildən Rəssamlar İttifaqının rəsmi üzvüyəm.
Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzin sərgilərində dəfələrlə ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş sərgidə fəxri fərmanlarla, Mədəniyyət və Turizm Nazirliyinin Milli kulinariya mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq festivalda diplomla, Azərbaycan xalçası və xalq tətbiqi sənəti muzeyinin Lətif Kərimovun 103 illiyinə həsr olunmuş sərgisində mükafatlandırılmışam. Beynəlxalq İqtisadi Əməkdaşlıq Forumunun təşkil etdiyi festivalda İrandan dəvət almışam və orada 13 dövlət arasında əvvəlcədən nəzərdə tutulmasa da, işlərimizin gözəlliyinə heyran qalan münsiflər heyətinin diplomuna layiq görülmüşəm və bu diplomla da Pakistan, Hindistan Orta Asiya ölkələrinin arasında ən gözəl tikmə mədəniyyətinə sahib olduğumuzun təsdiq edilməsinə nail olmuşam. Bunlardan başqa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi çoxsaylı sərgilərdə fəal iştirak etmiş və mükafatlandırılmışam. Mənim məqsədim unudulmaqda olan qədim tikmə növlərinin yaşadılması və inkişaf etdirilməsidir. Tikmələrin texnikasında yeniliklər edirəm, rəssamlığı, heykəltəraşlığı və xalçaçılığı bir tikmədə birləşdirməklə daha gözəl əsərlər yaratmağa çalışıram. Tikmə prosesinin daha dəqiq olması üçün alətləri təkmilləşdirirəm. Tikmələrin tarixi adlarının bərpası, texnikasının bərpası və inkişafının təmin edilməsi ən vacib məsələlərdir.
- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Mənim fikrimcə, mədəniyyəti və elm qədər əhəmiyyətlidir. Ona görə də milli-mənəvi dəyərlərimizə nə qədər çox sahib çıxa bilsək, o qədər qüvvətliyik. Həmişə ayıq olan düşmənlərimizin bütün dəyərlərimizə sahib çıxmaq istəyinə qarşı aktiv mübarizə aparmaq üçün bu laqeydlikdən qurtulmaq və milli-mənəvi dəyərlərin hamısının tam mənada dəyərləndirilməsinə əhəmiyyət vermək vacibdir. Bu diqqəti sənətkarlığın bütün sahələri hiss edərsə, dəyərlərimizin dünyaya düzgün çatdırılmasına nail ola bilərik. Əlbəttə, son zamanlarda musiqimizə, xalçalarımıza, xalq çalğı alətlərimizdən olan tara göstərilən qayğı nəticəsində nisbətən bu vəziyyət aradan qaldırılıb. Lakin digər sənət sahələri hələ də diqqətə və qayğıya ehtiyac duyur. Beynəlxalq layihələrdə sənətkarlarımızın birbaşa iştirakını təmin etmək də mədəniyyətimizin zənginləşməsinə güclü təsir göstərə biləcək amillərdəndir. Bu həm onların dünyagörüşünün inkişafına, həm də qarşılıqlı təcrübə mübadiləsinə və nəticə etibarı ilə bizim yerli sənətkarlıq nümunələrinin keyfiyyətinə birbaşa təsir göstərəcək məsələdir. Necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır. Bizim yerli sənətkarların sərgilərinin, tanıtımlarının xarici ölkələrdə tez-tez keçirilməsi ölkəmizə turist cəlb etmək işində də faydalı ola bilər. Xüsusilə Avropa istiqamətli tanıtımların tez-tez keçirilməsi Azərbaycanımızın “sənətkar diyarı” kimi şöhrətini özünə qaytarmağa xidmət etmiş olar. Sürətlə qloballaşan dünyamızda bu tanıtım işində yol verilən ləngimələr bu adın başqaları tərəfindən mənimsənilməsinə səbəb ola bilər. Lazım gələrsə, sənətkarlarla xüsusi kurslar keçirilərək bu işin effektli olmasını təmin etmək mümkündür. Sənətkarlığımızın üstün olmasına baxmayaraq, tanıtım işinin zəifliyi hələlik Azərbaycanımızın “sənətkarlar diyarı” adını əldən verməsinə səbəb olur. Bu isə o deməkdir ki, biz öz xəzinəmizdən düzgün istifadə edə bilmirik. Biz bu mənəvi kapitalımızı maddi kapitala çevirərək dövlətimizə də xeyir verə bilərik.
- Siz incəsənətin hansı növləri ilə məşğulsunuz?
- Mən tikmələrimizin qədim tarixinin öyrənilməsi, tarixi adlarının bərpasına çox diqqət edirəm. Baxın, məsələn, tikmələrimizdən bəzilərinin adını bərpa etmək üçün elmi işçilərə, kitabxanalara, muzeylərə müraciət etmişik. Bu barədə dəqiq məlumata rast gəlmək çox çətindir. Demək olar ki, mümkünsüz kimidir. Çünki hətta muzeydə saxlanılan tikmə nümunələrinin üzərində işlənmə texnikası haqda heç bir məlumat saxlanılmır. Tikmə texnikasına görə “xovlu” adı ilə işlənən tikmənin qədim adının “məxmərtəl” olduğunu aydınlaşdırdıq. Təkalduz tikmənin adını isə hələ də səhv olaraq yazır və tələffüz edirlər. Bu sahədə az məlumatlı insanların dediyi kimi “təkəlduz” deyil. Çünki nə qədər professional olmağınızdan asılı olmayaraq heç bir şəkildə tək əllə işlənə bilməz. Güləbətin tikməni işləyən ustaların yoxluğu bir yana qalsın, lazım olan materialların tapılması belə çətindir. Sanama tikməni isə səhvən krest tikmə adıyla tanıyırıq. Bu məsələləri araşdırdım və mümkün olan bütün tədbirlərdə çıxış edərək bunların heç olmasa, sənətkarlara, ya da sənətşünaslara çatdırılmasına nail oldum. Bundan başqa, tikmələrimizin tarixinin öyrənilməsi də çox maraqlı məsələdir. Qədimliyinə görə Azərbaycanda etimoloji adları da maraqlıdır. Fikir versəniz, görərsiniz ki, tikmə ilə aktiv məşğul olan Pakistan, Hindistan kimi Asiya ölkələrində tikmələrin xüsusi adları yoxdur. Məsələn, İranda əşyanın adına, yaxud formasına “duz” şəkilçisi artırılaraq (“duz” isə “tikmək” deməkdir) ad verilib. Yalnız Azərbaycanda hər texnikaya görə xüsusi adlar mövcuddur. Bu isə onu göstərir ki, Azərbaycanda tikmələr çox qədim tarixə malikdir. Etimoloji olaraq gəlmə deyillər. Arxeoloji qazıntılardan tapılan qədim tikməli parça nümunələri isə bunu bir daha sübut edir. Yalnız öyrənməklə qalmıram, tikmələri işləyib, gözəl nümunələr də yaradıram. Eyni zamanda texnikasını da təkmilləşdirməklə məşğulam. Tikmə texnikasının təkmilləşməsi yeni cərəyanların və daha zərif tikmə nümunələrinin yaranmasına səbəb olur.
-Siz əsasən nə ilə işləməyə üstünlük verirsiniz?
- Sapla işləməyi sevirəm. Amma muncuqla da işlərim var. Sap daha keyfiyyətlidir. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlb edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən, ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da olur, digər qarışıqları da. Atlas parça üzərində xovlu tikmə işləyirəm, yun parça üzərində isə təkalduz tikməni.
Xovlu tikmə tərs üzdən işlənilir, tərs üzdən çəkilir və tikilir. Təkalduz isə düz üzdən işlənilir, saxnaq və ya sağanaq dediyimiz alətdə-bir-birinə keçirilən taxta dairələrdə işlənilir, qarmağa bənzər iynə ilə tikilir. Xovlu tikmənin iynəsi də fərqlidir, sapı da.
Onu da deyim ki, mən orta məktəbin 8-ci sinfində oxuyarkən tikmələr tikə-tikə bu qədim sənətə öz yeniliklərimi gətirmişəm. Məsələn, əlinizi parçanın üzərində gəzdirsəniz, “mərtəbə”ləri hiss edəcəksiniz. Bu, “relyefli tikmə” adlanır. Həmin əsərlər ilk dəfə olaraq qrafikanın tikmədə tətbiqidir. Heç bir ölkənin tikməsində belə bir şey yoxdur.
- Ayrı-ayrı incəsənət növlərini gənc nəslə öyrədirsinizmi?
- Ustadım anam, Arifə xanım Məmmədova olub. Öyrətmək deyincə, ilk öncə hamı kimi mənim də yadıma müəllimim düşür. Sənətin bütün sirlərini, texnika və incəliklərini yalnız öyrətməklə qalmayıb, həm də bu sənəti sevdirib. Bir çox tələbələrinə etdiyi kimi, mənim də yaradıcılığıma stimul verib. Məşhur rəssam Renuar öz xatirələrində yazırdı: “Biz gözəl mənzərə qarşısında deyil, gözəl əsər qarşısında rəssam olacağımıza qərar veririk”. Düşünürəm ki, yaxşı ustadın yaradıcılığını izləmək özü bir məktəbdir. Mənim ustadımın sənətdə açdığı cığırda addımlamağa çalışan hər kəsə onun güclü təsiri aydın görünür. Bu, ilk növbədə, onun yaradıcılıq stereotiplərinin onların da əsərlərindəki təzahüründə gözə çarpır. Həm işləmə texnikalarındakı xüsusiyyətlər, həm də mövzu seçimləri onun ardıcıllarının çox olduğunun bariz nümunəsidir.
- Ümumiyyətlə, gənc nəslin bu sahəyə marağı necədir?
- Həvəslənib maraqlanan tək-tək insanlara, qonşularıma və dostlarıma bəzi işləmə üsulları və texnikası haqqında məlumat vermişəm, həmçinin öyrətmişəm. Maddi marağın olmaması, işin perspektivinin olmaması üzündən qısa müddətdən sonra tərk edirlər. Bu isə onların hələ tam yetişməmiş sənətdən uzaqlaşaraq digər daha gəlirli sahəni seçmələrinə səbəb olur. Hələ heç formalaşmamış bu yarımçıq həvəskarlar bəzi hallarda zaman-zaman sənəti nə vaxtsa öyrəndiklərini yada salsalar da, formalaşmamış sənətkarlıqları ilə həqiqi sənətə kölgə salırlar. Buna görə də yarımçıq sənətkarlar ordusu yaratmaqdansa, həqiqi sənətlə məşğul olmağı daha üstün tuturam.
- Məktəblərdə bu sənətin təbliği yetərincədirmi?
- Ümumiyyətlə, mən belə hesab edirəm ki, ilk növbədə, milli-mənəvi dəyərlərə maraq məktəbdən başlanmalıdır. Ancaq bu, məcburi şəkildə olmamalıdır. Uşaqlara milli dəyər kəsb edən hər şeyə qayğı ilə yanaşmağı öyrətmək lazımdır. Bu isə milli zövqün formalaşdırılması yolu ilə mümkündür. Milli zövq isə musiqimizi sevgi ilə dinləməklə, geyimlərimizin gözəlliyinə heyran olmaqla, xalçalarımızın sirlərini dərk etməklə, tikmələrimizin gözəlliyini duymaqla mümkündür. Məktəbdə bu cür tərbiyə verilərsə, milli-mənəvi dəyərlərimizi heç bir təhlükə gözləməz. Rəsm dərslərinə lazımsız fənn kimi baxmaqla səhv edirik. Bəlkə yaxşı mühəndis ola bilməyəcək uşaqlarımızda rəssamlıq qabiliyyətini məhv edirik. Ona görə də tikmə və başqa xalq tətbiqi sahələrinin təbliği rəsm edə bilmək qabiliyyətindən başlamalıdır. Məktəbin rolu çox böyükdür. Arifə xanımın da tələbələrinin çox hissəsi o zaman məktəblilər idi.
- Bu işlərin təbliği üçün sərgilər keçirirsinizmi?
- Sərgi keçirmək indiki zamanda bir az mürəkkəb məsələdir. Maliyyə imkanları imkan verdikcə sərgilərin olması çox yaxşı stimulverici qüvvədir. Lakin müasir cəmiyyətdə təbliğatın digər sahələrindən də istifadə edirəm. Dəfələrlə qəzet və jurnallara müsahibə vermişəm, təkcə keçən il 20-yə yaxın müsahibə vermişəm, bundan başqa televiziya verilişlərinə dəvət alıram, iştirak edib daha geniş kütləyə çatdırmağa çalışıram. Çox sağ olsunlar, jurnalist həmkarlarınız diqqətdən kənarda qoymurlar, ancaq könül istər ki, daha çox olsun... Yenə də minnətdaram hamınıza. Qeyd edim ki, dostlarımız arasında sizin qəzetin oxucuları da varmış. Daha geniş əhatə dairəsi olan internet şəbəkəsindən də təbliğat üçün istifadə etməyə çalışıram. Bunda da məqsəd qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
- Xaricdə necə, təbliğ edə bilirsinizmi?
- Aldığım bütün dəvətləri dəyərləndirməyə çalışıram. Bu məndən çox da asılı deyil. İştirak etdiyim bütün səfərlərdə mümkün olan, bəzən də mümkün olmayan ən yüksək mükafatlarla Vətənə dönmüşəm. İqtisadi Əməkdaşlıq Forumunun festivalını nəzərdə tuturam. Belə dəvətlərin olması həmişə tərəfimizdən yüksək dəyərləndirilib və ölkəmizi yüksək səviyyədə təmsil etməyə çalışmışıq.
- Bəs bu əl işlərinin satışını təşkil edə bilirsinizmi?
- Əl işlərinin satışını təşkil etmək problemə çevrilib. Çünki emalatxanam yoxdur və buna görə də ev şəraitində və gecələr işləyirəm. Ölkəmizə gələn turistlərə xaricdən gətirilmiş miniatür hədiyyələri göstərməkdən və satmaqdansa, tikmələrimizi və ya başqa xalq tətbiqi sənət nümunələrini təqdim etmək daha gözəl olardı.
- Sizcə, milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?
- Müasir Azərbaycan incəsənəti ilə maraqlanan hər bir insan istər əcnəbi olsun, istərsə də yerli bizim vətənimizin mədəniyyəti ilə tanış olarkən yerli sənətkarlara və sənətkarların sənət nümunələrinə heç də asanlıqla rast gələ bilməz. Əgər xüsusi bir araşdırma aparmaq istəsə belə, yerli müasir xalq tətbiqi sənətkarlarını tapmaq, hələ paytaxtımızda heç mümkün deyil. Sənətkarlıq emalatxanalarının bir ərazidə yerləşdirilərək nümayişkaranə şəkildə olsa belə, qayğı göstərilməsinə ehtiyac var. Rayonlarımızda yerli sənətkarlara yaradılan şərait paytaxtımızla müqayisədə nisbətən yaxşı hesab edilsə də, oradakı nəzarətsizlik səbəbindən də qüsurlar ortaya çıxıb. Əlbəttə, bu qüsurları görməməzlikdən də gəlmək olar, çünki bu heç nədən yaxşıdır. Lakin bu vəziyyətin uzun müddət davam etməsi oradakı sənətkarların da cılızlaşmasına və bir müddətdən sonra sadəcə bir (əgər bu gün baş verməyibsə) ticarətçilərə çevrilməsinə səbəb olacaq. Müasir incəsənət muzeylərində xalq tətbiqi sənətinin hər bir növünün təmsil olunması arzuolunandır. Əlbəttə, son zamanlarda xalçalarımıza qarşı göstərilən qayğı nəticəsində onlara qarşı bu ədalətsiz vəziyyət aradan qaldırılıb. Sənətdə müəyyən uğura imza atmış sənətkarların digər sənət sahələrində olduğu kimi mükafatlandırılması vacibdir. Bu, həm xalqın gözündə xalq tətbiqi sənətkarlarının və sənətkarlığın dəyərinin ucaldılması olar, həm də gənclərə bu yolda addımlamağa bir stimul verər.
Elmi-tədqiqat müəssisələrinin qapıları sənətkarların üzünə sonuna qədər açılmalıdır ki, bildikləri dəyərli bilgiləri nəsillərə ötürə bilsinlər. Hətta bu işdə lazım gələrsə, sənətşünaslar da onlara elmi məsələlərdə yardım etməlidirlər. Hər sənətkarın fəaliyyəti ayrıca olaraq izlənməli, araşdırılmalı və tədqiqat obyekti olmalıdır. Elmi işlərə görə sənətşünaslarla yanaşı, həm də sənət incilərini yaradan sənətkarlar da elmi dərəcələr amalıdırlar. Çünki əsl sənət incisi yaratmaq üçün bir çox elmlərdən agah olmaq, çox öyrənib, öz üzərində uzun illər işləmək lazımdır. Bir də hərracların keçirilməsi milli-mənəvi dəyərlərin inkişafının sürətlənməsinə birbaşa təsir edə bilər. Muzeylərə işlər alınarkən xalq tətbiqi sənətinin müasir nümunələrinin də alınması və gələcək nəsillər üçün saxlanılmasına ehtiyac var.
- Gələcəkdə hansı planlarınız var?
- Mənim gələcəyə baxışım çox optimistdir. Düşünürəm ki, inkişaf edən Azərbaycanımız üçün hərəmiz əlimizdən gələn hər şeyi öz sahəmiz üzrə etməliyik. Mən də bacardığım sahədə bütün yenilikləri ancaq inkişafa yönəldərək yeni əsərlər yaratmağa çalışıram. Yeniliklərin tətbiqi ilə yaradılmış ən gözəl nümunələrin nümayiş etdirilməsi və təbliğinin də bacardığımız qədər geniş kütləyə çatdırılmasına çalışıram. Sərgilərdə iştirak edirəm. Miniatür nümunələrinin yaradılmasını daha vacib hesab etdiyim üçün belə nəfis nümunələr yaratmaq arzusundayam. Bir neçə belə əsərlərim var, ancaq bunu daha da genişləndirmək istəyirəm. Kiçik yaşlı uşaqlarda sənətə marağın yaradılması üçün rəsm dərsi verirəm. Deyim ki, onlar arasında da çox istedadlı uşaqlar var. Onların gələcəkdə sənətkar olmasını könül istər, ancaq əminəm ki, əgər sənətkar olmayacaqlarsa da, sənəti mütləq sevəcəklər.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info