“Sürətli dinamik iqtisadi inkişaf peşə təhsili üzrə kadrlara böyük tələbat yaradır”
Tarix: 07.06.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Nazir: “Yeni layihə peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcək”
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Peşə təhsilinin iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətini qeyd edən təhsil naziri bu sahənin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib.
Peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsinin, peşə təhsili və təlimi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsinin layihənin əsas hədəflərinin olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Təhsil naziri bildirib ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən iki peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Mikayıl Cabbarov şəffaflığın təmin edilməsi məqsədilə ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncədə yerləşən ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN Xidmət” mərkəzləri tərəfindən aparıldığını və 2017-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O deyib ki, Mənzil İnşaat Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən bu ildən Tikinti və quraşdırma üzrə Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən “Gilan holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
Konfransda Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından danışıb və son illərdə bu sahəyə diqqətin artırıldığını vurğulayıb.
İ.Həbibbəyli bildirib ki, bu gün Azərbaycanda sürətli dinamik iqtisadi inkişaf əmək bazarında ixtisaslı mütəxəssislərə, peşə təhsili üzrə kadrlara böyük tələbat yaradır. Dövlətimizin başçısını rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq prosesləri peşə təhsilinin tamamilə yenidən qurulmasına və bu istiqamətdə ixtisaslı mütəxəssislərin hazırlanmasına zəmin yaradır.
Komitə sədri bildirib ki, Təhsil Nazirliyi tərəfindən ölkəmizdə bu sahədə bir sıra islahatlar həyata keçirilib. O, Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti nəticəsində paytaxtda və regionlardakı peşə təhsili məktəblərinin bərpa və təmir olunması, yeni peşə təhsili müəssisələri yaradılması, burada çalışacaq müəllimlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Akademik İ.Həbibbəyli deyib: “Qeyd olunan proseslər ölkədə bu sahədə qanunvericilik bazasının da formalaşmasını ciddi zəruri tələb kimi ortaya qoyur. Bir neçə aydır elm və təhsil komitəsi Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə peşə təhsili haqqında qanun layihəsi üzərində çalışır. İlk növbədə, ölkəmizin prioritetləri, reallıqları öyrənilir və eyni zamanda, pedaqoji metodiki ədəbiyyatın öyrənilməsi istiqamətində geniş işlər aparılır. Həmçinin bu sahədə görülən işlər içərisində dünya təcrübəsinin və Qərb modelinin öyrənilməsi də vacib amillərdəndir”.
Avropa Komissiyasının Şərq Tərəfdaşlığı regionu məsələləri üzrə direktoru Laurens Meredit əsas diqqəti gənclərin inkişafına yönəltməklə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən bəhs edib: “Azərbaycanla strateji tərəfdaşlıq Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Azərbaycanın xarici ticarət dövriyyəsinin 50%-ni Avropa İttifaqı ilə əlaqələr təşkil edir. Avropa İttifaqı eyni zamanda Azərbaycanın ən böyük investorudur və 7 milyard birbaşa investisiyamız var. Sabah Bakıda keçiriləcək Avropa İttifaqı -Azərbaycan biznes forumunda iştirak edəcəyəm. Bunun mühüm tərəfi ondan ibarətdir ki, Avropa İttifaqı biznesi ilə Azərbaycanın biznesi bir araya gətirilir. Azərbaycanın cəhdlərinə dəstək veririk ki, öz iqtisadiyyatını gücləndirsin və diversifikasiya etsin”. L. Mereditin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin müzakirəsi bir daha göstərir ki, hər iki tərəf münasibətlərin dərinləşməsini gözləyir: “Azərbaycan iqtisadiyyatının müasirləşməsi bizim marağımızdadır”.

“Tezliklə Aİ Azərbaycanla 2020-ci ilədək ortamüddətli prioritetlərə dair razılığa gələcək”

“Hazırda Azərbaycanla Avropa İttifaqı arasında gələcək tərəfdaşlıq prioritetləri üzərində iş görülür. Bir neçə həftə və ya ay ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında 2020-ci ilədək ortamüddətli prioritetlərlə bağlı razılıq əldə olunacaq”.
Onun sözlərinə görə, bu münasibətlərdə təhsil, xüsusilə peşə təhsili əsas prioritet rol oynayır. L. Meredit qeyd edib ki, Azərbaycan iqtisadi islahatlar aparır və bu da kiçik-orta sahibkarlığın inkişafını labüd edir: “Bütün bu xidmətlərin, cəhdlərin nəticəsində çox vacibdir ki, Azərbaycan müxtəlif bacarıqlar əsaslı cəmiyyət yaratsın. Hazırda Azərbaycanın 70% işçi qüvvəsi özünə və yaxud ailə biznesində işləyir. Böyük hissə kənd təsərrüfatı və ailə tərəfindən idarə olunan şirkətlərdə çalışır”.
O bildirib ki, peşə təhsili bacarıqlarının inkişaf etdirilməsi üçün Avropa İttifaqı artıq Təhsil Nazirliyi ilə yaxından tərəfdaşlıq edir: “Azərbaycanın təhsil sisteminin Avropa təcrübəsindən yararlanması, öyrənməsi Avropa İttifaqı ilə mövcud olan müxtəlif modellərin öyrənilməsinə gətirib çıxarır. Bizim də təbii ki, zəif və güclü tərəflərimiz var. Bilirəm ki, Avropa İttifaqında olan Tvininq layihəsinin fəal istifadəçisisiniz. Bu bir daha Azərbaycan və Avropa İttifaqı əməkdaşlığının nə dərəcədə vacib olduğunu göstərir. Üzv dövlətlərin təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq”.
L. Meredit qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji partnyorluğun Şərq Tərəfdaşlığı çərçivəsindən də yüksək qiymətləndirilməlidir. O, yalnız Avropa İttifaqının deyil, eyni zamanda Şərq Tərəfdaşlığı regionu məsələləri ilə də məşğul olduğunu deyib. “Bu sahədə vacib bir sammit noyabr ayında Brüsseldə keçiriləcək. Sammitdə Şərq Tərəfdaşlığının 6 ölkəsi və Avropa İttifaqının 28 ölkəsi 4 əsas prioritetə diqqət yetirəcək. Biz görəcəyik ki, peşə təhsili bu sahələrdə uğurun əsas tərkib hissəsidir. İqtisadi inkişaf və bazar imkanları bunun mühüm tərkib hissələrindən biridir. Eyni zamanda, institutların idarəçiliyi və institusional gücləndirilməsi çox vacibdir. Müxtəlif dövlət qurumları peşə təhsilinin həyata keçirilməsində mühüm rol oynamalıdır”.

Malena Mard: “Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək”

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil etdiyi qurumun Azərbaycan üzrə nəzərdə tutulan planlarından söhbət açıb. Bildirilib ki, cari ilin iyulundan Avropa İttifaqı ilə Azərbaycan arasında dörd yeni qrant layihəsinə başlanılacaq. Layihələr fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Qeyd olunub ki, peşə təhsilinin və təliminin inkişafı hazırda Azərbaycanda gedən iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir. Yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına yönəlib, eyni zamanda, Avropa İttifaqının ölkəmizə dəstəyini özündə ehtiva edir.
Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq Brüssel üçün mühüm rol oynayır. M. Mard qeyd edib ki, peşə təhsilinin və təliminin inkişafı iqtisadiyyatın diversifikasiyasının, hazırda Azərbaycanda gedən iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir: “Bu sistem bazara təkrar və yeni daxil olanlar üçün imkanları genişləndirir. Peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi düzgün istiqamətdə aparılmalıdır. Bununla bağlı Avropa İttifaqı böyük bir təcrübəyə malikdir. Peşə təhsilində yaxşı, keyfiyyətli müəllimlər, infrastruktur, təlimatçılar olmalıdır. Bundan başqa bazarın tələblərinə cavab verən düzgün məzmun, kurikulum, proqram lazımdır. Bu da təlim materiallarının vacibliyini təmin edir və təhsil prosesinə dəstək göstərir. Bunlar elə bir dildə olmalıdır ki, tələbələr tərəfindən asanlıqla başa düşülsün, tətbiq oluna bilsin”.
M. Mard əlavə edib ki, peşə təhsili sonradan məşğulluğa gətirib çıxarmalıdır. Onun fikrincə, yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına yönəlib, eyni zamanda Avropa İttifaqının Azərbaycana dəstəyini özündə ehtiva edir: “Ümidvarıq ki, Azərbaycanda gedən islahatları gələcəkdə də dəstəkləyəcəyik. Biz təhsil istiqamətində daha geniş şəkildə işləyirik. Bu gün təqdimatı keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə bir daha onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə nə qədər önəm verir. Ali təhsil alt sektorlarının Avropa İttifaqının ən yaxşı təcrübə ilə uyğunlaşdırılması, tədqiqat və inkişaf qarşıda duran layihələrdən yalnız bir neçəsidir”.
Layihənin rəhbəri Herman Sonneveld isə layihənin məqsədi, planlaşdıma barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info