“Beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik“
Tarix: 19.06.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.
Kursun sonuncu günü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)) mövzusunda mühazirə deyib. O qeyd edib ki, ermənilər tərəfindən 1988-1994-cü illərdə 373 terror aktı törədilib. Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyində olan şəxslərin hamısı Azərbaycan ərazilərinin işğalında iştirak edib: "Ümumiyyətlə, ermənilər işğalla yanaşı, ideoloji müharibə də aparıb, tarixən azərbaycanlılar haqqında mənfi imic formalaşdırmağa çalışıblar".
Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan dövlətinin siyasəti" mövzusunda çıxış edib.
Ə. Həsənov bildirib ki, mərkəz tərəfindən həyata keçirilən seminarların əsas məqsədi Azərbaycan mediasında çalışan jurnalistləri ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin bütün detalları ilə tanış etməkdir: "Məqsəd ondan ibarətdir ki, jurnalistlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini daha dərindən bilsinlər".
Prezidentin köməkçisi qeyd edib ki, erməni faktoru böyük imperiyaların əlində hər zaman siyasi alət, silah olub, onlar bu silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, öz geosiyasi hədəflərinə çatmaq üçün istifadə ediblər: "Çox təəssüf ki, onların istifadə etdiyi bu silah və onun acı nəticələri Azərbaycan xalqının fəlakətə düçar olması ilə nəticələnib".
Ə. Həsənov bildirib ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılır: "Dünyanın elə bir regionu yoxdur ki, biz ora Dağlıq Qarabağ həqiqətlərini, münaqişənin təfsilatını, o cümlədən 200 ildən artıqdır, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsas məsələlərini çatdırmayaq. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyası həyata keçirib. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Bu baxımdan ilk növbədə İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm. Bu təşkilat demək olar ki, bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğal olunduğu faktını qeyd edib və ermənilərin Azərbaycan torpaqlarından tezliklə çəkilməsini tələb edib. Qoşulmama Hərəkatı da birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlü çərçivəsində dəstəkləyib. Avropa Şurası, ATƏT, Avropa Parlamenti, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, ermənilərin torpaqlarımızdan çıxarılmasını qeyd edib.
Bilirsiniz ki, 1992-ci ildə işğal baş verərkən həmin ildən 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır. Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı vəziyyətində hələ ki, ermənilərə işğal etdikləri torpaqlardan geri çəkilmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilat və ölkə yoxdur".
Prezidentin köməkçisi Azərbaycanın Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan dostları olduğunu da xatırladıb: "Onlardan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkmək olar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara mövqeyimizi qəbul etdirə bilmişik. Dünyanın bir çox dövləti, çoxsaylı vilayətlər, ştatlar, başqa hüquqi qurumlar Xocalı soyqırımını tanıyıb. Biz bu siyasətimizi davam etdirəcəyik. O vaxta kimi davam etdirəcəyik ki, ermənilər qeyri-konstruktiv mövqelərindən əl çəkməyəcək, işğal siyasətindən imtina etməyəcək, Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəklər. Yalnız işğal altında olan torpaqlar azad olunandan, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıdandan, münaqişə bölgəsində tam sülh, sabitlik yaranandan sonra biz Ermənistanla münasibətlər qura bilərik. Hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, bütün bölgə və dünya dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu tərəfdaşlıq münasibətlərindən istifadə edib, dövlətimizi inkişaf etdiririk".
Sonra kurs iştirakçılarına sertifikatlar və Dağlıq Qarabağ münaqişəsinə aid kitablar təqdim edilib.

“Ermənistanın cəbhədəki son təxribatlarını da qeyri-konstruktiv mövqe kimi dəyərləndiririk”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe dünya ictimaiyyətinə, həmçinin BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına və bu məsələ ilə məşğul olan digər qurumlara çatdırılıb. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalıdır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır”. Bu fikirləri jurnalistlərə müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib. Əli Həsənov deyib: “Əlbəttə, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini anlayırıq. Ancaq əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Amma biz, eyni zamanda, konstruktiv sülhə nail olmağa hazırıq”.
Prezidentin köməkçisi vurğulayıb ki, həmsədrlərin Azərbaycana səfərləri vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir. Hesab edirik ki, istər ikitərəfli formatda, istər həmsədrlərin iştirakı ilə keçirilən görüşlər, istərsə də dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərinin əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, Dağlıq Qarabağın və işğal altında olan digər torpaqların Azərbaycan Ordusu tərəfindən azad olunması faktı qaçılmazdır.
Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib. Onlar indiyə qədər bu siyasətə heç zaman ara verməyiblər. Sadəcə olaraq, müəyyən məqamlarda bir qədər geri çəkiliblər, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar. Bütövlükdə biz 1990-cı illərdən başlayaraq bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmdə səylərin artdığı zamanda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə və beynəlxalq aləmdə antiazərbaycan mövqelərini bu fonda gizlətməyə çalışırlar. Digər tərəfdən də ölkə daxilində əhalinin Ermənistan hakimiyyətinə, iradəsiz rejimə olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz bu təxribatları da əvvəlki təxribatlar kimi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk.

“Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib ki, Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur: “Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir". Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib: "Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bunu yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info