Sona Vəliyeva: “Bizim milli yaddaşımız itməməlidir”
Tarix: 10.07.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər
“Belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir”

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, mərhum polkovnik Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum ediblər” kitablarının təqdimatı keçirildi.
"Kaspi” qəzetinin təşkilatçılığı və Kaspi Təhsil Şirkətinin dəstəyi ilə rus dilindən tərcümə edilərək çap olunan kitablarda ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi kökləri açıq-aydın qeyd edilib. Hər iki kitab respublikamızın arxivlərində saxlanan sənədlər əsasında hazırlanıb. Nəşrlərdə 300 mindən çox Azərbaycan vətəndaşının repressiyaya məruz qalması, onlardan güllələnənlərin 29 mininin, bəzi mənbələrə görə 75 mininin ziyalı olduğu yazılıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək kitabların əhəmiyyətindən danışdı və bildirdi ki, arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Xalq Daxili İşlər Komissarlığının (XDİK) Orbelyan soyadlı əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.
Mətbuat Şurasının sədri vurğuladı ki, “Onları Vətəndən məhrum ediblər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva bildirdi ki, bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, ona qarşı aparılan təcavüzkar siyasətin bir hissəsidir. Bu, unudulmaz tarixdir, bu tarixə laqeyd yanaşmaq olmaz. Zaman-zaman xalqımızın başına gətirilən müsibətləri, qırğınları, sürgünləri tarixi faktların dili ilə oxucuya çatdıran Sadiq Zeynaloğlu haqlı olaraq yazır ki, bu hadisələrin birbaşa təşkilatçıları ermənilər olub.
Hər iki kitabın tariximizin öyrənilməsinə, faciələrimizin unudulmamasına xidmət etdiyini söyləyən Sona Vəliyeva bildirdi ki, belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir: “Kitab arxiv sənədləri əsasında yazılıb və heç bir qərəzdən, təhrifdən söz gedə bilməz. Nəşrlərdə bəhs olunan faktlar son 200 ildə davam edən, indinin özündə də ardı-arası kəsilməyən belə hadisələr, ermənilərin apardığı mənfur siyasətin nəticəsidir. Təqdimatına toplaşdığımız kitabların müəllifi Sadiq Zeynaloğlunun və bu nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsində xidməti olan Mehdi Məmmədovun ailələri repressiyadan əziyyət çəkib. Bu faciələri, repressiyaları həyata keçirənlər ermənilər olub, ümumiyyətlə, bu proseslərin kökündə erməni siyasəti dayanır. İyulun 4-də dinc sakinlərimizin vəhşicəsinə öldürülməsi bir daha göstərdi ki, ermənilər öz mənfur siyasətlərini hər zaman olduğu kimi yenə də davam etdirməkdə israrlıdırlar. İnsanın yaddaşı pozula bilər, ancaq tarixin yaddaşı heç zaman pozulmayacaq. Sadiq Zeynaloğlu Naxçıvanda daxili işlər naziri işlədiyi illərdə bütün arxiv sənədlərini qoruyub saxladığı üçün bu gün biz bu faktları reallığı ilə görə bilirik. Bu kitablarda yer alan faktlar müəllifin əziyyətinin və vətənpərvərliyinin bariz nümunəsidir”.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra - 1996-cı ildə “1920-1950-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” sərəncam imzaladığını diqqətə çatdıran S.Vəliyeva qeyd etdi ki, bu sərəncamdan sonra arxivlərdə saxlanılan gizli sənədlərin aşkara çıxarılmasına imkan verildi:“Bu, bizə tariximizin qaranlıq səhifələrini öyrənməyə imkan yaratdı. Bizim milli yaddaşımız itməməlidir”.
Sona Vəliyeva əlavə etdi ki, bu kitablar ölkəmizin bütün kitabxanalarına göndərilməlidir və bu yöndə qısa müddət ərzində lazımi addımlar atılacaq. Burada repressiyanın qurbanı olmuş insanların adları ilə yanaşı, həm də kəndbəkənd siyahı var. Bu kitablar repressiyanın qurbanı olmuş insanlardan xəbər tuta bilməyən yaxınlarının intizarına son qoyacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli hər iki kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, nəşrlər tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənməklə yanaşı, onları təhlil etmək üçün elmi mənbə kimi istifadə edilə bilər: “Kitabların əhəmiyyəti ondan ibarətdir ki, repressiyalardan əziyyət çəkən çoxsaylı həmvətənlərimizi həm tanıyırıq, həm də uzun müddət səs-sorağı olmayan qurbanlardan xəbər tuturuq. O vaxtkı siyasi rejimin əlaltıları sayılan ermənilər öz məkrli və çirkin siyasətlərini həyata keçirmək üçün təbii ki, xalqımızı hədəf seçmişdilər. Həmçinin mənim boya-başa çatdığım doğma kəndimdən iki ailə repressiya qurbanı olub. Onların da adı kitabdakı siyahıda yer alıb. Kitab tarixi faktlara güzgü tutur, başımıza gələn hadisələrdən nəticə çıxarmağa çağırır, haqqı və ədaləti ortaya qoyur. Bu kitablar müstəqilliyimizi qorumağa və onun qədrini bilməyə xidmət edir, eyni zamanda, tarixi hadisələri yeni nəsillərə daşıyan çox əhəmiyyətli elmi mənbədir”.
Xalq Şairi Sabir Rüstəmxanlı bildirdi ki, Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Bu faciələrin unudulmaması baxımından belə kitabların xalqımızın ixtiyarına verilməsi bəlkə gələcəkdə bu faciələri yenidən yaşamamağımıza bir zəmin ola bilər.
Kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərdən sonra baş verən repressiyaların, faciələrin öz əksini tapdığını söyləyən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova vurğuladı ki, burada çox ciddi tarixi faktlar var. Bütün bunlar insanlara tarixi məlumatları dolğun təqdim etməyə imkan verir. Bu baxımdan kitabın müəllifi ilə yanaşı, bu işdə əməyi olan hər kəsə minnətdar olmalıyıq.
Tarixçi-alim, Milli Məclisin deputatı Musa Qasımlı hər iki kitabın tariximizin öyrənilməsi, müstəqilliyə gedən yolda qarşılaşdığımız çətinliklər və onları təhlil etmək baxımından əhəmiyyətli mənbə kimi dəyərləndirdi. Millət vəkili nəşrləri tariximizin səsi adlandırdı: "Nəşrlər həm müəllifin, həm repressiya qurbanlarının ruhuna ehtiramdır. Bu, gənclərimizin tariximizi öyrənməsi üçün lazımdır”. Tarixçi alim repressiya illərində bütün SSRİ ərazisində 26 düşərgənin olduğunu qeyd etdi: "O düşərgələrdən biri Astana yaxınlığında yerləşib və 44 azərbaycanlı qadın orada saxlanılıb. Astana şəhərində repressiya qurbanlarının xatirəsinə abidə də ucaldılıb”.
Digər çıxış edənlər də kitabların məziyyətlərindən danışaraq, nəşrləri Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirdilər.
Təqdimata Astana şəhərindən qonaq kimi qatılan, nəşrlərin ideya müəllifi və sifarişçisi Mehdi Məmmədov ailələrinin Qazaxıstana sürgün olunması tarixçəsindən danışdı. Qonaq minlərlə azərbaycanlının faciəsinin təkrar olunmaması üçün tariximizi bilməyin vacibliyini vurğuladı. M.Məmmədov nəşrlərin tərcümə və çapına görə Kaspi Təhsil Şirkətinə təşəkkürünü bildirdi.
Tədbirdə Mehdi Məmmədova “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin diplomu təqdim olundu.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”
21.12.2017
Turizmdə yeni trendlər: Səyahətçilərin 88 faizi mobil üsulla sifariş etməyə üstünlük verirlər

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info