“Körpə uşağın öldürülməsi heç bir bəraəti olmayan cinayətdir”
Tarix: 11.07.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
İyulun 4-də erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi faciə xaricdə yaşayan azərbaycanlıların da etirazına səbəb olub. Artıq bu hadisəyə etiraz olaraq soydaşlarımız bəyanat yayır, beynəlxalq təşkilatlara müraciət ünvanlayır, həmçinin Ermənistanın bir neçə ölkədəki səfirliyi qarşısında etiraz aksiyaları keçirirlər. Növbəti olaraq Moldova Azərbaycanlıları Konqresi Kişinyov şəhərinin mərkəzində və Ermənistanın Moldovadakı səfirliyinin qarşısında aksiya təşkil edib. Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatları nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib.
Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.
Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
İyulun 11-də Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Bu barədə Avropa Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Emil Əliyev məlumat verib. Bildirilib ki, aksiya Avropa Azərbaycanlıları Cəmiyyəti və Niderland və Avropanın digər təşkilatları ilə birgə təşkil olunub. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib, bu günlərdə düşmən ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və nəticədə 50 yaşlı qadının və nəvəsinin erməni gülləsindən həyatlarını itirməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılıb.
Aksiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə “dur” deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndirilib.

Fransada məsciddə 4 iyul erməni təxribatı qurbanları yad edilib

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar tərəfindən isə Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq toplantı keçirilib. Toplantıdan öncə tədbir iştirakçıları məsciddə 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə “Qurani-Kərim” oxuyub, ruhları üçün dualar ediblər. Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb və bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir. Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət İnsan Hüquqları Komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib. Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməsi üçün sanksiyaların tətbiq edilməsinə çağırılıb

Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi isə Füzuli rayonunun Alxanlı kəndinin sakinləri Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə qadın və uşaqları hədəf aldığı bu vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasına, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməsi üçün zəruri sanksiyaların tətbiq edilməsinə çağırılıb.
Bəyanatda Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarının hiddətlə qarşılandığı vurğulanıb. Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi mülki əhali, o cümlədən uşaqların qətlə yetirilməsinə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayiş etdirməyi tələb edib.

“Zəhra Quliyeva və nənəsini qətlə yetirən Ermənistan belə addımları ilə regional sabitliyə zərbə vurur”

Vaşinqtonda nüfuzlu düşüncə mərkəzi olan İrs Fondunda (Heritage Foundation) “Təhlükəsizlik və iqtisadi inkişaf: İpək Yolu və Xəzər” mövzusunda keçirilən tədbirdə də Alxanlı faciəsindən danışılıb. ABŞ administrasiyası rəsmilərinin, Vaşinqtondakı diplomatik korpusun nümayəndələrinin, düşüncə mərkəzlərinin əməkdaşlarının və müxtəlif ekspertlərin iştirak etdiyi tədbiri açan İrs Fondunun vitse-prezidenti Ceyms Karafano görüşün əhəmiyyətini vurğulayıb.
Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri dünyəvi cəmiyyətlər qurur: “Tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir vurğulayıb ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq, torpaqlarımızı işğal etmiş, dinc sakinlərə divan tutan Ermənistan misal göstərilib. Bu yaxınlarda ikiyaşlı azərbaycanlı körpə Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirən Ermənistan tərəfi belə addımları ilə nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda öz gələcəyini uçuruma aparır”. Səfir ABŞ-ı Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal səylər göstərməyə çağırıb.

“Dünya birliyi Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb etməlidir”
“İkiyaşlı körpənin öldürülməsi dünyanın harasında, hansı vəziyyətdə baş verməsindən asılı olmayaraq, heç bir bəraəti olmayan cinayət faktıdır”. Bu fikri isə Qərb Universitetinin rektoru, professor Andris Leitas jurnalistlərə açıqlamasında Ermənistanın azərbaycanlı mülki əhalinin yaşadığı ərazini atəşə tutması nəticəsində ikiyaşlı Zəhranın həlak olması faktına münasibət bildirərkən deyib.
Rektor bildirib ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Zəhra da bütün həmyaşıdları kimi böyümək, təhsil almaq, xoşbəxt gələcəyə sahib olmaq hüququna malik idi. İşğal faktı uzandıqca, ədalətsizlik bu cür davam etdikcə, təəssüf ki, qurbanların olması təhlükəsi də qalmaqda davam edəcək. Çox acı doğuran faktdır ki, ermənilərin silahlı hücumları nəticəsində dinc sakinlərin həyatını itirməsi ilk dəfə baş verən hadisə deyil. Dünya birliyi bu məsələdə kəskin, birmənalı mövqe nümayiş etdirməli və Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb etməlidir, regionda sülh yalnız ədalətin bərqərar olunmasından keçir”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”
21.12.2017
Turizmdə yeni trendlər: Səyahətçilərin 88 faizi mobil üsulla sifariş etməyə üstünlük verirlər

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info