ADPU-da rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərdə tutan layihə uğurla başa çatdı
Tarix: 21.07.2017 | Saat: 16:55:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil infrastrukturları yaradılmışdır. Son illərdə üç mindən artıq ümumtəhsil məktəbi ya yenidən tikilmiş, ya da əsaslı şəkildə təmir edilmiş, müasir təhsilin tələblərinə uyğun avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmişdir. Təhsilalanların yaş və fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və pedaqoji texnologiyalar hazırlanmışdır. Pedaqoji prosesdə innovasiyaların tətbiqi genişlənmişdir.
Ekstensiv innovasiyaların təhsil prosesinə tətbiqi müəyyən irəliləyişlərə səbəb olsa da köklü dəyişikliyə gətirib çıxartmadı. Ona görə də Avropa ölkələrində olduğu kimi, Azərbaycan təhsilində də intensiv innovasiyaların tətbiqinə ehtiyac yarandı. Bu da təbii ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəlməsini təmin edən yeni sistemin yaradılmasını, qəbul prosesində yüksək bal toplayan abituriyentlərin müəllimlik ixtisasına cəlb edilməsini, müəllimin əməyinin diferensiallaşdırılmasını və stimullaşdırılmasını tələb edir. Təhsil Nazirliyi bu məqsədlə bir sıra zəruri tədbirlər həyata keçirtdi. 500-dən artıq bal toplayan 300 tələbəyə 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi,”Sabah” qruplarının təşkili gələcək müəllimlərə əlavə stimul verdi. Respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqtostik qiymətləndirilməsi zəruri və vacib hesab olundu. İşləyənlə işləməyənlər fərqləndirildi. Müsabiqə şərtlərini ödəyənlərin əməyi stimullaşdırıldı. Az bal toplayanlar seçim qarşısında qaldı: ya treninqlərdə, seminarlarda iştirak etməklə pedaqoji-psixoloji və metodiki yenilikləri mənimsəməli, təhsil sahəsindəki dəyişikliyə uyğunlaşdılar, ya da məktəblə birdəfəlik vidalaşmalı oldular. Etiraf edək ki, məktəblərimizdə kompüterdən istifadə etməyi bacarmayan, şagirdlərin sadə sualları qarşısında çaş-baş qalan müəllimlərimiz var və onları məhz bu yolla tədricən məktəblərdən uzaqlaşdırmaq mümkündür. Sual oluna bilər: belə müəllimlər məktəbə necə gəlib? Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən ictimai-siyasi proseslər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi problemlər yaratdı. On illərlə məktəbdə çalışan, bu sahədə yüksək biliyi, bacarığı və təcrübəsi olan müəllimlərin böyük bir hissəsi əməkhaqqının azlığından sevimli şagirdlərindən ayrılmalı oldu. Onların yerini 8 aylıq pedaqoji kurs qurtaran qeyri-ixtisas sahibləri (texnoloqlar, mühəndislər, baytarlar və s.) və rayonlarda qeyri-qanuni fəaliyyət göstən maddi-texniki bazası, yüksəkixtisaslı müəllim kadrları olmayan pedaqoji kolleclərin məzunları tutdular. Zəruri kompetensiyalara malik olmayan həmin müəllimlərin məktəblərdən uzaqlaşdırılması o qədər də asan məsələ deyil və bu, təhsilin keyfiyyət göstəricilərinə bir başa təsir edir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ikinci strateji istiqamət kimi təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi nəzərdə tutulur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və strategiyada da qeyd edildiyi kimi, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsini, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafını, habeləxüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Bu strateji istiqamətin reallaşdırılmasında ümumtəhsil məktəbləri üçün müəllim kadrları hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Ümumtəhsil məktəblərində olduğu kimi, ali təhsil sistemində də müəllimlərin heç də hamısının bilik, bacarıq və peşəkarlıq səviyyələri müasir tələblərə uyğun gəlmir. Müvafiq stimullaşdırıcı tədbirlər və səmərəli monitorinq vasitəsilə ali məktəb müəllimlərinin fəaliyyətinin səmərəliliyi, məhsuldarlığı, keyfiyyəti, ən əsası isə rəqabətə davamlılığı artırıla bilər. Buna birdən birə nail olmaq mümkündürmü? Təbii ki, yox. Bu, bir tərəfdən, illərlə ali məktəblərdə müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmaq üçün mövcud olan qaydaların dəyişdirilməsini, ənənəvi seçki sistemindən imtinanı, “öz yerinə seçilməklə” bağlı streotiplərin dağıdılmasını, digər tərəfdən isə Universitet rəhbərinin böyük cəsarət və iradə sahibi olmasını tələb edir. Axı, bizim öz mentalitetimiz var... Dostların, tanışların, səlahiyyət sahiblərinin zənglərinə, xahişlərinə “yox” demək bizdə qəbuledilməz sayılır. Bu prosesin digər bir çətinliyi isə ondan ibarətdir ki, ona müqavimət göstərə biləcək insanların çoxunun elmi dərəcəsi, elmi adı, hökumət təltifləri var. Hamı özünü əvəzedilməz sima hesab edir. Bu prosesi uğurla, tam obyektiv və şəffaf keçirmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübəsindən yararlanmaq, fikrimizcə, faydalı olar.
Professor Cəfər Cəfərov ADPU-ya rektor təyin olunduqdan sonra bu 96 yaşlı elm və təhsil məbədi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. İnfrastrukturun yeniləşdirilməsi, auditoriyaların təmiri, ümümtəhsil məktəbləri və xarici ölkələrin pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, yüksək bal toplayan tələbələrin Universitetimizə cəlbi, müəllim kadrları hazırlığının nəzəri və praktiki problemləri ilə bağlı Respublika səviyyəli konfransların təşkili sahəsində mühüm addımlar atıldı. Universitetdə nəşr olunan jurnalların elmi statusu və periodikliyi təmin edildi. Birinci kurs tələbələrinin biliyinin qiymətləndirilməsində test sistemindən imtina edildi. Obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə 2008-ci ildən Universitetdə tətbiq ediən test sisteminin müəyyən dövrdən sonra qüsurları üzə çıxdı. Hafizəyə əsaslanan test sistemi tələbələri əzbərçiliyə istiqamətləndirirdi. Tələbələr mühazirə və seminar məşğələlərinə həvəssiz gəlir, müstəqil işləmək, əlavə kitab oxumaq istəmirdilər. Tələbələrin bəziləri hüsnxətt qaydasında yazmaq (bu, xüsusilə, ibtidai sinif müəllimləri üçün çox zərururidir), rabitəli, ifadəli və obrazlı danışmaq qabiliyyətlərini demək olar ki, itirmişdi. II-IV kurs tələbələrinə imtahan formasını seçmək imkanı verildi. Bəzi imtahanlar ənənəvi qayda da - şifahi formada aparıldı. Təhsil haqqını ödəməkdə çətinlikləri olan tələbələrə vaxt baxımdan müəyyən sərbəstlik verildi. Universitetdə elmi seminarların keçirilməsi, qarşılıqlı dərs dinləmələrinin müzakirəsi, tələbə debatları, idman yarışları mütəmadi xarakter aldı. Demək olar ki, bu tədbirlərin böyük əksəriyyətində rektor prof.Cəfər Cəfərov şəxsən iştirak edirdi. Tədris köməkçi heyətin (laborant, tyutor) peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə təhsil ekspertləri prof.Şahlar Əsgərovun, prof.Əjdər Ağayevin iştirakı ilə üç mərhələli monitorinq keçirildi. İşlədiyi sahənin tələblərinə cavab verməyən, elementar texnoloji bacarığı olmayan, iş qabiliyyətini çoxdan itirmiş 70-80 yaşlı laborantlar tutduqları vəzifəyə uyğun hesab edilmədilər.
Universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, əməkdaşlıq mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması dərin elmi-metodik biliyi, kreativ düşüncəsi, geniş erudisiyası, pedaqoji-psixoloji hazırlığı, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlərdən birbaşa asılıdır. ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancar Bakıda tələbələrlə görüşlərində onlara xitəbən demişdi:”Özünüzə yaxşı müəllim seçin”. On illərdir ki, azərbaycanlı tələbələrin də müəllim seçmək hüququ var. Amma bu seçimi reallaşdırmaq mexanizmi yoxdur. Yenə də buna mentalitet mane olur. Tələbələr vaxtı ilə tanınmış bir alimin (indi isə mühazirə oxumağa fiziki gücü catmayan, yenilikləri süngü ilə qarşılayan birinin) fənnini seçməsə o, işini itirə bilər. O, hamımızın müəllimi olub, onu necə təhsildən uzaqlaşdıra bilərik? Ona görə də ali məktəblərimizin mütləq əksəriyyətində müəllimi kafedra, seçmə fənləri isə dekanlıq seçir. Əgər biz Avropa ölkələrində olduğu kimi müəllim seçimində peşəkarlığı, pedaqoji-psixoloji və metodiki hazırlığı önə çəkməyi qarşımıza məqsəd qoymuşuqsa onda, seçki sisteminin metodologiyasını dəyişməliyik. Təbii ki, bu, mürəkkəb, çətin və ağrılı prosesdir. İşin pioneri olmaq həmişə çətin olub. Yeni bir ideya ortaya atılanda ilk mərhələdə çoxları onun əleyhinə çıxır, ideyanı illüziya hesab edirlər. İkinci mərhələdə bəziləri buna laqeyd yanaşır, yarı lehinə, yarı da əleyhinə danışır. Sonda hamı həmin ideyanı təqdir edir, hətta əvvəldən həmin fikirdə olduqlarını söyləyirlər. ADPU-da professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydalarındakı dəyişiklik qısa bir vaxtda həm seçkidə iştirak edənlərin, həm də Universitet əməkdaşlarının seçki sistemi və tədris prosesi ilə bağlı baxışlarında köklü dəyişiklik yaratdı. Müsabiqənin şərtləri Universitetin Elmi Şurasında müzakirə və təsdiq edildikdən sonra adpu.edu.az saytında yerləşdirildi, fakültələrdə seçkinin keçirilməsi şərtləri ilə bağlı maarifləndiruci tədbirlər həyata keçirildi. Müsabiqənin keçirilməsi haqqında “Xalq qəzeti”nin, “Azərbaycan müəllimi” qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edildi. Müsabiqənin özəlliyi və ənənəvilikdən fərqi onda idi ki, burada müsabiqəyə vəzifələr (baş müəllim, dosent, professor) yox, kafedralarda tədris olunan fənlər çıxarılmışdı. 5 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatdı. Rektoryanı müşavirədə İnsan resursları şöbəsinin müdiri dos.Avtandil Bayramov birinci mərhələnin yekunları ilə bağlı məlumat verərkən aydın oldu ki, 114 yerə 500 nəfər sənəd verib. Müsabiqədə iştirak etmək istəyənlərin 350 nəfəri Universitetin öz əməkdaşı, 150-si isə ayrı-ayrı ali məktəblərin, elmi-tədqiqat institutlarının və ümumtəhsil məktəblərinin əməkdaşlarıdır. Müsabiqə iştirakçılarının 230 nəfərinin elmi dərəcəsi və elmi adı vardı. 20 aprel 2017-ci il tarixindən professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsi başlandı. Bu mərhələdə əsas məqsəd professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsini müəyyən etmək idi. Müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru dos.Sənan Əliyevin nəzarəti ilə fakültələrdə açıq dərslər keçirildi. İbtidai təhsil fakültəsində müsabiqəyə 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfər sənəd vermişdi ki, onların da 10 nəfərinin elmi dərəcəsi və elmi adı vardı. Fakültədə sınaq dərslərinin aparılması üçün hər cür şərait yaradılmışdı. 3 auditoriya elektron lövhə, 1 auditoriya isə kompüter və proyektorla təmin edilmişdi. Bütün dərslərin vidioçəkilişləri aparılırdı ki, bu da hər hansı mübahisəli məsələnin həlli üçün çox vacib idi. Sınaq dərslərində Fakültə Tədris Metodiki Şurasının üzvlərindən bir nəfərinin iştirakı zəruri idi. Fakültədə sınaq dərslərinin mütəşəkkil qaydada keçirilməsində, iştirakçılara bərabər imkanların yaradılmasında, dərslərin 33 kriteriya üzrə obyektiv və şəffaf qiymətləndirilməsində İbtidai təhsil fakültəsinin Tədris Metodiki Şurasının sədri dos.Yaqut Rzayevanın, üzvlərdən prof.Sərdar Quliyevin, prof.Seyidağa Həmidovun, dos.Bəyməmməd Cəbrayılovun, dos.Qulaməli Balaşovun, dos.Şahrza Ağayevin, baş müəllim Nigar Abdinovanın mühüm əməyi oldu. ”Riyaziyyat və onun ibtidai kursunun tədrisi netodikası” kafedrası üzrə dos.Rasim Şükürov, dos.Zahir Kazımov, baş müəllim Gülnarə Xaspoladova, ”İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası” üzrə baş müəllimlər Mənsurə Qardaşxanova və Ümhani Məmmədova digərlərindən üstün nəticə göstərərək iddiasında olduqları vəzifəni tutmağa nail oldular. Müsabiqənin nəticələri müfaviq kafedralarda, Fakültə Elmi Şurasında müzakirə edildi, gizli səsvermə yolu ilə qalibləri müəyyən edildi və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırıldı. 14 may 2017-ci il tarixində müsabiqənin son mərlələsi başa çatdı.Təhsil Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi genişləndirilmiş Universitet Elmi Şurasında yekun nəticələr müzakirə olundu, qaliblərə setifikatlar təqdim edildi. Müsabiqədə 112 nəfər uğur qazandı. Onlardan 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlər idi. İbtidai təhsil fakültəsində müsabiqə iştirakçısı olan 24 nəfərdən ən yüksək nəticə göstərənlər dosent (2 nəfər) və baş müəllim (3 nəfəri) vəzifələrinə seçildi.
Mart ayından başlanan həyacan arxada qaldı. Elmi-metodik hazırlığı, İKT bacarığı, yeni təlim texnologiyalarına bələdliyi ilə seçilən müəllimlər uğur qazandı.Uğura gedən yolun qısası yoxdur. Uğur zəhmət tələb edir. Bu uğur onların zəhmətinin, əziyyətinin, yuxusuz gecələrinin, narahat gündüzlərinin bəhrəsi idi. Bir daha aydın oldu ki, insan zəhmət çəkmədən irəli gedə bilməz, yerində qala bilməz, o mütləq geri getməlidir. Bu müsabiqə hamı üçün bir dərs, bir nümunə məktəbi oldu. Prof.Cəfər Cəfərovun şəxsi nəzarətində olan bu müsabiqə ADPU-da insan resurslarının yeniləşməsində obyektivliyin və şəffaflığın təntənəsi oldu. İllərlə ali məktəb müəllimi olmaq istəyən, lakin buna nail ola bilməyənlərdə ümid yarandı. Yaxşıların yaxşıları iddiasında olduğu vəzifəni tutmağa nail oldu. Sonda ədalət zəfər çaldı. Bu, respublika səviyyəsində ilk dəfə ADPU-da keçirilən bir layihə olsa da, demək olar ki, bütün ali məktəb müəllimlərinin diqqəti buna yönəlmişdi. Hamı həyacanla nəticəni gözləyirdi. Təşəbbüskarı da, müəllifi də, nəzarət edəni də prof.Cəfər Cəfərov olan layihə uğurla başa çatdı. Müsabiqənin sevincini 112 nəfər yaşasa da nəticə Universitetimiz üçün uğurlu oldu, “yatmışları oyatdı”. Bir daha aydın oldu ki, müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb bir işdir. Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər. Yaxşı öyrətmək üçün də yaxşı öyrənmək lazımdır. “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür” (K.D.Uşinski). Universitetdə rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərdə tutan yeni model sınaqdan uğurla keçdi. Qaliblərə sertifikat təqdim olundu, bir ştat yarım tədris yükü ilə təmin edilmələri ilə bağlı göstəriş verildi. Qaliblərin əməkhaqqlarına 100 manat əlavə edildi. Bu prosesdə hər bir iştirakçı uğurlu və zəif cəhətlərini gördü. Yaxşı mənada əməkdaşlar arasında rəqabət yarandı. Rəqabət mühiti olmayan yerdə təkamül, tərəqqi və inkişaf mümkün deyil. Rəqabətə davamlı insan kapitalının formalaşdırılması yeni düşüncəyə, təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına, ümummədəni kompetensiyalara malik müəllimlərdən bir başa asılıdır. Dövlətin ali pedaqoji təhsildən gözləntiləri böyükdür. Müasir müəllim təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Belə səriştəli müəllimlərin seçilməsini isə ənənəvi qayda da aparmaq mümkün deyil. Fikrimizcə, digər ali təhsil müəssisələrində də prof. Cəfər Cəfərov tərəfindən ADPU-da reallaşdırılan yeni seçim qaydalarından bəhrələnmək səmərəli ola bilər.
Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
pedaqogika üzrə elmlər doktoru, professor,
Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji
Akademiyanın həqiqi üzvü, Pedaqoji və
Sosial Elmlər Akademiyasının akademiki




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
ADPU-da müsabiqə qaliblərinin konserti keçirilib
22.11.2017
Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
22.11.2017
BANM-də beynəlxalq təlim proqramı uğurla davam edir
22.11.2017
“Müasir elm - gənclərin baxışı ilə”
22.11.2017
AMEA: “35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7757

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
3 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Latviyada məktəblərin yarısı bağlanır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info