“Jurnalistikamız xarici təsir altına düşməməlidir”
Tarix: 20.07.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində etdiyi çixışında bildirib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir: “Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır gündəlikdə hansı məsələ dayanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox hallarda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb”. Prezident deyib ki, jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir.
Prezident deyib ki, jurnalistika mümkün qədər obyektiv olmalıdır: “Son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni, bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır. Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Ancaq Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır. Onlar özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yəni, ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Əlbəttə, ölkəmizdə problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin. Çünki bizim tariximiz əfsuslar olsun elədir ki, biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşamışıq, müstəqil olmamışıq. Bu, istər-istəməz bizim psixologiyamıza da müəyyən dərəcədə təsir edib. Bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır”.

“Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik”

Prezident deyib ki, milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqlar hər şeydən üstün olmalıdır: “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər”.

“İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz”

Prezident deyib ki, biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq: “Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır. Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

“Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır”
Prezident jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da addımlar atılacağını deyib: “Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”. Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib və mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib, sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info