Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqləndi
Tarix: 25.07.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Prezidentlərin Soçi görüşündən çıxan nəticə- ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək

Rusiya Federasiyasına işgüzar səfər edən Azərbaycan dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə yüksək səviyyəli görüşü olub. İki dövlət başçısının görüşündə Azərbaycan-Rusiya münasibətlərinin geniş spektri müzakirə edilib. İki dövlət başçısının görüşü həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional-beynəlxalq məsələlərin müzakirəsi baxımından çox böyük əhəmiyyət daşıyırdı. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Rusiya münasibətləri müxtəlif sferalar üzrə inkişaf edir. Azərbaycanın müəllifliyi ilə həyata keçirilən iri layihələr bütün maraqlı tərəflər kimi, Rusiyanın da diqqətini cəlb edir. İri nəqliyyat qovşağına çevrilən Bakı Rusiya da daxil olmaqla yeni əməkdaşlıq platformaları yaradıb. Rusiya ilə münasibətlər siyasi-iqtisadi-hərbi sahədə müxtəlif formalarda inkişaf edir. Rusiyada Azərbaycan ticarət nümayəndəsinin təyin edilməsi, federasiyanın ayrı-ayrı subyektləri ilə ikitərəfli əlaqələrin genişlənməsi, elə bu yaxınlarda yeni silah-sursatların alınması hərbi sahədə də münasibətlərin inkişafını göstərir.
Son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq, ən azından müəyyən problemlər yaratmaq istəyən qüvvələrin xeyli fəallaşdığı hiss olunurdu ki, bu da ikitərəfli münasibətlərin ruhuna uyğun gəlmirdi. Erməni lobbisi və onların təsiri altında olan qüvvələr Bakı ilə Moskva arasında olan yüksək səviyyəli əlaqələri həzm edə bilmədiklərindən müxtəlif yollarla əlaqələrə ləkə vurmağa çalışırlar. Nə yazıq ki, Rusiyanın müxtəlif dövlət orqanlarında özlərinə yer edən ermənilər və erməni lobbisinin təsiri altında olan ermənipərəstlər iki dövlət arasında problem yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. UAK-ın qeydiyyatının ləğvi ilə bağlı prosesdə biz bunun əyani şahidi olduq. Erməni lobbisi, ermənipərəstlərlə yanaşı, Rusiya-Azərbaycan əlaqələrinin inkişafından narahat olan bəzi beynəlxalq dairələr də var. Kifayət qədər həssas bir dövrdə və regionda yaşadığımızı nəzərə alsaq Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşünün əhəmiyyəti daha da artmış olur.

Mövcud status-kvo bundan sonra davam edə bilməz

İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüş və aparılan müzakirələrin bəzi çox vacib nəticələrini qeyd edə bilərik. Bu görüşün əsas nəticələrindən biri budur ki, prezidentlər Vladimir Putinlə İlham Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqləyib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar. Bu mövqe iki dövlət arasında problem yaratmaq istəyən qüvvələrə açıq mesaj kimi dəyərləndirilə bilər.

“Münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələrin münasibətlərə xələl gətirilməsi üçün etdiyi cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir”

Soçi görüşünün digər vacib məqamı erməni lobbisi və antiazərbaycan dairələrin üzünə qapının çırpılması olub. Belə ki, görüşdə qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələri (o cümlədən Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri) və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Amma Soçi görüşü həmin qüvvələrə qarşı bir acı həqiqəti ortaya qoyur - münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Görüşdə bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək. Dövlət başçılarının bu görüşü aylardır Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün fəallıq göstərən, bunun üçün müxtəlif tədbirlərə al atan qüvvələrin bu fəaliyyətinin iflasa uğradığını göstərir.

Dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişafı üçün zəruri tədbirlər görüləcək


Şübhəsiz ki, dövlət başçılarının görüşündə əsas müzakirə mövzularından biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı olub. Azərbaycan və Rusiya dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılmasını geniş müzakirə ediblər. Mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb. Prezidentin Rusiyaya səfəri və Putinlə keçirdiyi görüş erməni lobbisi və antiazərbaycan qüvvələri xeyli məyus edib. Prezidentlər Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edib.

Erməni ekspert:

“Azərbaycan dövlət başçısının Soçi səfəri və Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi Ermənistanın Rusiya üçün strateji dəyərini azaldır”
Ermənistan Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Qevorq Məlikyan “Tert.am”a Rusiya və Azərbaycan dövlət başçılarının son görüşü ilə bağlı dəyərləndirməsində bildirib ki, prezidentlər müxtəlif istiqamətlər üzrə Azərbaycan-Rusiya münasibətlərinin inkişafını müzakirə ediblər: “Rusiyanın Azərbaycanla münasibətləri müxtəlif sferaları, o cümlədən hərbi-sənaye, nəqliyyat, enerji, ticarət sahələrini əhatə edir. Ermənistana münasibətdə isə əsas zərbə siyasi-hərbi əməkdaşlığa edilir, qalan sahələrə isə obyektiv və subyektiv səbəblərdən məhdudiyyətlər tətbiq edilir”. Məlikyan Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsinə misal kimi Moskvanın investisiya planında Azərbaycanda çox fəal olduğunu deyib. Eyni sözləri Azərbaycanın Rusiyadakı investisiyaları haqqında da demək olar. Erməni ekspert bildirib ki, Azərbaycan dövlət başçısının Soçi səfəri və Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi Ermənistanın Rusiya üçün strateji dəyərini azaldır: “Rusiya Azərbaycanla münasibətləri dərinləşdirməsinə baxmayaraq, Ermənistanı həmişə öz caynağında saxlayacaq”. Ekspert qeyd edib ki, Putin-Əliyev görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə edilib. Erməni ekspert deyib ki, region həm siyasi həm də iqtisadi baxımdan dəyişiklik ərəfəsindədir. Bu baxımdan Soçi görüşü Azərbaycanın mövqeyini öyrənmək baxımından çox vacib idi.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info