Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
Tarix: 25.07.2017 | Saat: 12:43:00 | E-mail | Çapa göndər
Cavadxan QASIMOV |

Artıq 2017-ci ilin birinci yarısı geridə qaldı. Ölkəmizin bu müddət ərzində güclü baza üzərində qurduğu, formalaşdırdığı sosial-iqtisadi inkişafı yüksək nailiyyətlər kimi dəyərləndirmək olduqca zəruridir. Ümummilli lider böyük Heydər Əliyev ideyaları əsasında yüksək inkişaf xəttini əsas tutan Azərbaycan Respublikası müasir müstəqillik tarixinin ən parlaq səhifələrini yazmaqdadır. Dayanıqlı, müqavimətli, bir o qədər də perspektivli iqtisadiyyata təkan olan bu məqamlar Cənubi Qafqazın, eləcə də dünyanın günbə gün yeniləşən çağırışları ilə səsləşərək daha da mühüm əhəmiyyət kəsb etməkdədir.
Davam edən islahatlar əldə olunan nəticələrin çoxistiqamətliliyinə də zəmin yaratmaqda, onun sosial dayanqılılıq potensialını da artırmaqdadır. Bu mənada qeyd edə bilərik ki, Azərbaycan Respublikasının 24 illik dövrdə davamlı inkişaf üzrə gerçəkləşdirdiyi Dövlət Proqramları, Konsepsiyalar, Strategiyalar və digər hüquqi-normativ aktlarla birlikdə təsdiq edilən Yol Xəritələri yeniləşən dünyanın artan tələblərinə tamamilə uyğundur, onu dolğun şəkildə ifadə edir və ölkəmizin uzaq gələcək üzrə hədəflərinə istiqamətlənib.
Ölkəmizin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə yollarının öyrənilməsi, ondan həm xalqımızın sosial rifahının daha da gücləndirilməsində, həm də dövlətlərarası münasibətlərin, etibarlı dostluq və qonşuluğun çevik təminatı üçün düzgün istifadə edilməsinə təminat verdi. Buna görə də əsası “Əsrin Müqaviləsi”ndən başlanan müasir iqtisadi inkişaf strategiyası özündə bu günə qədər keçdiyimiz güclü inkişaf yolunu əks etdirməkdədir. İqtisadiyyatın sahə strukturunun təşkilatlanması, tarazlı inkişafı, güclü makroiqtisadi poyensialın yaranması və formalaşdırılması, ÜDM-nin strukturunda yer alan sahələrin balanslaşdırılması kimi amillərin təmin edilməsi və bu məsələlərin milli iqtisadi inkişafdakı rolunun artırılması öz növbəsində onun diversifikasiya edilməsini də sürətləndirməkdədir. Artıq ölkə iqtisadiyyatı şaxələndirilmiş potensiala və yüksək göstəricilərlə ifadə olunan ixraca malikdir.
Ölkə başçısı cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən böyük Heydər Əliyev ideyalarına sadiq qalaraq, sosial dayanıqlığın təmin edilməsi ilə güclü iqtisadiyyatın uzunömürlülüyünün, təminat qabiliyyətliliyinin və müqavimət potensiallı olmasının qətiyyətli mexanizmlərini işə saldı. 600 min nəfərlik iş yerinin açılması, sosial proqramların icrasında səmərəliliyin nəzarətdə saxlanılması və əhalinin çoxtəbəqəli qruplarının əhatə olunması, Azərbaycan regionlarınının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının mərhələlərlə icra olunması (hazırda üçüncü mərhələ icra edilməkdədir) və digər qətiyyətli tədbirlər artıq güclü baza əsasında öz əhəmiyyətli təsirini göstərməkdədir. Belə ki, 1994-cü ildən hərbi böhrana son qoyulması ilə atəşkəs rejiminin bərqərar edilməsi, 1995-ci ildən nəhəng islahatlara start verilməsi, bunun tərkib hissəsi kimi özəlləşdirmənin başladılması, bir sözlə, iqtisadiyyatın bazar münasibətləri və qanunlarına tam uyğunlaşdırılması və müvafiq istehsal (iqtisadi) münasibətlərinin təşəkkülü sözügedən inkişaf səviyyəsi üçün mükəmməl əsaslar yaratmış oldu. Keçən müddət ərzində “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, birinci mərhələdə 2002-2005-ci illər üçün, ikinci mərhələdə isə 2010-2014-cü illər üçün nəzərdə tutulan Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramları, “Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı (2008-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018-ci illər)” və s. göstərmək olar.
Məhz bu potensialla Azərbaycan Respublikası bir-birini geridə qoyan illərin makroiqtisadi göstəricilərini yüksək inkişaf tempi ilə əldə etməkdədir. Dövlət başçısı cənab İlham Əliyev müasir dünya gerçəklikləri ilə səsləşən və ökəmizin mövcud inkişaf səviyyəsinə uyğun gələn tədbirlərin məqsədyönlülüyünün təmin edilməsi məqsədilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Yol Xəritələrini təsdiq etdi. Həmin Yol Xəritələri qarşıdakı uzaq gələcək üçün illər üzrə Azərbaycanın hədəf, baxış və prioritetlərini müəyyən etməkdədir. Qeyd etmək zəruridir ki, məhz hazırda əldə edilən makroiqtisadi nailiyyətlərin stimullaşdırılmasında həmin 12 istiqamət üzrə təsdiq edilmiş hüquqi aktların müstəsna əhəmiyyəti vardır. Elə bu potensialla 2017-ci ilin birinci yarısını pozitiv nəticələrlə geridə qoyduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında keçdiyimiz inkişaf yolunu yüksək qiymətləndirən dövlət başçısı dedi: ... Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr.
Artıq ölkəmizin iqtisadi siyasətində yeni səhifə açılmışdır. Bu səhifə, Azərbaycan Respublikasının region və dünyadakı mövqeyinə, onun inkişaf xəttinə, məqsədlərinə, hədəf və prioritetlərinə yeni məzmun, yeni yanaşma deməkdir. Daha geniş əhatə ilə, daha məsuliyyətli fəaliyyətlə, daha ciddi tədbirlərlə ifadə olunan bu xüsusiyyətlər ölkəmizin milli iqtisadi inkişafında qətiyyətli rol oynamaqdadır. Ölkəmizin neftdən və idxaldan asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin təşfiqi və stimullaşdırılması, əmək potensialından səmərəli istifadə edilməsi, bununla da məşğulluq səviyyəsinin yüksəldilməsi cari iqtisadi tədbirlərin ən mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bunlar isə iqtisadiyyatın təminat qabiliyyətinin gücləndirilməsinə, əhalinin ərzaq və digər istehlak məhsulları ilə dolğun təminatına zəmin yaratmış, bununla da ixracın şaxələndirilməsində əhəmiyyətli göstərici olmuşdur. Eyni zamanda bu, qeyri-neft sektorunun da təşkilatlanmasında, iqtisadiyyatın bu istiqamət üzrə aparıcı sahələrinin bərabər və əlaqəli inkişafında ciddi təsirə malik olmuşdur. Bütün bunlar 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına dair makroiqtisadi göstəricilərdə öz gerçək əksini tapmışdır. Təhlillər göstərir ki, ölkəmiz qeyri-neft sektorunun inkişafından ibarət qarşıya qoyduğu məqsəd və hədəflərə nail olmuş, bu isə milli iqtisadiyyatın perspektivlərinə birbaşa xidmət etməkdədir. Belə ki, cari ilin birinci yarısında bu sahə üzrə iqtisadi artım 1,7 faiz təşkil etməklə, yüksək potensial formalaşdırılmışdır.
Azərbaycan Respublikasının sənayeləşmə siyasəti, onun regional mahiyyətinin artırılması, bu sahədə mezoiqtisadi potensialın stimullaşdırılması və digər proseslər makroiqtisadi baxımdan sənaye sahəsində çevik ixtisaslaşmanın təşkilatlanmasına əlverişli zəmin yaratmış oldu. Bununla da əsas hədəflər üzrə götürülmüş istiqamətlər öz bəhrəsini verməyə başladı. Nəticədə isə sənayeləşmə öz əhəmiyyətli təsirini qeyri-neft sahəsində də göstərməyə başladı. Fikrimizi rəqəmlərin dili ilə ifadə etsək görərik ki, bu sahədə artım 4,4 faiz olmuş və müasir iqtisadi şəraitin dayaqları daha da güclənmişdir.
Dünya durmadan dəyişir. Bu dəyişiklik isə ölkələrin sosial-iqtisadi, mədəni-hüquqi, hətta ictimai-siyasi həyatında öz dərin izlərini buraxmaqdadır. Tənəzzülə uğrayan iqtisadiyyatlar, müharibə ocaqlarına çevrilən ölkələr, heç bir qabaqlayıcı tədbirlər görülə bilməyən böhranlar bütün tərəfləri ilə yanaşı öz növbəsində iqtisadi-maliyyə sıxıntılarının da tüğyan etməsinə səbəb olmaqdadır. Belə bir vəziyyətdə qətiyyətli, uzaqgörən, məqsədyönlü tədbirlərin həyata keçirilməsi, istənməz hallara qarşı müqavimət gücünün, eləcə də iqtisadi idarəetmənin səmərəliliyinin artırılması kimi tədbirlər dövlətin ali məqsədlərinin ifadəsi olmaqla zəruriliyi ilə seçilməkdədir. Qeyd etmək lazımdır ki, ölkə başçısı tərəfindən böyük siyasətdən bəhrələnməklə, həyata keçirilən tədbirlər müasir müstəqillik tariximizin ən şanlı səhifələrini təşkil etməkdədir. Bunun nəticəsində də ölkəmizin iqtisadi potensialı sağlam maliyyə münasibətlərinin tənzimlənməsində və inkişafında stimullaşdırıcı vasitəyə çevrildi və ölkənin müstəqilliyinin çox güclü dayaqlarına çevrildi. Bunun ən gerçək ifadəsi olaraq qeyd edək ki, 2008-ci ildən cərəyan edən və dünyanın hazırkı neqativ mənzərəsində daha da güclənən iqtisadi-maliyyə böhranlarından qorunma gücünə güc qatan amil kimi valyuta ehtiyatlarımızın dayanıqlığını göstərə bilərik. Çox qətiyyətli və etibarlı maliyyə siyasəti nəticəsində bu sahədəki göstəricinin də artaraq 40,6 milyard dollar təşkil etdiyini qeyd edə bilərik ki, bu da 2017-ci ilin əvvəlindən bu günə qədər təxminən 3 milyard dollarlıq artım nəticəsində mümkün olmuşdur.
Ölkəmiz inkişaf, tərəqqi yolundan inamla addımlayır. Qarşıya qoyulmuş məqsədlər, müəyyənləşdidilmiş hədəflər və götürülmüş prioritetlər yüksək səmərəllik göstəricilərilə icra edilməkdədir. Bunlar isə dövlətin sosial siyasətinin etibarlılığını daha da gücləndirmişdir. Təbii ki, müvafiq istiqamət üzrə həyata keçirilən tədbirlər isə yeni iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində öz faydalılığı ilə seçilməkdədir. Son 24 illik inkişaf səhifələrinə nəzər saldıqda aydın olur ki, dövlətimiz böyük Heydər Əliyev siyasətindən bəhrələnərək müasir iqtisadi şəraitin sağlam təminatına, onun şaxələndirilmiş iqtisadiyyata səmərəli mühit yaratmasına, yeni iş yerlərinin açılmasına, insan amilinin üstün tutularaq onun bir potensial kimi inkişafına hərtərfli qayğı göstərmiş və bu sahədə yüksək perspektivlər formalaşdırmışdır. Elə məhz bu və ya digər məqsədyönlü tədbirlər nəticəsində təkcə cari ilin ilk altı ayında 122 min yeni iş yeri açılmışdır. Qeyd edək ki, açılmış iş yerlərinin 101 mini daimidir. Yəni bütün bunlar Azərbaycan dövlətinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının davamlı inkişafına istiqamətlənmiş zəruri tədbirlərin tərkib hissəsi olaraq böyük uğurların bir hissəsi kimi qeyd edilməlidir.
Ölkə başçısı cənab İlham Əliyev güclü siyasi təcrübəsi, artan nüfuzu və qətiyyətli idarəetmə bacarığı ilə Azərbaycan Respublikasının uzaq gələcəyə hesablanmış ardıcıl inkişaf istiqamətlərini müəyyən etmişdir. Mükəmməl baza əsasında keçdiyimiz 14 illik dövrdə ölkəmizin əldə etdiyi hər bir uğurun, qazandığı müvaffəqiyyətlərin, nail olduğu inkişaf göstəricilərinin altında cənab Prezidentin imzası vardır. Bu gün Azərbaycan dövləti bu göstəricilərlə etibarlı qonşuluğun, sınanmış dostluğun və güvənilir tərəfdaşlığın ən gerçək təsdiqinə çevrilmişdir. Bütün bunlar isə öz növbəsində ölkəmizə siyasi sahədə olduğu kimi iqtisadi əməkdaşlıq istiqamətində də inam qazandırmaqdadır. Nəticədə isə iqtisadiyyatın şaxələndirilməsi qarşılıqlı ticarət əlaqələrinin də inkişafına öz töhfəsini vermiş və bu, dövlətimizin iqtisadi priroitetlərinə hesablanmışdır. İxracın stimullaşdırılması ölkənin makroiqtisadi potensialının daha da artırılmasına təkan vermiş və 2017-ci ilin artıq geridə qoyduğumuz altı ayında pozitiv nəticələr ortaya qoymuşdur. Belə ki, bəhs edilən dövrdə ixracın 36 faiz artması və qeyri-neft ixracının isə 27 faiz təşkil etməsi ölkəmizin həm də dünya iqtisadiyyatına inteqrasiyasında həlledici mərhələni təmin etmişdir.
Təbii ki, bu uğurlar ölkəmizin güclü təşkilati-iqtisadi, sosial-siyasi mexanizmlərinin səmərli təminatı ilə mümkün olmuşdur. Bu gün artıq ölkəmiz sənayeləşmə, innovativ inkişaf, bir sözlə, dünya iqtisadiyyatının gerçəklikləri səviyyəsində yüksəliş dövrünü yaşamaqdadır. Bu mərhələ Azərbaycanın dayanıqlı, müqavimətli iqtisadi siyasətinin də səmərəliliyinin ən mühüm göstəricisini ifadə etməkdədir.
Göründüyü kimi, Azərbaycan Respublikası artıq beynəlxalq miqyasda sözünə və mövqeyinə ehtiyac duyulan, hərtərəfli inkişafı ilə humanistliyin, xoşməramın, sülhün və ədalətin tərəfdarı kimi qəbul edilən, böhranlar içərisində çırpınan ölkələr üçün böyük və daimi inkişaf modeli kimi özünü təsdiq edən dövlət olaraq təqdim etməkdədir. Bu potensialla isə inkişaf edən ölkələr üçün layiqli tərəfdaşa çevrilən ölkəmiz uzaq gələcəyin çoxsaylı intibah tədbirlərinə imza atacaqdır.




 
Müəllifin son yazıları

25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir
28.12.2013 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə
25.11.2013 Düzgün siyasətin nəticəsi

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info