Qlobal güclərin savaşı: Venesuelaya hərbi müdaxilə ola bilər
Tarix: 31.07.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər
İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında getdikcə şiddətlənən rəqabəti öz nəzarətləri altına almağa, istənilən situasiyaya hakim olmağa çalışan qlobal güclər bunun üçün ölkələrə qarşı amansız siyasət həyata keçirirlər

Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilib. Seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyulmuşdu. Amma aksiyaların qarşısını almaq mümkün olmayıb. Son məlumatlara görə, etiraz aksiyalarında 13 nəfər ölüb. Paytaxt Karakas, həmçinin Merida və Taçira ştatlarında Konstitusiya Assambleyasına seçkilərin keçirilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar olub. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.
Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Venesuelada prezident Nikolas Maduro 8 milyon nəfərin qatıldığı seçki ilə bağlı xalqı təbrik edib. Milli Seçki Şurasının sədri Tibisay Lusenanın sözlərinə görə seçkilərdə iştirak 41,53 faizə çatıb. Venesuela Vahid Sosialist Partiyasının sədr müavini Dosdado Kabelo seçkilərdə iştirak faizinin rekord olduğunu vurğulayıb. Müxalifətin nümayəndələri isə venesuelalıların seçkilərdə aktiv iştirak etmədiyini deyir. Müxalifət liderlərindən biri Enrike Kaprilesin iddiasına görə, seçkilərdə iştirak faizi Konstitusiya Assambleyasının çağırılması üçün ölkə konstitusiyasının müəyyənləşdirdiyi 15 faizə belə, çatmayıb. Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 4,9 min nəfər isə həbs olunub. Onların təxminən 1,4 min nəfəri hələ də həbsxanadadır. Latın Amerikası ölkələri - Argentina, Braziliya, Meksika, Peru, Panama, Kosta-Rika və Çili bazar günü Venesuelada Konstitusiya Assambleyasına keçirilmiş seçkiləri tanımadıqlarını bəyan ediblər. TASS-ın xəbərinə görə, adı çəkilən ölkələrin xarici işlər nazirlikləri müvafiq bəyanatla çıxış ediblər. Meksika XİN-in bəyanatında deyilir ki, Venesuela hökuməti Konstitusiyaya, ümumbəşəri demokratik dəyərlərə zidd olan, ölkənin yaşadığı böhranı daha da dərinləşdirən seçki keçirib. Mexiko ölümlə nəticələnən zorakılıqları və repressiyaları pisləyib.

Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən, Şimali Koreya kimi böhran nöqtələri yaradaraq, həmin coğrafi əraziləri daimi nəzarətdə saxlayır, hərbi iştiraklarını artırır, müxtəlif hərbi və siyasi əməliyyatlar həyata keçirmək imkanı əldə edirlər

Braziliya hökuməti Venesuela hökumətini Konstitusiya Assambleyası formalaşdırılmasını dayandırmağa və demokratik düzənin bərpası, hakimiyyətin sülh yolu ilə ötürülməsi, insan haqlarının və hakimiyyət qollarının müstəqilliyinin təminatı üçün ictimaiyyətlə effektiv dialoq yaratmağa çağırıb. Çili XİN-in bəyanatında Venesuelada keçirilmiş seçkilərin böhranı dərinləşdirəcəyi bildirilir və seçki qanunsuz adlandırılır. Peru hökuməti isə Şimali və Cənubi Amerika XİN rəhbərlərinin təcili müşavirəsinin çağırılması təşəbbüsü ilə çıxış edib. ABŞ hökuməti isə Venesuelada avtoritarizmin memarlarına qarşı tədbir görmək niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauertin bəyanatında bildirilir. Bəyanatda deyilir ki, ABŞ iyulun 30-da Maduro hökumətinin keçirdiyi Konstitusiya Assambleyasına seçkiləri qınayır: “Bu assambleya qanuni yolla seçilmiş Milli Assambleyanı əvəz etməyə və Venesuela xalqının öz müqəddəratını təyin etməsinə qarşı yönəlib. ABŞ ölkədə hərtərəfli və çiçəklənən demokratiyanı bərpa etmək cəhdində Venesuela xalqı və onun konstitusion nümayəndələri ilə birlikdədir”. Nauert xəbərdarlıq edib ki, ABŞ Venesuela hökumətinə, o cümlədən yeni yaradılan Konstitusiya Assambleyasının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır: “Biz Venesuelada avtoritarizmin memarlarına, o cümlədən bugünkü qanunsuz seçkilər nəticəsində Konstitusiya Assambleyasının işində iştirak edəcək şəxslərə qarşı sürətli və qətiyyətli tədbirlər görməyə davam edəcəyik”. Nauertin fikrincə, iyulun 16-da müxalifətin keçirdiyi referendum sübut etdi ki, Venesuela vətəndaşlarının əksəriyyəti Konstitusiya Assambleyasının yaradılması ideyasını rədd edir: “Biz Maduro rejimi tərəfindən yol verilən zorakılığı pisləyir və yaxınlarını itirən bütün venesuelalılara başsağlığı diləyirik. Biz Qərb yarımkürəsi ölkələrinin və bütün dünya ölkələrinin hökumətlərini demokratiya və insan haqlarını pozan, repressiya və zorakılığa görə məsuliyyət daşıyan, korrupsiya əməlləri törədənləri məsuliyyətə cəlb etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq”.
Qeyd edək ki, ekspertlər Venesuelada uzun aylardır davam edən problemin kökünü heç də daxili amillə bağlamırlar. Bir çox nüfuzlu politoloq vurğulayır ki, bu gün Venesuelada baş verənlər dünya güclərinin savaşının üzə çıxan formasıdır. Bildirilir ki, qlobal güclər müəyyən nizam yaratmağa, inkişaf etməyə və müstəqil siyasət yeritməyə çalışan dövlətlərə qarşı təzyiq üçün müxtəlif variantlardan istifadə edirlər. Braziliyada aylardır davam edən böhran, dövlət başçılarını bir-birinin ardınca korrupsiya qalmaqalları ilə üzləşməsi və nəticədə ölkənin iqtisadi baxımdan çətin günlər yaşaması qlobal güclərin siyasi oyunları ilə bağlıdır. Qətər ətrafında gedən oyun da həmin güclərlə bağlıdır. Pakistana qarşı da müəyyən siyasətin planlaşdırıldığı qeyd edilir. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında getdikcə şiddətlənən rəqabəti öz nəzarətləri altına almağa, istənilən situasiyaya hakim olmağa çalışan qlobal güclər bunun üçün ölkələrə qarşı hər cür əməliyyatlar həyata keçirirlər. Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən, Şimali Koreya kimi böhran nöqtələri yaradaraq, həmin coğrafi əraziləri daima nəzarətdə saxlayır, hərbi iştiraklarını artırır, müxtəlif hərbi və siyasi əməliyyatlar həyata keçirmək imkanı əldə edirlər. Ekspertlər bildirirlər ki, Venesuelada baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Qlobal güclər Çavesdən sonra Venesuelanı tam nəzarətə almaq istəyir. Maduronun buna nə qədər müqavimət göstərəcəyi bəlli deyil. Hətta bəzi ekspertlər Venesuelaya hərbi müdaxiləni də istisna etmirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7907

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info