Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız
Tarix: 01.08.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər
Eldar Abdinov:
“Azərbaycan diasporunun işində yaxından iştirak edir, öz yardım və əməyimi əsirgəmirəm”

Ötən yazımda qeyd etdiyim kimi, Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinin parlamentində bir soydaşımız təmsil olunur. Ekibastuz əhalisi və həmvətənlərimiz tərəfindən sayılıb-seçilən həmin insanla öncə istərdim tanış olaq: Abdinov Eldar Rzaqulu oğlu 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində andan olub. 1958-68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970-72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd E.Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il E.Abdinov Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır.
E.Abdinov Ekibastuza gəlişini xatırlamağı çox xoşlayır: “Hərbi xidmətdən Vətənə qayıdarkən Ekibastuz şəhərində dostlarıma baş çəkməyi qərara aldım. Bu şəhərə bir həftəliyə gəzməyə gəlmişdim, lakin ömürlük burada qalmağa qərar verdim”.
Son 20 il ərzində xarici investorların gəlişi ilə əlaqədar olaraq “Boqatır Akses Komir” MMC-də Yeməkxanalar müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, Pavlodar Sənaye və Karaqanda Kooperativ institutlarını bitirərək iki ali təhsil alıb.
Hazırda E.Abdinov Əməkdar təqaüdçüdür. Tanınmış ictimai xadim 2003-cü ildən etibarən Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Xalqları Assambleyasının üzvü, “Ekibastuzun gələcəyi” hərəkatının aktiv üzvlərindəndir.

Ekibastuzun azərbaycanlı fəxri vətəndaşı
E.Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib. 2015-ci ildən Ekibastuz şəhərinin fəxri vətəndaşı olan E.Abdinov dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub, Qazaxıstan Respublikası Konstitusiyasının 10 illiyi medalı, Qazaxıstan Respublikası Müstəqilliyinin 20 illiyi medalı, 1-ci, 2-ci, 3-cü dərəcəli “Əmək şöhrəti” nişanları, “Kömür sənayesi fəxri əməkdaşı” nişanı, “Şəhər qarşısında xidmətlərinə görə” nişanı ilə təltif edilib.
1976-cı ildə ittifaq əhəmiyyətli EİEK-nin inşasında Azərbaycandan komsomol təyinatı ilə 100-dən artıq gənc gəlib. Onların gəldiyinin səhəri gün E.Abdinov yataqxananın qırmızı guşəsində onlarla görüşür və şəhərdə olan vəziyyəti izah edir. Həmin il amnistiya edilib, həbsxalardan buraxılmış on minlərlə keçmiş canilər komsomol tikintiləri gedən şəhərlərə yerləşdirilib. Ekibastuz şəhəri də istisna hal təşkil edib. Bununla əlaqədar olaraq şəhərdə kriminogen vəziyyət çox gərgin olub. Şəhərdə hörməti olan gənc Eldar öz köməyini həmvətənlərinə təklif edib və hər zaman öz yardımını əsirgəməyib. Hələ yaxın keçmişdə cani olanlar şəhərdə öz qanun-qaydalarını qurmaq istəyirmişlər. Qürurlu azərbaycanlı gənclər isə onlara layiqli müqavimət göstəriblər; tez-tez çaxnaşmalar, qarşıdurmalar olub. Bir çox gənc dava-dalaş etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Amma E.Abdinovun səyi nəticəsində onlardan heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb və hamısı vətənə sağ-salamat qayıdıb, heç bir ananın gözü yaşlı qalmayıb.
E.Abdinov hər zaman həmvətənlərinə qarşı diqqətli olub. Bu şəhərə gələn azərbaycanlıları işlə təmin etməyə, yataqxanalarda yerləşdirmyə yardım edib. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada E.Abdinovu, heç olmasa, bir nəfər tanımayan şəxs olmasın.
1990-cı ilin yanvar hadisələri zamanı Ekibastuz DRES tikintisində çalışan hərbi inşaat hissələrində onlarla azərbaycanlı əsgər xidmət edirmiş. Həmin hadisələr zamanı Azərbaycanla bütün əlaqələr- rabitə, hava, dəniz, avtomobil, dəmir yolları bağlanıb, iflic vəziyyətə düşüb. Əsgərlərlə gəlib çatan məlumatlar daha çox şayiə şəklində şişirdilmiş formada olurmuş. Dəqiq məlumatın olmaması, daha doğrusu, məlumatsızlıq əsgərləri narahat edib. Onlar ayağa qalxıb, xidmətdən imtina edib, hərbi hissəni özbaşına tərk etmək istəyirmişlər. Kiçik bir qığılcım milli zəmində iğtişaşa gətirib çıxara bilərdi. Bu vəziyyətdə dövlət rəhbərliyi səviyyəsində Eldar müəllimə gecə ilə müraciət edilib. Bütün rəsmi qurumlarda tanınan Eldar müəllim şəhərin Rabitə Xidmətinin rəhbərliyinə müraciət edib. Çox operativ surətdə o, xüsusi rabitə avadanlığı ilə əsgərlərin yanına gedib. İğtişaş yaranmaq üzrə imiş. Hər bir əsgər elə bilirmiş ki, onun ailəsində ölən və ya yaralanan var. Hamı qışqırır, bir-birinin sözünü kəsir və sübut etmək istəyirmişlər ki, bu, həqiqətən də, belədir. Bu zaman Eldar müəllim əlini qaldırıb sükut tələb edib və əsgərlərə üz tutub deyib: “Bəli, Azərbaycanda faciə baş verib. Amma bu, sizlərin indi düşündüyünüz kimi deyil. Bu xüsusi rabitə cihazlarını görürsüzmü? Bu dəqiqə siz mənə Azərbaycanın istənilən nöqtəsindən 5 telefon nömrəsi verirsiz və həmin nömrələrlə bu dəqiqə əlaqə yaradılır. Və siz həqiqi məlumat alırsız. Əsas faciə Bakı, Sumqayıt və Gəncədə baş verib. Özünüz seçin bir nəfər, Bakı, yaxud Sumqayıtdan, bir nəfər isə Gəncə zonasından. Onları xüsusi reys ilə Azərbaycana məzuniyyətə göndərirəm ki, ətraflı məlumat gətirsinlər”.
Belə də olub. E.Abdinovun sayəsində yaranmaqda olan qanlı iğtişaş yerindəcə yoluna qoyulub, yüzlərlə ailəni əhatə edə biləcək faciə onlardan uzaqlaşdırılıb. Bəlanı uzaqlaşdırmaq, ona düçar olanı xilas etməkdən daha üstündür.

“Azərbaycan” Cəmiyyəti bütün Pavlodar vilayətində tanınır
E.Abdinov, eyni zamanda diaspor işində də aktiv soydaşlarımızdandır. Bu istiqamətdə fəaliyyəti haqqında o bildirdi: “12.05.1992-ci ildə Qazaxıstan Respublikasının Pavlodar vilayətinin Ekibastuz şəhərində mənim təşəbbüsümlə “Azərbaycan” Cəmiyyəti yaradıldı və mən bu cəmiyyətə sədr seçildim. Azərbaycan üçün qanlı-qadalı o illərdə bütün həmvətənlərimi Azərbaycana yardım etməyə səfərbər etdim, vəsait topladım. 164 kq dərman və 250 000 rubl (təqribən 40 000 manat ekvivalent) ilə Azərbaycana getdim. Dərmanları və həmin pullara alınmış zirehli jiletləri çox böyük ehtiyacı olan gənc Azərbaycan Ordusunun zabitlərinə təhvil verdim. Beləliklə, onlarla hərbçinin həyatının xilasında iştirak etdim.
2004-cü ildə ictimai işlərim olduqca çox olduğundan könüllü surətdə Cəmiyyətin sədri vəzifəsindən istefa verdim və Ağsaqqallar Şurasının sədri seçildim. 1996-2004-cü illər ərzində Ekibastuzdakı “Azərbaycan” Cəmiyyətinin festival, yarış və s. tədbirlərdə iştirakını təşkil etmişəm. Bununla Cəmiyyət bütün vilayətdə tanınıb. Təqaüddə olmağıma baxmayaraq, indi də Azərbaycan diasporunun taleyində yaxından iştirak edir, öz yardım və əməyimi əsirgəmirəm”.

“Çalışıram sakinləri öz problemləri ilə təkbətək qoymayam”
E.Abdinovun ictimai-siyasi fəaliyyətinin əsas hissəsini, bir millət vəkili olaraq gördüyü işlər təşkil edir. O qeyd etdi ki, Məsləhət Şurasında öz maraqlarını təmsil etməyi ona həvalə etmiş əhaliyə qarşı laqeyd qala bilməz: “Mən Məsləhət Şurasında vətəndaşların qanuni maraqları və hüquqlarının təminatı üzrə daimi komissiyanın sədr müaviniyəm. Məni böyük də, kiçik də öz ərazimizdə tanıyır. 13 ildən çoxdur ki, öz vəsaitim hesabına 15 yaşına çatmış yeniyetmə oğlan və qızlar arasında müxtəlif idman növləri üzrə yarışlar keçirir, gənc idmançılar üçün idman formaları alır, yerli təsərrüfatları ərazini abadlaşdırmaq üçün mobilizə edirəm. Mənim təşəbbüsümlə Ekibastuzda yaşayış binlarında borular dəyişdirilib, həyətlər abadlaşdırılıb, qazanxanalar, elektrik xətləri, idman kompleksləri təmir olunub. Mən 10 ildən çoxdur ki, “Məktəb yolu” aksiyasında iştirak edirəm. Bu aksiya çərçivəsində məktəb ləvazimatı və komplekt məktəbli geyimi kasıb ailələrə təqdim olunub. 10 ildən artıqdır ki, Ahıllar Günü ilə bağlı qəbul keçirir, öz seçki ərazimdən müxtəlif insanları dəvət edir və onlar üçün süfrə açırıq. Bu müddət ərzində 1084-dən çox əmək fəaliyyətini dayandırmış şəxs dəvət olunub. Ümumiyyətlə, çalışıram sakinləri öz problemləri ilə təkbətək qoymayım”.
Fuad Hüseynzadə
(Bakı- Ekibastuz-Bakı)




 
Bölməyə aid digər xəbərlər
07.12.2017
Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”
24.11.2017
Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info