“Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”
Tarix: 10.08.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər
“Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır”

Son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsi istiqamətində təxribatların sayı artmaqdadır. Ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq, hətta mülki əhaliyə belə, atəş açırlar, eyni zamanda evləri artilleriya silahı ilə dağıdırlar. Ermənistanın Azərbaycana bu kimi təcavüzkar əməlləri istər yerli ictimaiyyətin, istərsə də beynəlxalq birliyin qınağına səbəb olur.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramil Yusibov xəsarətlər alıb. Bununla bağlı fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır. O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Bu, artıq dözülməzdir. Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır. Dünya ictimaiyyəti bu məsələdə ciddi iradə nümayiş etdirməlidir. Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil”.
Bir çox beynəlxalq təşkilatın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıdığını xatırladan N.Qule deyib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ABŞ prezidenti Donald Tramp işğalın qurbanı olan Azərbaycanın tərəfində olmalıdır.

Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır
Nəzərə çatdıraq ki, Ermənistan ordusunun mülki əhaliyə hərbi təcavüzü, həmçinin orduda tüğyan edən özbaşınalıq barədə “Özgə saatı” adlı animasiya hazırlanıb. Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks olunub.
Animasiya çarxında erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət etməsi və bu qarətin ona xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi göstərilir. Eyni zamanda zəbt edilmiş ərazilərdə Azərbaycana məxsus bir sıra tarixi abidələrin 3D qrafikli animasiyaları hazırlanıb. 3D animasiyada, həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılıb.
Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Bu videoçarx Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb.
Ermənistan ordusu öz neqativ əməlləri ilə gündəmə gələrkən, Azərbaycan hərbçiləri yeni-yeni uğurlar əldə edirlər. Belə ki, milli ordumuz “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində növbəti uğurunu qazanıb. Artıq “Dəniz kuboku-2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.
Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan ediliblər.
İkinci yerə İran, üçüncü yerə Qazaxıstan dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüblər.

Türkiyə iş adamları Cocuq Mərcanlı kəndində müxtəlif layihələr icra edəcəklər
Məlum olduğu kimi, Azərbaycan Ordusunun əsas uğurlarından biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndidir. Artıq Azərbaycan dövləti tərəfindən Cocuq Mərcanlı kəndində abadlıq-quruculuq işləri gedir. Diqqətçəkən məqam odur ki, Türkiyə iş adamları da bu kəndə müxtəlif layihələr icra etmək istəyirlər. Ötən gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyətinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki görüşündə bu haqda söhbət olub. Komitədən verilən məlumata görə, qonaqlar Komitənin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşərək Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparıblar.
Görüşdə nümayəndə heyətinin üzvləri bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. “Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmalıyıq”, deyə görüşdə vurğulanıb.
Görüşdə qərara alınıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qurupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparılsın.
Qeyd edək ki, bu görüşdən əvvəl adıçəkilən nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb və onların rəy və təkliflərini dinləyiblər.

Cəbhə bölgəsində məktəblilərin futbol turniri keçirilib
Onu da deyək ki, cəbhə bölgəsində nə qədər gərginlik yaşansa da, həyat davam edir. Belə ki, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilib. Tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, millət vəkili İlham Məmmədov, İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin müdiri Emin Pənahov, layihənin koordinatoru Kərim Ağayev, rayon Uşaq-Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev və Şimal-Qərb Regional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov iştirak ediblər.
Tədbirdə millət vəkili, layihənin rəhbəri R.Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonundan seçilmiş deputat S.Alıyev və millət vəkili İ.Məmmədov çıxış ediblər.
Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Birinci Avropa Oyunlarında, RİO-2016-da və Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info