“Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”
Tarix: 10.08.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər
Sahib Alıyev: “Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir”

Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi:
“Ermənilərin yaraladığı 100-dən çox dinc sakini müalicə etmişəm”


1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan ordusunun Azərbaycanda uşaqları qətlə yetirməsi ara vermir. Son iki ayda isə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindən yeni və qorxunc xəbərlər gəlir. Cəbhə bölgəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilir, onların başına müsibətlər gətirilir. Xüsusən də azyaşlı körpənin nənəsi ilə birgə öldürülməsi və bu günlərdə 13 yaşlı uşağın yaralanması nəinki Azərbaycan ictimaiyyətinin, beynəlxalq aləmin də hiddətinə səbəb oldu.
Daim təxribatlar törətməklə gündəmə gələn Ermənistan silahlı qüvvələri bir neçə gün öncə cəbhə bölgəsində hərbi cinayətlər törətməklə də vəziyyətin daha da gərginləşməsinə cəhdlər etdi. Danışıqlar prosesini pozmaq üçün ən müxtəlif vasitələrə əl atan Ermənistan tərəfi növbəti dəfə azərbaycanlı mülki əhaliyə qarşı cinayətlərə əl atdı, işğalçı və terror dövləti olduğunu, beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha ortaya qoydu. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının, həmçinin uşaq hüquqlarına, insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Yaşayış məntəqələrini dağıdan və mülki əhaliyə zərər vuran Ermənistan ordusunun bu əməlləri müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətinin əyani sübutudur. Qeyd edək ki, son təxribat zamanı Tovuzun Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ramilin atası Sabir Yusibov övladını Ermənistan ordusunun hədəfə almasını pisləyərək baş verən məlum olaylar haqqında danışıb. O deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz, oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.
O qeyd edib ki, erməni hərbçiləri daim dinc sakinləri, xüsusilə uşaqları hədəfə alırlar: “Onların məqsədi bizi doğma torpağımızdan didərgin etməkdir. Ancaq bu mənfur məqsədlərinə çatmayacaqlar. Çünki bizi Azərbaycan Ordusu qoruyur. Onlar Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkindikləri üçün kəndi atəşə tuturlar. Lakin ordumuz cavablarını layiqincə verir”, - deyə Ramilin atası bildirib.
Ermənilərin atəşkəsi tez-tez pozması kənd sakinlərinin təsərrüfat işlərini görmələrinə də mane olur. Hətta sakinlərin evlərinə, mal-qaralarına da ziyan dəyir. Sabir Yusibov beynəlxalq təşkilatları buna göz yummamağa çağırıb. “Bir ay əvvəl, iyulun 4-də ermənilər Füzuli rayonunun Alxanlı kəndini də ağır silahlardan məqsədli şəkildə atəşə tutmuşdu. Nəticədə 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişdi. Digər sakin, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. Bu dəfə isə mənim oğlum hədəf oldu. Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”, - deyə Sabir Yusibov haqlı iradını bildirib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-cərrah həkimi Kəmaləddin Abbasov isə deyib ki, ermənilərin Tovuzda törətdikləri məlum təxribatın acı nəticəsi təəssüf doğurur və o ilk dəfə deyil ki, Ermənistan ordusunun yaraladığı mülki əhalini müalicə edir: “Avqustun 7-də axşam saatlarında xəstəxanadan zəng etdilər ki, ermənilər dinc sakinləri atəşə tutub, uşaq yaralanıb, xəstəxanadadır. Təcili işə gəldim. Məlum oldu ki, yaralanan Qaralar kənd sakini 13 yaşlı Ramil Yusibovdur. İşə gəldikdə Raminin ayağında çoxlu qəlpə yaralarının olduğunu gördüm. Tez əməliyyata başladıq, uşaq bərk qorxmuşdu. Onun sağ ayağından çoxlu sayda qəlpə çıxardıq”.
Artıq neçənci dəfədir ermənilərin dinc sakinləri hədəfə aldığını vurğulayan K.Abbasov deyib: “İndiyədək ermənilərin açdığı atəş nəticəsində yaralanmış 100-dən çox dinc sakini müalicə etmişəm. Onların içərisində uşaqlar da olub, qocalar da, qadınlar da. Hər dəfə də beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılır. Onları erməni təcavüzünə göz yummamağa çağırırıq. Amma görünür ki, erməni təəssübkeşliyi, təcavüzə uğrayanla, təcavüzkar arasında fərq qoyulmaması həmin beynəlxalq təşkilatlarda adi hala çevrilib”.
Bir ay əvvəl ermənilərin Füzuli rayonunun Alxanlı kəndini də atəşə tutduğunu xatırladan tovuzlu həkim bildirib ki, 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsinə göz yumulması, beynəlxalq təşkilatların erməni təcavüzünə öz etiraz səslərini ucaltmaması növbəti təxribata yol açdı. “Biz beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i, onun Minsk qrupunu torpağı işğal edilənlə təcavüzkara eyni yanaşmamağa çağırırıq. Onların erməni təcavüzünə biganə yanaşması düşməni yeni təxribatlara həvəsləndirir. Daha nə qədər dinc sakinin qanı tökülməlidir ki, erməni təcavüzünə “dur” deyilsin?!”, - deyə K.Abbasov qeyd edib.
Millət vəkili Sahib Alıyev də Ermənistan tərəfindən törədilən məlum təxribatları, təcavüz aktını qəti və kəskin şəkildə pisləyib. O deyib ki, Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. Sahib Alıyev bildirib ki, bu fərq hazırda o xuntanın başında duran Serj Sərkisyanın etiraflarında da yer alıb: “Ancaq bu, təəccüblü deyil. Təəssüf və təəccüb doğuran odur ki, hansı səbəbdən Minsk qrupunun həmsədrləri uşaq qatilinə nəinki tolerant, eyni zamanda himayədarcasına yanaşırlar? Niyə dünya birliyi uşaq qatilinin, işğalçı rejimin, hərbi xuntanın əsl qiymətini vermək istəmir?!”.
Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Forum gənclər üçün yaxşı platformadır”
21.08.2017
“Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək”
18.08.2017
“Türk axını” qaz boru kəmərinin 19 faizi tikilib
18.08.2017
“Azərbaycanın mədəniyyətini çox bəyəndim”
18.08.2017
“Skautların Bakı konfransı çox məhsuldar keçdi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info