Görülən tədbirlər baramaçılığın inkişafına təkan verəcək
Tarix: 10.08.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər
Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi baramaçılığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilib. Operativ tədbirlər nəticəsində 2 il ərzində bu rəqəm 244 tona çatdırılıb. Azərbaycanda 30 rayonda barama istehsal olunur. Ölkə başçısı bu istiqamətdə görülən tədbirlər barədə bildirib ki, dövlət hər şeyi öz üzərinə götürüb: “Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də, əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaq. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur.
Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik”.
Qeyd edək ki, Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə, ümumilikdə, 2421 barama istehsalçısına 239 min 790,78 kiloqram yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1 milyon 198 min 953,90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə Ağcabədidə 73 mindən çox tut tingi əkilib
Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
Barama və pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov məruzə ilə çıxış edib, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Diqqətə çatdırılıb ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 761 kiloqram yaş barama istehsal olunub. Gələcəkdə barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd tut tingi əkilib. Məhsuldar tut ağaclarından toxum götürülərək 6609 kvadratmetr sahəyə səpilib.
Yığıncaqda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, 2016-cı ildə rayon ərazisində 3661 hektar sahədə pambıq becərilib, 8852 ton məhsul istehsal olunub. Bu il isə 9492 hektarda çiyid səpini həyata keçirilib ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur.
Tədbirdə çıxış edənlər baramaçılıq, taxılçılıq və pambıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq üçün görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçü və fermerə fəxri fərman və hədiyyələr verilib.

Tərtərdə barama istehsalı artırılır
Tərtər rayonunda ənənəvi istehsal sahələrindən olan baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Rayon kümçüləri tərəfindən 2016-cı ildə 959 kiloqram, cari ildə isə 4,6 ton barama istehsal edilib. Bu faktlar Prezidentin müşavirədəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tərtər rayonunda keçirilən yığıncaqda səsləndirilib.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün tədbirlər həyata keçirilir. İpəkqurdu üçün yem bazasının gücləndirilməsi məqsədilə keçən il rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 30 min, həmçinin 1357 ədəd yerli tut tingi əkilib. Kəndlərdə olan mövcud çəkil ağaclarında budama işləri aparılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarından sonra bu sahədə də ciddi dönüş yaranıb. Belə ki, cari ildə pambıq əkinləri 2015-ci illə müqayisədə 5,7 dəfə, 2016-cı ilə nisbətən isə 3 dəfə artaraq 3123 hektara çatdırılıb. Ötən il tarlalardan 2334 ton ağ qızıl toplanılıb. Hər hektarın məhsuldarlığı 22,5 sentner olub ki, bu göstərici ilə Tərtər rayonu respublikada 3-cü yeri tutub. Rayon pambıqçıları bu il 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Qeyd edilib ki, Tərtər rayonunda fındıqçılığın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Rayonda 37,4 hektar fındıq bağları mövcuddur ki, onun da 12,1 hektarı 2016-cı ildə salınıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev, Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyev, kümçü Sabir Əsgərov və başqaları görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Vurğulanıb ki, tərtərlilər Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi üçün verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar bütün imkanları səfərbər edəcək, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

C əlilabadda barama istehsalı genişləndirilir
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Prezidentin nitqindən irəli gələn vəzifələrlə bağlı ümumrayon yığıncağı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib edib ki, respublika müşavirəsində Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, bütün rayon ictimaiyyəti səfərbər olunmalı, səmərəli iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik göstərilməlidir.
Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən, Cəlilabad rayonunda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilib, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Ötən il rayonda əkilmiş 426 hektar pambıq sahəsindən 798 ton məhsul istehsal edilib. Bu il isə pambıq əkini 500 hektara çatdırılıb. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür.
Bildirilib ki, rayonda kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına da diqqət artırılıb. Bu məqsədlə Təzəkənd kəndində 10 min tut tingi əkilib. Bu il kümçülər tərəfindən 243 kiloqram barama istehsal edilib.
Diqqətə çatdırılıb ki, Cəlilabad rayonunda tütün, barama, fındıq və zeytun istehsalı üçün bütün lazımi şərait var. İxrac imkanları geniş olan bu sahələrin inkişaf etdirilməsi üçün rayon kənd təsərrüfatı idarəsi, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri müvafiq tədbirlər hazırlayıb həyata keçirməli və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərini gücləndirməlidirlər.
Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov, meliorasiya və su təsərrüfatı idarəsinin rəisi Mirhəsən Nəsirov, sahibkarlar Cəlal Əmirov, Rafael Nağıyev çıxış edərək, rayonda barama, tütün və pambıq istehsalının genişləndirilməsi ilə bağlı təkliflərini bildiriblər.

Gələn il Qazaxda 5 ton barama istehsalı nəzərdə tutulur

Ölkə başçısının müşavirədəki nitqindən irəli gələn vəzifələrlə bağlı Qazax rayonunda da yığıncaq keçirilib. Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, dövlətimizin başçısının Qaxda keçirdiyi müşavirədə qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq bolluğunun yaradılması, aqrar sahəni inkişaf etdirərək ixracatın artırılması məqsədilə respublikamızın hər bir yerində olduğu kimi, Qazax rayonunda da məqsədyönlü iş aparılır. Yeni istehsal sahələri yaradılır, aqrar sahədə daha çox məhsul əldə etmək üçün müasir texnologiyalardan istifadə olunur, aqrotexniki qaydalara əməl edilir. İstehsalçıların öz məhsullarını satmaları üçün əvvəlcədən emal müəssisələri ilə müqavilələr bağlanılır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlər öyrənilir, əkinçiliyin inkişaf etdirilməsi, torpaqdan səmərəli istifadə olunması üçün lazımi tövsiyələr verilir və kömək göstərilir.
R.Babaşov bildirib ki, 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün lazımi aqrotexniki tədbirlər görülüb, yüksək məhsuldarlıq üçün möhkəm əsas yaradılıb. Məhz bunun nəticəsidir ki, rayon üzrə 2750,6 hektar arpa sahəsindən 6629 ton, yəni hər hektardan 24,1 sentner, 8289,2 hektar buğda sahəsindən isə 29840 ton, hər hektardan 36 sentner olmaqla, 36469 ton məhsul götürülüb. Bununla da Qazax rayonunun tarixində ilk dəfə belə yüksək məhsuldarlıq, hektardan 33,03 sentner taxıl əldə edilib. Bu da ötən ilə nisbətən taxılın 12776 ton, məhsuldarlığın isə 2,9 sentner çox olması deməkdir. Cari ildə rayonda ilk dəfə şəkər çuğunduru əkilib. Hazırda 123 nəfər çuğundur istehsalçısı 522,97 hektar sahədə çuğundur becərir.
Bildirilib ki, baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar dövlətimizin başçısının müvafiq tapşırığından sonra Qazax rayonunda da yenidən barama istehsalına başlanılıb. Ötən il rayon üzrə 1502 kiloqram barama istehsal edilib. Bu il 20 kümçü 4623 kiloqram barama istehsal edib və 40233 manat gəlir götürüb. Gələn il isə 5 min kiloqram barama istehsalı proqnozlaşdırılır. Diqqətə çatdırılıb ki, ötən ildən rayonda tütün becərilməsinə başlanılıb və tütün əkilən 10 hektar sahədən 15635 kiloqram quru tütün istehsal olunub. Cari ildə tütün sahələri genişləndirilərək 50 hektara çatdırılıb.
Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat veriblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.10.2017
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
16.10.2017
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
16.10.2017
Bakıda İtaliya təhsil sərgisi keçiriləcək
13.10.2017
Rumen Radev: “Bolqarıstan Azərbaycanın siyasətini dəstəkləyir”
13.10.2017
“Biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik“

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info