Naxçıvanın iqtisadi potensialı güclənir
Tarix: 11.08.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər
Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində innovativ inkişaf davamlı xarakter alıb. Milli və bəşəri dəyərlərin vəhdətdə yaşadıldığı muxtar respublikada bu gün aparılan məqsədyönlü dövlət siyasəti sayəsində müasir sənaye kompleksləri yaradılıb, özəl sektorun fəaliyyəti genişləndirilib. Sevindirici haldır ki, bütün bölgələrin sosial-iqtisadi yüksəlişində, eyni zamanda insanların məşğulluğunda müstəsna rol oynayan kənd təsərrüfatının inkişafı istiqamətində də muxtar respublikada kompleks tədbirlər həyata keçirilib.
Kənd təsərrüfatının rentabelli inkişafı həm də ərzaq təhlükəsizliyinin təmin olunması kimi mühüm bir məsələnin həllinə imkan verir. Bu gün həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi Naxçıvanda taxıl əkini sahələrini xeyli genişləndirib. Onu da qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublikada 22 min 268 hektar sahədə buğda, 9 min 364 hektar sahədə arpa əkilib.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 400 hektar ərazidə isə mütərəqqi əkin və suvarma metodlarından istifadə edilib. Belə ki, taxıl sahəsində şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Ərazidə qapalı suvarma şəbəkəsinin quraşdırılması, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə yaxşı inkişafına və bol məhsul istehsalına səbəb olub.
İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Kənd təsərrüfatında özünəməxsus yer tutan heyvandarlığın inkişafı da muxtar respublikada diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvanda heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib, daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunub.
Bunu faktlar da sübut edir. Belə ki, 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb. Hazırda muxtar respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublikada 3 ət, 12 süd, 1 gön-dəri emalı, 1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir.
Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailəsinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən səyyar müşavirədə bu məsələlər ətraflı müzakirə olunub.
Ali Məclisin Sədri dezinfeksiya işlərinin aparılması, epizootik vəziyyətin təhlilinə nəzarətin gücləndirilməsi, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlərin görülməsi, yerli arı genofondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, ali və orta ixtisas məktəblərində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına hədiyyələr verib, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunub.
Geostrateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, qədim tarixi, mədəniyyəti, zəngin təbii sərvətləri, heyrətamiz təbiəti, havası, təmizliyi, insanların gülərüz və mehriban olması muxtar respublikaya səfər edən xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin də diqqətini cəlb edir, onlarda xoş təəssüratlar yaradır.
İyulun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.
Dünyanın sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın qədim tarixinin öyrənilməsi istiqamətində son illər mühüm işlər görülüb, muxtar respublikada mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr edilib. Türk-İslam mədəniyyəti əsrlərboyu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Müxtəlif iddiaların əksinə olaraq naxçıvanlılar 653-cü ildə ərəblərlə bağlanmış müqavilə nəticəsində İslam dinini könüllü qəbul ediblər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə, təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Naxçıvanın İslamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcısı kimi çıxış etməsi regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, Türk-İslam mədəniyyəti dövrünün başlanmasına rəvac verib.
İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclasında səsləndirilən bu və digər faktlar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın işə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayıb. Ali Məclisin Sədri deyib: “Azərbaycanın Naxçıvan diyarında Türk-İslam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə, Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub.”
Bu gün Naxçıvanın zəngin tarixi-mədəni irsi onun Türk-İslam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bu mənada, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi deyil. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı muxtar respublika ərazisindəki Türk-İslam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaq.
Qeyd edək ki, beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb, dünyanın bir sıra ölkələrində maraqla izlənilib. Həmin gün beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Naxçıvan Muxtar Respublikasında bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların daha çox regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin təmin edilməsi həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ana xəttini təşkil edir. Muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər isə öz nəticəsini verməkdədir. Belə ki, Naxçıvanda bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artıb.
İyulun 25-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında bu barədə ətraflı məlumat verilib, bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib.
2017-ci ilin birinci yarısında muxtar respublikamızın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qarşıda duran vəzifələrlə bağlı əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib. Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də iqtisadi potensialımız daha da güclənəcəkdir”.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələr daim inkişaf edir. İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədi sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. Qürurla deyə bilərik ki, muxtar respublika bu sahədə tarix üçün olduqca qısa sayılan zaman kəsiyində qibtəediləcək nailiyyətlər qazanıb, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib. Naxçıvanın blokada vəziyyətində özünəməxsus milli inkişaf modelini yaratması Azərbaycan dövlətinin ən böyük uğuru, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu, çətin şəraitdə yüksəlişin əldə edilməsinin mümkünlüyünün konkret və əyani göstəricisidir. Naxçıvanda qazanılmış uğurlu nəticələr, inkişafın sabit və dayanıqlı səciyyə daşıması qabaqcıl idarəçilik metodlarının tətbiq edilməsi ilə birbaşa bağlıdır.
Rauf Kəngərli




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Şəmkir Aqroparkı” bölgənin ixrac imkanlarını genişləndirəcək
21.08.2017
Zaqatalanın fındıq bağlarından 9 min tonadək məhsul gözlənilir
18.08.2017
Naxçıvan sakinlərinə səyyar xidmət göstərilib
18.08.2017
Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
17.08.2017
Xaçmazda modul tipli məktəb binaları quraşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info