“Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
Tarix: 14.08.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər
Fərid Əliyev: “Qarabağ həqiqətləri əcnəbilərə daha çox dolayı yollarla çatdırılmalıdır”

Bu gün xaricdə yaşayan Azərbaycan gəncləri Qarabağ həqiqətlərinin təbliği işində öz aktivliklərini daim gücləndirirlər. Onlar bu işi fərdi və ya ictimai birliklərdə bir araya gələrək davam etdirirlər. Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası (ASEAF-Association des étudiants azerbaïdjanais en France) da bu baxımdan beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini müdafiə edir. Təşkilatın sədri Fərid Əliyev qəzetimizə müsahibəsində Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərin rolundan danışdı. Qeyd edək ki, F.Əliyev, eyni zamanda Strasburq Universitetinin magistridir.

-Öncə oxucularımıza özünüzü tanıtmağınızı istərdik.
-Mən 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuşam. 2008-ci ildə Respublika İncəsənət Gimnaziyasını Rəssamlıq ixtisası üzrə bitirmişəm. Elə həmin il Bakı Dövlət Universitetinin İqtisadi-kibernetika fakültəsinə daxil olmuş, lakin ali təhsilimi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Fransada davam etdirmişəm. 2008-2009-cu illərdə Fransanın Bezanson şəhərində fransız dili kursları keçmiş və bu kursları müvəffəqiyyətlə bitirmişəm. 2009-cu ildə Strasburq Universitetinin İqtisadiyyat elmləri və idarəetmə fakültəsinə daxil olmuş, 2012-ci ildə bakalavr dərəcəsi almışam.
2013-cü ilin yanvar ayından bir il müddətinə hərbi xidmətdə olmuşam. Əsgərlikdən sonra bir müddət sərbəst olaraq fransız dili tərcüməçisi kimi işləmişəm.
1 noyabr 2014-cü il tarixindən 2015-ci ilin sentyabr ayına qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində aparıcı məsləhətçi vəzifəsində çalışmışam. 2015-ci ilin sentyabr ayından təhsilimi Strasburq Universitetinin Beynəlxalq layihələrin idarə olunması fakültəsində magistr olaraq davam etdirirəm.
Təhsil aldığım müddətdə Strasburq Universitetinin konsultasiya təşkilatında (Eco-Gestion Conseil) Kommunikasiya meneceri olaraq fəaliyyət göstərmişəm. 2017-ci ilin iyun ayından Luksemburqda yerləşən “Vodafone Procurement Company” şirkətində İnternet of Things sahəsində layihə meneceri olaraq təcrübə keçirəm.

- Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası nə vaxtdan fəaliyyət göstərir?

-1999-cu ildə yaradılan ASEAF Fransanın Strasburq şəhərində yerləşir. Təşkilat mədəni, elmi və sosial sahələrdəki fəaliyyətləri ilə Azərbaycanın Fransada diaspor fəaliyyətinə və azərbaycanlı tələbələrin Fransaya inteqrasiyasına dəstək verir. Heç bir dini, siyasi və kommersiya məqsədləri yoxdur.
Mən 2016-cı ilin iyul ayından təşkilatın sədriyəm. Bu dövrdə bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın təmsil edilməsində iştirak etmiş və Azərbaycanın Avropada tanıdılmasına töhfə vermişik. Bundan başqa, Avropa Şurası və İnsan Haqları Məhkəməsi qarşısında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyinin qorunmasında rol oynamışıq.

-Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərin nə kimi rolu var?
-Gənclərimiz xarici ölkələrin vətəndaşları ilə daha səmimi və interaktiv münasibətdə olduqları üçün Qarabağ həqiqətlərinin təbliğində daha effektiv rol oynaya bilərlər. Bu səbəbdən təbliğat işlərində təmtəraqlı tədbirlərlə yanaşı, xaricdəki cəmiyyətin fərdinə çevrilmiş həmvətənlərimizin fəaliyyətlərinin istiqamətləndirilməsi və təşkilatlandırılması vacibdir. Təbii ki, bu sahədə təşəbbüsü gənclərimiz öz əllərinə almalıdırlar. Xaricdə tanış olduğumuz hər bir kəs Azərbaycan mədəniyyəti və ölkəmizdəki yaşamla maraqlanır. Həmvətənlərimiz də öz növbəsində bu maraqdan düzgün istifadə etməli və obyektiv məlumatlar ötürməyi bacarmalıdırlar. Məlumatlandırma mərhələli şəkildə həyata keçirilməlidir. Şəxsi təcrübəmdən bunu deyə bilərəm ki, ilk gündən Qarabağ həqiqətlərini çatdırmağa çalışmaq səmərəli bir üsul deyil. Qısaca, belə deyə bilərəm ki, xarici vətəndaşlar birinci tanışlıqda Azərbaycan mədəniyyəti və millətimizin xüsusiyyətləri ilə maraqlanırlar. İnternet çağında istənilən bir nəsə barəsində məlumat əldə etmək o qədər çətin bir məsələ deyil. Azərbaycan haqqında məlumatlandıqca onlar özləri Qarabağ məsələsini kəşf edir və bununla maraqlanmağa başlayırlar, suallar verirlər. Gənclərimizin rolu bu mərhələdə ortaya çıxır. Onlar xarici vətəndaşları düzgün məlumatlandırmalı və Qarabağ həqiqətlərini obyektiv surətdə çatdırmalıdırlar.
Digər tərəfdən daha böyük kütləyə müraciət edə bilmək üçün gənclərimizin təşkilatlanmağı vacib amillərdən biridir. Təşkilatlanmaq vətəndaşlarımızın xarici dövlətlərin ictimai-siyasi mərkəzlərinə təsir imkanlarını artırır və fəaliyyətlərini asanlaşdırmağa kömək edir. Yuxarıda qeyd etdiyim kimi, Qarabağ həqiqətləri daha çox dolayı yollarla çatdırılmalıdır. Xarici vətəndaşların Qarabağ məsələsini özlərinin kəşf etməsi üçün stimul verilməli, yalnız bundan sonra məlumatlandırma prosesinə keçilməlidir. Təşkilati fəaliyyətin birinci məqsədi Azərbaycan mədəniyyətinin ixracı olmalıdır, problemlərin deyil.

-Fransada ölkəmizin tanınmasında tələbələrimiz öz bacarıqlarını ortaya qoya bilirlərmi?

-Təhsil aldığım Fransanın Strasburq şəhərində yaşayan həmvətənlərimiz Azərbaycanın təbliği sahəsində yetərincə işlər görürlər. Azərbaycan mədəniyyəti və Qarabağ həqiqətləri həm xarici dostlarımız arasında individual olaraq, həm də müxtəlif səpkili tədbirlər keçirməklə tanıdılır. Bu sahədə görülən işlərdə tələbələrimizim əməyi danılmazdır. Hər bir vətəndaşımız öz çərçivəsində Azərbaycanın yaşadığı ölkədəki səfiridir. Ölkəmiz haqqında ilk qiyabi təəssüratlar da həmvətənlərimizlə münasibətdə müəyyən olunur. Bu səbəbdən hər bir azərbaycanlı tələbə ölkəmizi ən yaxşı şəkildə tanıtmağa çalışır.
Bütün hallarda gənclərimiz, bu baxımdan, həmrəydirlər. Bu həmrəyliyi də azərbaycançılıq ideologiyası yaradır.

-Fransada türk diasporu ilə həmrəylik hansı səviyyədədir?

-Azərbaycan diasporu Fransada türk diasporu ilə həmrəyliyini daim qoruyub saxlayır. Elə bu il aprelin 27-də Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçirdilər. Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak etdilər.
Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları “AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir və qərəzlidir!”, “Türkiyə və Azərbaycandan əlinizi çəkin!”, “Avropa Şurasında ikili standartlara və islamofobiyaya son qoyulsun!”, “AŞPA-nın monitorinqləri müstəqil ölkələrə təzyiq və təhdid vasitəsidir!”, “Ermənistanın işğalçı siyasətinə göz yuman AŞPA Türkiyə və Azərbaycanı hədəf götürüb” kimi şüarlar səsləndirdilər.
Aksiyada iştirak edənlər AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildirdilər.
Aksiyada Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri olaraq mən, Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, diaspor fəalı Seyidağa Məmmədov və başqaları çıxış edərək qurumun Türkiyə ilə bağlı qərarının ədalətsiz və qərəzli olduğunu vurğuladılar. Aksiyada çıxış edənlər AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmadığını, əksinə, ermənipərəst siyasət yürütdüyünü diqqətə çatdırdılar. Azərbaycan diaspor rəhbərləri Avropanı Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqda günahlandırdılar.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”
14.11.2017
Xocalı soyqırımın bəhs edən kitab İsraildə ingilis dilində çap olunub
13.11.2017
“Reshet Bet” radiostansiyası: “Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info