“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
Tarix: 17.08.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Naibə Behbudova:
“Ermənilər, demək olar ki, hər gün təmas xəttində mülki əhalini atəşə tutur, evləri dağıdır, orada çalışan insanların işlərinə maneçilik törədirlər”

Qarabağ həqiqətlərinin təbliği istiqamətində vətəndaş cəmiyyəti də aktiv iş görür. Bu baxımdan “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi də təqdirəlayiq layihələr icra edir. İctimai Birliyin sədri Naibə Behbudova qəzetimizə müsahibəsində görülən və görüləcək işlər haqqında danışdı. Qeyd edək ki, Behbudova Naibə Abuzər qızı 01 iyul 1959-cü ildə Bərdə rayonun Mollalı kəndində anadan olub. 1966-cı ildə Bərdə şəhər 6 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 1976-cı ildə Ağdaş şəhər Pedaqoji Texnikumunun İbtidai sinif müəlliməliyi fakültəsinə daxil olub və 1979-cu ildə tam kursu bitirərək Bərdə şəhər 6 saylı məktəbdə müəllimə işləməyə başlayıb. 1987-ci ildə Azərbaycan Respublikası Nəsrəddin Tusi adına Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub və 1992-ci ildə həmin institutun tam kursunu bitirib. 2000-ci ildə “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyini təsis edib. Birlik həmin il dövlət qeydiyyatına alınıb.
Onu da əlavə edək ki, Naibə xanımın qardaşı Səfiyar Behbudov Azərbaycanın Milli Qəhrəmanıdır. Səfiyar Behbudov 1992-ci ilin mart ayında torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə yaralı halda erməni cəlladları tərəfindən əsir götürülüb. 10 günlük əsirlik həyatında ermənilər ona olmazın işgəncələrini verərək tarıma çəkmiş tikanlı məftilə bağlayıb maşının arxasınca torpaqda sürüyüb və üzərinə neft tökərək diri-diri yandırıblar.
-“Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi olaraq Qarabağ həqiqətlərinin təbliği istiqamətində hansı layihələr həyata keçiribsiz?
-Həyata keçirdiyimiz layihələrdən “Təhsil ocaqlarında Azərbaycan gənclərinə Qarabağ həqiqətlərinin, vətənpərvərlik hisslərinin təbliğ edilməsi”, “Şəhid ailələri və Qarabağ müharibəsi veteranı övladlarının sosial məsələlərinin həllinə dəstək”, “Bələdiyyələrin monitorinqi və Bələdiyyə QHT əməkdaşlığının qurulması” layihələrini qeyd etmək olar. Türkiyənin İzmir, İzmit, Urla və bir çox şəhərlərində və bələdiyyələrində tədbirlər, Qarabağ haqqında sərgilər, eyni zamanda Türkiyənin bir çox millət vəkilləri ilə görüşlər keçirmişəm. Son olaraq isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təmas xəttində yaşayan qaçqın və məcburi köçkün ailələrindən olan məktəblilərin tarixi abidələrə turlarının təşkili” layihəsini həyata keçirmişəm. Əvvəlki illərdə olduğu kimi, bu layihə də bizim potensialımızı ortaya qoymağa bir stimul verdi. Biz bir daha əmin olduq ki, kifayət qədər uğurlu layihələri icra etməyə gücümüz var.
-Layihənin əsas məqsədi nədən ibarətdir?
-Layihənin əsas məqsədi təmas xəttində yaşayan və təhsil alan məktəblilərin yay tətili dövründə istirahətinin təşkili və onların Bakı şəhərində yerləşən tarixi abidələr ilə tanışlığına şərait yaratmaqdan ibarədir. Layihə çərçivəsində ictimai birlik, məktəblilər üçün xüsusi geyimlər - üzərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin loqoları olan baner, köynəklər, papaqlar və çantalar hazırlanıb.
Layihə çərçivəsində avqustun 1-dən 4-dək Ağdam və Tərtər rayonlarının təmas xəttində yaşayan qaçqın və məcburi köçkün ailələrindən olan 15 məktəbli Bakı şəhərinə təşkil olunan ekskursiyada iştirak edərək tarixi abidələrlə tanış olublar.
Məktəblilər avqustun 1-də Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular.
Səhəri gün - avqustun 2-də şagirdlər öncə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Bayraq Meydanı ilə tanış olublar.
Günün sonunda məktəblilər İçərişəhərdəki tarixi abidələri bələdçi vasitəsilə gəzərək abidələrlə yaxından tanış olublar. Növbəti gün ekskursiya iştirakçıları Atəşgahda olublar. Burada bələdçilər məktəblilərə abidənin tarixi haqqında geniş informasiyalar veriblər.
-Bu layihənin nə kimi effekti oldu?
-Layihə çərçivəsində həyata keçirilən bir çox işlər zamanı ictimaiyyət nümayəndələri ilə təmaslara üstünlük verirdik. Onların bu layihə ilə bağlı fikir və təkliflərini dinləyirdik. Beləliklə, ictimaiyyət nümayəndələrinin, müxtəlif ekspertlərin rəyləri layihəni qiymətləndirməyə şərait yaradır. Onu da qeyd edək ki, təmas xəttində yaşayan və təhsil alan həmin yeniyetmələrin Bakı haqqında və paytaxtımızda mövcud olan tarixi abidələrlə bağlı məlumatları bizim layihəmizə qədər yetərincə olmayıb. Hətta bəzilərində tarixi abidələrimiz haqqında heç bir bilgi yox idi. Müsbət haldır ki, biz tədbirin sonunda bu gənclərlə sorğu keçirdik. Onlar paytaxtımızla bərabər, tarixi abidələr haqqında, Bakının mədəni həyatı ilə bağlı kifayət qədər məlumatlar əldə etdiklərini bildirdilər. Bizim qənaətimizcə, təmas xəttində olan gənclərimizlə davamlı olaraq işlərin aparılması və onların problemlərinin həllinə dəstək olmaq zəruri məsələdir. Digər tərəfdən həmin gənclərə Azərbaycanın mədəniyyəti, tarixi haqqında mütəmadi olaraq məlumatların verilməsi, gənclərimizin vətənpərvər ruhda böyüməsinə təkan verən faktorlardır.
Bu işləri görmək və təmas xəttində yaşayan gənclərimizlə daha uğurlu layihələr icra etməyə resurslarımız yetərincədir. Bu layihə bizim turlarda iştirak edən gənclərin həyatında yeni bir mərhələ açacağına və onların dünyagörüşünün formalaşmasına təkan verəcək.
-Növbəti bu tip layihələr keçirməyi planlayırsızmı?
-Gələcəkdə təmas xəttində yaşayan insanlarla mütəmadi ünsiyyətdə olmaqla yanaşı, belə layihələri daha da genişləndirmək lazımdır. Azərbaycanın müharibə şəraitini, Ermənistanın işğalçılıq siyasətini, işğal faktını nəzərə alaraq, belə layihələrin daha böyük, uğurlu və davamlı icrası üçün maliyyə çevrəsini genişləndirmək məqsədəuyğundur. Bizim təşkil etdiyimiz turlarda iştirak edən 15 yeniyetmə paytaxtımızı seyr edərək, tarixi abidələrlə yaxından tanış olublar. Həmin gənclərin həyatında belə səfərlər mühüm dəyişikliyə təkan verib. Onların dünyagörüşündə belə turlar son dərəcə mühüm faktordır. Güman edirik ki, layihə çərçivəsində qaldırdığımız bu məsələlər, irəli sürülən təkliflər yaxın illərdə effektli nəticələrini göstərəcək.
-Siz yəqin ki, təmas xəttindəki qaçqın və məcburi köçkünlərlə tez-tez görüşürsüz. Əhalinin əhvali-ruhiyyəsi hansı səviyyədədir?
-Təmas xəttindəki qaçqın və məcburi köçkünlərin hər gün atəş altında yaşamaları, əsasən də qocaların və uşaqların psixoloji durumuna çox mənfi təsir göstərir. Bu insanlar, bütün bunlara baxmayaraq yerlərini tərk etmirlər, yaşamalarına davam edirlər.
-Son zamanlar ermənilər təmas xəttində mülki əhalini atəşə tutur, evləri dağıdırlar. Bununla bağlı fikrinizi bilmək istərdik.
-Bəli, ermənilər, demək olar ki, hər gün təmas xəttində mülki əhalini atəşə tutur, evləri dağıdır, mal-qaranı tələf edir, təsərrüfata çoxlu ziyan vurur, orada çalışan insanların işlərinə maneçilik törədirlər. Hətta bu yaxınlarda hamıya məlum olduğu kimi, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alıxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi hamı kimi, bizi də çox sarsıtdı. Mən bu hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşımlar etdim, həmçinin BMT-yə, Avropa Şurasına və b. beynəlxalq təşkilatlara ingilis dilində bəyanat göndərdim.
Bəyanatda balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pisləyərək, dünya birliyinə bu dəhşətli cinayəti törədənlərə qarşı etirazımızı bildirməklə yanaşı, onların məsuliyyətə cəlb olunmasını tələb etdik, erməni vəhşiliklərinə son qoymaq üçün "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi adından bizim səsimizə səs verməyə çağırdıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2017
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğuru var”
18.09.2017
“İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
15.09.2017
Britaniyalı dövlət naziri: “Ərazilərin güc yolu ilə ilhaqı qəbuledilməzdir”
14.09.2017
“Rusiya və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
13.09.2017
Ermənilər və onların havadarlarına mesaj: İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info