Azərbaycanın ilk qadın xalq şairəsi
Tarix: 18.08.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər
İnci, mirvari deyil,
Əməkdir mənim adım.
Həyatımda bir gün də
Əməksiz yaşamadım.


Sözə sığal çəkmək, onu mənalandırmaq və hikmətli kəlamları ilə qəlblərdə yaşamaq hər insana qismət olmur. Bu baxımdan şairlər xoşbəxt insanlardı. Onların min hikmətli sözləri dünya yaşadıqca ürək və hafizələrdə yaşayacaq. Şairlər incə qəlbli insanlardı. Biz həqiqətən xoşbəxt xalqıq ki, çoxlu şairlərimiz var. Sözə, sənətə həmişə qiymət vermişik. Sözlə, kəlamla dünya mədəniyyətinə töhfələrimiz olub. Nizami, Fizuli, Nəsimi və s. mütəfəkkirlərimizin dünya ədəbiyyatının zənginləşməsində fədakar xidmətləri olub.
Ədəbiyyat tariximizdə qadın şairələrin yaradıcılığı xüsusi yer tutur. Ana ürəkli qəlblərindən süzülən şeirləri xalq arasında böyük şöhrət qazanıb. Tarix qadın şairələrimizə böyük qiymət verib. Onların şaxəli yaradıcılığı dillər əzbəri olmaqla yanaşı, ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb. Belə şairələrdən biri də Mirvarid Dilbazidir.
XX yüzillik Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri- Xalq şairəsi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Mirvarid Dilbazi 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979) və “İstiqlal” ordeni ilə təltif olunub (1997). ADPU-nun (keçmiş APİ) Dil və ədəbiyyat fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Qubada Ədəbiyyat müəllimi işləyib. İki ildən sonra Mirvarid xanım AMEA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.
"Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub və bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairənin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımdan seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımdan da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirib. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləyiblər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.
Dilbazi yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Şairənin“İstəsəydim” şeiri olduqca bədii gözəlliyi ilə seçilir. Məhəbbət mövzusunda yazılan yadda qalan şeirlərindən biridir. Həmin şeiri oxuculara təqdim edirik:
İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə çalardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .
Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir. Şairə yaradıcılığı ilə qəlbimizdə dərin izlər qoyub. Bu gün onun yaradıcılığı böyük maraqla qarşılanır. Şairə bir şeirində yazır:
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
Dünən Qazaxda Xalq şairəsi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub. Keçirilən tədbirdə ziyalılar, ağsaqqallar, şairlər, poeziyasevərlər və ictimaiyyətin nümayəndələri iştirak edib. “Fəxri qazaxlılar” parkında keçirilən tədbirdə iştirakçılar şairin parkdakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri açaraq M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün 105 illiyi qeyd olunan M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəsti-xətti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.Dilbazinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən söz açıb. Qeyd olunub ki, M. Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairin qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbin müəllimi İlhamə Allahverdiyeva, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin müəllimi Vilayət Rüstəmov şairənin yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə iştirak edən şairlərdən İbrahim İlyaslı, Tamella Poladlı, Mübariz Qaragözlü, Məzahir Yaqub, Kazım Kazımlı, Elnur Süleymanlı, Səhlədar Hidayətoğlu, İlham Mansurlu öz yeni şeirlərini oxuyublar. Sonda M.Dilbazi adına Cəfərli kənd və Xanlıqlar kənd tam orta məktəblərin şagirdlərinin ifasında M.Dilbazinin şeirləri səsləndirilib.
Şairə 2001-ci il iyulun 12-də vəfat edib.


Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
18.11.2017
Suraxanı rayonunda iməcilik keçirilib
18.11.2017
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info