“Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir”
Tarix: 21.08.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
“Dünyanın müxtəlif ölkələrindən olduqca fəal, mütərəqqi gəncləri, eləcə də təcrübəli, nüfuzlu şəxsləri Bakıda bir araya gətirmək parlaq ideyadır”
Ötən gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin Forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini vurğuladı. Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran İ.Serageldin qeyd etdi ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin yeni cəmiyyətin qurulmasında bütün səylərin birləşdirilməsini tələb etdiyini bildirərək gəncləri bu prosesdə fəal olmağa çağırdı. Sonra Makedoniya Respublikasının Prezidenti George İvanovun Forum iştirakçılarına məktubu oxundu. Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev çıxışında dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsinin vacibliyini qeyd etdi. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğuladı. R.Plevneliev bildirdi ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirdi. Sabiq Prezident qeyd etdi ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir: “Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var. Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir”.

“Gənc liderlərin üzərinə böyük məsuliyyət düşür”
Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə edildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafa nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümid etməyə əsas verdiyini dedi. Katerina Yuşenko bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rifahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirdi: “Dünyanın müxtəlif ölkələrindən olduqca fəal, mütərəqqi gəncləri, eləcə də təcrübəli, nüfuzlu şəxsləri Bakıda bir araya gətirmək parlaq ideyadır. Qlobal Gənc Liderlər Forumu çərçivəsində yaşlı və gənc nəslin nümayəndələrinin apardıqları fikir mübadiləsi önəmlidir. Hər iki nəslin bir-birindən öyrənəcəyi şeylər çoxdur. Bütün bunlar həm özümüzün, həm də yaşadığımız dünyanın dəyişməsinə kömək edə bilər. Ümumiyyətə, Qlobal Gənc Liderlər Forumu dünyanın daha da yaxşıya doğru dəyişməsinə öz töhfəsini verəcək”. Bakıya yeddinci dəfədir gəldiyini söyləyən Katerina Yuşşenko deyib: “Bakını sevirəm. Hər dəfə buraya gələndə şəhərin dəyişməsinin, müxtəlif yeniliklərin baş verməsinin şahidi oluram. Bu gəlişim isə xüsusidir. Belə ki, bu dəfə 18 yaşlı qızımı da Bakıya gətirmişəm və Azərbaycan kimi gözəl ölkə ilə onu da tanış etmək imkanım yaranıb”.

“Gənc liderlər tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər”
Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayan Latviyanın sabiq Prezidenti, NGBM-in üzvü Valdis Zatlers bildirdi ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”, - deyə sabiq Prezident bildirdi.
Valdis Zatlers qeyd etdi ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır: “Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır”.

“Gənclər dünyanı təəccübləndirməlidirlər”
Açılış sessiyasından sonra İsmail Serageldin “Gənc liderliyin inkişafı” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda qeyd olundu ki, inklüzivliyə nail olmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. Bu prosesdə təhsil, geniş biliklərə yiyələnmək, mədəniyyətin və incəsənətin inkişafı böyük əhəmiyyət daşıyır. Cəmiyyətin inkişafında dərin və əhatəli elmi araşdırmaların, elmi cəmiyyətin auditoriyasının genişləndirilməsinin vacibliyini vurğulayan İ.Serageldin bildirdi ki, elm cəmiyyətin əsas dəyərlərini ortaya çıxarmalıdır. Bu biliklərin cəmiyyətə ötürülməsi üçün dərin və əhatəli konsepsiyalar işlənib hazırlanmalıdır. Bu məsələdə müdrik liderlik mühüm əhəmiyyət daşıyır:
"İnformasiyanın əsasında biliklər formalaşır. Biz bu biliklərlə müdrikliyə nail olmalıyıq. Artıq müdriklik bərqərar olmalıdır. Birinci növbədə mədəniyyət, incəsənət öndə olmalıdır. Biz elmə əsaslanan gənc liderliyə önəm verməliyik. Nyuton, Eynşteyn kimi insanlar çox gənc yaşlarında böyük kəşflər ediblər. İnternet və mobil telefonlarla bu gün gənclər çox şeyə nail ola bilərlər. Məhz gənclər dünyanı təəccübləndirməlidirlər".
Qlobal Gənc Liderlər Forumunun birinci günündə “Şəxsi qiymətləndirmə və liderlik” mövzusunda panel iclas və “Hazırda hansı növ liderliyə ehtiyac var?” mövzusunda seminar keçirildi. Həmçinin Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç “Musiqi və siyasət” mövzusunda təqdimatla çıxış etdi. Günün yekununda gənc liderlər müxtəlif məsələlərə dair müzakirələr apardılar.
Qeyd edək ki, Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur.
Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.
Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 24-də başa çatacaq.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
18.11.2017
Suraxanı rayonunda iməcilik keçirilib
18.11.2017
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info