Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
Tarix: 23.08.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Beləliklə, Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1988-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət barədə həm ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələrinə, həm xaricdə təşkil olunan tədbirlərdə məlumatlar çatdırılır. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.

Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər.
Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib.
Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib.
Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür.
Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.
Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, sahəsi 104980 hektar olan Cəbrayıl rayonu mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay və Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan və sement istehsalına yararlı Göyərçin Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan və əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Şahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları ilə zəngindir.
Cəbrayıl şəhərində vaxtilə diametri 250 santimetr, hündürlüyü 30 metr, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 santimetr, hündürlüyü 30 metr, yaşı 700 il olan 1 və diametri 800 santimetr, hündürlüyü 45 metr, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 santimetr, hündürlüyü 25 metr, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 santimetr, hündürlüyü 30 metr, yaşı 900 il olan 1 və diametri 370 santimetr, hündürlüyü 30 metr, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 santimetr, hündürlüyü 30 metr, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 santimetr, hündürlüyü 25 metr, yaşı 800 il olan 1 şərq çinarı qorunub.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib.
Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan və "Xan çinarı" adlandırılan şərq çinarı ağacı kəsilərək məhv edilib.
Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Həmçinin çoxyaşlı iridiametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.
Ümumi sahəsi 139393 hektar olan və rayonun qərb hissəsindəki (50 kənd) 125368 hektar ərazisi ermənilər tərəfindən işğal edilən Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 500 il və diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 santimetr, hündürlüyü 20 metr, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin "İbə piri" adlanan sahəsində diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı 1400 il və diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 santimetr, hündürlüyü 45 metr, yaşı 400 il 1 və diametri 150 santimetr, hündürlüyü 40 metr, yaşı 300 il olan 5 şərq çinarı ağacı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində 1960-1980-ci illərdə həyata keçirilmiş hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr/gün həcmində hesablanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacların bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağacların kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqların tamamilə qırılması, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisinin ermənilər tərəfindən yandırılması faktını aşkarlayıb.

Cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

İşğal günü ilə bağlı bölgələrimizdə də bir sıra tədbirlər təşkil olunub. Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayılın işğalının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad edilib, "Şəhidlər" xatirə kompleksinin önünə gül dəstələri düzülüb. Tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cəbrayılın işğalı nəticəsində 68,3 min sakin doğma yurdundan didərgin düşərək respublikanın 53 şəhər və rayonunda məskunlaşıb. Cəbrayılın müdafiəsi zamanı 368 nəfər şəhid, 230 nəfər əlil olub. Altı nəfər "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Tədbirdə Prezident İlham Əliyevin məcburi köçkünlərə yüksək diqqət və qayğısından da söhbət açılıb. Biləsuvar rayonu ərazisində 11 müasir tipli qəsəbənin salındığı və bu qəsəbələrdə 20 minə yaxın cəbrayıllının yerləşdiyi diqqətə çatdırılıb.
Çıxışlarda əminliklə vurğulanıb ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın artan iqtisadi və hərbi qüdrəti nəticəsində tezliklə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, uzun illərdir davam edən bu ədalətsizliyə son qoyulacaq. Bildirilib ki, cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
XİN: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tükənməyib”
23.11.2017
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərilə bağlı infoqrafika hazırlanıb
22.11.2017
Livanın Baş naziri istefa qərarından vaz keçdi
21.11.2017
“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”
20.11.2017
“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
4 Azərbaycanda multikulturalizm modeli
5 Xeyirxahlığından həzz alan insan
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info