Çəltikçiliyin inkişafında yeni mərhələ: düyü ixrac edə biləcəyik
Tarix: 06.09.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər
Ölkədə kənd təsərrüfatının inkişafı ənənəvi sahələrin dirçəldilməsinə, bərpa edilməsinə, yeni sahələrin yaradılmasına imkan verir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq müsbət nəticələrini verir. Bu gün yerli məhsul istehsalı artmaqla yanaşı, xarici bazara çıxarılan məhsulların çeşidi də genişlənməkdədir. Ənənəvi sahələrdən biri də çəltikçilikdir ki, hazırda bu istiqamətdə geniş tədbirlər həyata keçirilir.

Bu günlərdə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı Prezident İlham Əliyev çəltikçiliyin inkişafının mühüm olduğunu bildirib: “Çəltikçiliyin inkişafına gəldikdə, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Mən Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində, əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir. Çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik”.
Bildirilib ki, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatıb və 5600 ton çəltik yığılıb. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bunun çox müsbət hal olduğunu deyən ölkə başçısının sözlərinə görə, əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb: “Mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilib və xaricə 37 milyon dollar gedib”.

Düyü buğda və qarğıdalıdan sonra ən çox istehsal olunan üçüncü taxıl məhsuludur
Çəltikçiliyin inkişafı ilə bağlı dünya bazarında düyü ticarəti mühüm yer tutur. Dünyada ildə təxminən 480 milyon ton düyü istehsal edilir ki, onun 40 milyon tonu beynəlxalq ticarətə aid edilir. Düyü buğda və qarğıdalıdan sonra ən çox istehsal olunan üçüncü taxıl məhsuludur və Asiyada əsas ərzaq kimi istehlak olunur. İnsanlar tərəfindən istehlak edilən əsas qidalardan biri olan və e.ə. 2500-cü ildə istehlak edilməyə başlayan düyü, Çindən dünyaya yayılıb. Düyünün Şri - Lanka və Hindistan kimi digər ölkələrə Çindən yayıldığı təxmin edilir. Qərbin düyü ilə tanışlığı isə e.ə. 300-cü illərə aid edilir. XVII əsrin sonlarında isə Amerika qitəsinə “yol tapan” düyünün, 500 il əvvəl Türkiyəyə gəldiyi göstərilir.
Düyünün tərkibində digər taxıl məhsullarına nisbətən daha az protein var. Ancaq amin turşuları ilə zənginliyi onu insan qidasında qarğıdalıdan sonra ən çox istehlak edilən məhsullardan birinə çevirib. Dünyadakı əkin sahələri təxminən 1,5 milyard hektardır və dənli bitkilər bu sahələrin 700 milyon hektarını əhatə edir. Taxıl istehsalında istifadə edilən bu sahələrin təxminən 22 faizi çəltik istehsalı üçün ayrılıb. Çin, Hindistan və İndoneziya dünyada çəltik ərazilərində ən böyük payı olan ölkələrdir.
Beynəlxalq Taxıl Şurasının (IGC) hesabatına görə, dünya düyü istehsalı artmaqda davam edir. Hesabata görə, 2012-13-cü il mövsümündə dünya düyü istehsalı 472 milyon ton idisə, 2016-17-ci il mövsümündə bu rəqəmin hələlik 485 milyon ton olacağı göstərilir.
Amerika Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, (USDA) 2014-2015-ci ildə ilk 15 ölkə siyahısına daxil olan, düyü istehsalında lider olan Çin bu mövsümdə 144,5 milyon ton məhsul istehsal edib. 2015-16-cı ildə isə bu artım 1,5 milyon ton olub. Hindistanda isə azalma müşahidə olunub. Belə ki, Hindistanın 2015-16-cı il mövsümündə düyü istehsalı 103 milyon ton təşkil edib. Çin və Hindistanı 35.5 milyon ton istehsalla İndoneziya, 34,5 milyon ton ilə Banqladeş, 28,1 milyon ton ilə Vyetnam, 18,7 milyon ton ilə Tailand, 12,6 milyon ton ilə Birma, 11,9 milyon ton ilə Filippin, 8,4 milyon ton ilə Braziliya, 7,8 milyon ton ilə Yaponiya və 7,1 milyon ton ilə ABŞ izləyir.
Çin və Hindistan dünya düyü istehlakında da ilk sıradadır. USDA-nın məlumatlarına görə, Çinin düyü istehlakı 2015-16-cı ildə 150,3 milyon tona çatıb. Hindistanın düyü istehlakı isə 98,2 milyon tondur. Çin və Hindistanı 38,3 milyon ton ilə İndoneziya, 35,1 milyon ton ilə Banqladeş, 22 milyon ton ilə Vyetnam, 13,2 milyon ton ilə Filippin, 10,9 milyon tonla Tailand, 10,6 milyon ton ilə Burma, 8,6 milyon tonla Yaponiya, 7,9 milyon tonla Braziliya izləyir. İstehsal və istehlak məlumatları göstərir ki, ölkələr tərəfindən həyata keçirilən düyü istehsalının əhəmiyyətli bir hissəsi onların daxili istehlakı üçün istifadə edilir.
Dünyada düyü ixracında ən böyük payı Asiya ölkələrinə məxsusdur. Asiya ölkələrini ABŞ və Cənubi Amerika ölkələri izləyir. 2014-15-ci ildə dünya düyü ixracında ən yüksək pay 11 milyon ton ilə Hindistana məxsus olub. Hindistanı 2015-16-cı ildə 10 milyon tonla Tailand təqib edir. 10 ən böyük düyü istehsalçıları sırasında Vyetnam 7 milyon tonla 3-cü yerdə gəlir. Düyü idxalında ən böyük pay Çinə məxsusdur. Düyü istehsalında ilk yerdə qərarlaşan Çin, istehsalla yerli istehlaka cavab verə bilmir və buna görə də idxal edir. 2015-16-cı ildə Çinin düyü idxalı 5 milyon tona çatıb. Qlobal səviyyədə düyü istehsalı 2026-cı ildə 561 milyon ton olacaq. Düyü tələbi 508 milyon tondan 560 milyon tona çatacaq. 2026-cı ildə düyü istehsalında Çin 145 milyon ton ilə ən yüksək istehsalçı olacaq. 126 milyon ton ilə Hindistan ikinci, 52 milyon tonla İndoneziya üçüncü olacaq.

Fermerlər 6 min ton düyü istehsal edəcəklərinə əmindirlər
Bölgələrdə çəltik biçiminə başlanılıb. Ağdaşın kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov bildirib ki, hazırda ölkəmizin 11 rayonunda, o cümlədən Ağdaşda çəltik yetişdirilir. Ağdaş ölkənin ən böyük çəltikçilik rayonu hesab edilir. Belə ki, respublikada əkilən çəltik sahələrinin yarısı Ağdaşın payına düşür və bu rayon, demək olar ki, çəltikçilik üzrə ixtisaslaşıb. Hazırda digər rayonlarda çəltiyin yetişmə dövrü olduğu halda, Ağdaşda artıq məhsul yığımına başlanılıb. Kəndlilərin sahələrə lazımi aqrotexniki qulluq göstərməsi nəticəsində bol məhsul əldə edilib. Rayonda biçin prosesinə 20 ədəd kombayn və bir o qədər yük avtomobili cəlb olunub. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bütün qüvvələr səfərbər edilib. Elsevər Baxışov qeyd edib ki, cari ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə, ötən illə müqayisədə 2 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, bu il hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tona yaxın çəltik, yəni 6 min tonadək təmiz düyü istehsal ediləcək. Bu da təxminən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir. Bu il Ağdaş rayonunda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Ağdaşlı fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır və bir kiloqramı 1.5-2 manata müştərilərə satılır.
Rayonda çəltikçiliyin inkişaf dinamikasına nəzər salan idarə rəisi Elsevər Baxışov ötən il Ağdaşın 35 kəndində 175 fermer tərəfindən ümumilikdə 1311 hektar sahədə çəltik yetişdirildiyini və 2386 ton məhsul toplanıldığını söyləyib. Ötən il məhsuldarlıq hər hektarda 18.2 sentner olub. Bu il isə ötən ildəkindən iki dəfə çox, yəni 2454 hektar sahədə çəltik əkini aparılıb və 8 min ton məhsul tədarükü, 6 min tondan artıq təmiz düyü məhsulunun əldə edilməsi gözlənilir.
İdarə rəisinin sözlərinə görə biçilən çəltik rayonda mövcud olan 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir. Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır. Çəltik sahələrinin ötən illə müqayisədə bu il iki dəfə genişləndirilməsi buna əyani sübutdur. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan “Ağdaş düyüsü”nü satmaqda heç bir problemlə qarşılaşmırlar. “Ağdaş düyüsü” hələ bazara çıxarılmamış, elə dəyirmandaca müştərilərə satılır.
Elsevər Baxışovun sözlərinə görə Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir səmərəli faydası da var. Belə ki, daim su içində yetişən çəltiyin əkilib-becərildiyi torpaqlarda şoranlaşmanın qarşısı alınır. Hər il aprel-may aylarında çəltik toxumunun səpini aparılır və sonra sahələrə su buraxılır. Üç aydan çox suyun içində qalan çəltik tam yetişdikdən sonra sahələrə su verilişi dayandırılır və sentyabrda torpaq quruduqdan sonra biçinə başlanılır. Şoran torpağa əkilən çəltik daim suyun içində olduğu üçün həmin ərazidəki yeraltı qrunt suları torpağın üzərinə çıxmır və tədricən şoran torpaqlar yuyulur. Çəltik şoran torpaqları saflaşdırdıqdan sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən ildə 90 manat məbləğində subsidiya alırlar. Düyü istehsal etməklə maddi gəlirlərini artıran fermerlər ildən-ilə çəltikçiliyi inkişaf etdirirlər. Gələn il rayonda 3 min hektardan çox sahədə çəltik əkilməsi, eləcə də çəltik emalı müəssisəsinin, məhsul qəbulu məntəqəsinin, anbarların və çəltik qurutma meydançalarının inşası nəzərdə tutulur.
Bu gün bazarda yerli düyüyə, həqiqətən də böyük ehtiyac var. Xaricdə istehsal olunmuş, tərkibi bilinməyən bəzi düyüləri almaqdansa yerli məhsula üstünlük vermək daha yaxşıdır. Ölkə başçısı da qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info