“Başqa dildə yazılmış ədəbiyyatımızın tərcüməsi, nəşri və təbliği milli məsələlərdən biridir”
Tarix: 14.09.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
Müsahibimiz AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğludur:

(əvvəli ötən sayımızda)

- Qeyd etdiniz ki, yeni monoqrafiya və tərcümə əsəriniz çapdan çıxıb. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Hələ bitməmiş 2017-ci ilin şəxsi uğurlarımdan biri də “Mirzə Müslüm Qüdsi İrəvaninin türkdilli əsərləri” kitabımın artıq çapa hazır olmasıdır. Məlum olduğu kimi, orta əsrlərdə Yaxın və Orta Şərqdə üçdillilik (türk, fars, ərəb) mövcud olub, bir çox alim və şairlərimiz öz əsərlərinin ya hamısını, ya da bir hissəsini fars, yaxud da ərəb dillərində yaradıblar. Ona görə də başqa dildə yazılmış ədəbiyyatımızın ana dilinə tərcüməsi, nəşri və təbliği, eləcə də ərəb qrafikası ilə qələmə alınmış əsərlərin transfoneliterasiyası qarşıda duran dövlət əhəmiyyətli milli məsələlərdən biridir. Çünki başqa dildə yazılmış və yaradılmış ədəbi-bədii və təfəkkür mədəniyyətimizin xalqa qaytarılmasına-onun istifadəsinə verilməsinə çox böyük ehtiyac var.
Tərəfimizdən tədqiqata cəlb olunmuş Mirzə Müslüm Qüdsi İrəvani indiyə qədər ədəbiyyat və mədəniyyət tariximizə düşməyib. Əslində, onun əsərləri, xüsusən də “İrəvanın vəsfi” məsnəvisi ədəbiyyatımız, tarix və mədəniyyətimiz üçün yeni və milli bir mənbədir. Bədnam qonşularımız tərəfindən torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olduğu bir vaxtda Mirzə Müslüm Qüdsi İrəvaninin “Divan”ının ortaya çıxarılması, tərcüməsi və tədqiqi həm də İrəvan şəhərinin və tarixi Çuxur Səəd vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Bu mənada “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan” monoqrafiyası mühüm ədəbi-bədii və mədəni hadisə olmaqla yanaşı, həm də siyasi mahiyyət daşıyan və bədnam qonşularımıza tutarlı bir cavab səciyyəli əsərdir.
Məsələnin ədəbiyyatşünaslıq baxımından digər maraqlı tərəfi odur ki, Mirzə Müslüm Qüdsi İrəvani böyük Füzulinin davamçılarından biridir, yəni o, əsərlərini həm türkcə, həm farsca, həm də ərəbcə yazıb.
Mirzə Müslüm Qüdsi İrəvaninin həyatı, yaradıcılığı və ədəbi irsi haqqında onun “Divan”ının əlyazması əsasında məlumat verilib. Şairin ərəb əlifbası ilə qələmə alınmış türkcə şeirlərinin ana dilimizə transfoneliterasiyası, lazımi izahatların verilməsi, eləcə də ərəbcə və farsca əsərlərinin, xüsusən də “Tousifi-İrəvan” məsnəvisinin Azərbaycan dilinə tərcümə və şərhi, “Divan”ın filoloji tədqiqi həyata keçirilmiş, bu unudulmuş şairimizin adının ədəbiyyat və mədəniyyət tariximizə daxil edilməsi üçün zəmin yaradılıb.
M.M.Qüdsi İrəvaninin ortaya çıxarılan və tədqiqata cəlb edilən “Divan”ı həm də İrəvan şəhəri və bütövlükdə Çuxur Səəd vilayətinin tarixinə dair yeni və tutarlı bir mənbə, erməni iddialarına qarşı təkzibedilməz cavab, tarixi sənəddir.
“Urmiya dünyanı yandıran müharibədə” irihəcmli tərcümə əsərimə gəlincə, I Dünya müharibəsində İran dövləti bitərəf mövqe tutduğuna görə, müharibə ərzində və ondan bir neçə il sonrakı dövrdə onun geniş əraziləri, sözün tam mənasında xarici hərbçilərin özbaşınalıq səhnəsi olub. Ancaq bu dövrdə Urmiyada baş vermiş fəlakətlərin şiddəti və faciələrin inanılmazlığı baxımından onları ölkənin başqa bölgələrinda baş verənlərlə müqayisə etmək mümkün deyil. Həmin dövrdə İran Xarici İşlər Nazirliyinin Urmu İdarəsinin dəftərxana rəisi olub və bu hadisələri öz gözləri ilə görmüş, əslən urmiyalı olan Rəhmətulla xan Mütəmədülvüzara xatirələri (“Urmiya dünyanı yandıran müharibədə”) buna canlı şahiddir.
Rəhmətulla xan, 1918-cı ilin fevral/mart ayından 1921/22-cı ilin dekabr/yanvar ayına qədər bu hadisələrə və olanlara dair gündəlik qeydlərini kargüzarlığın rəsmi sənədlərinin üzünə və arxasına yazıb və 2 dəftərçə şəklində tərtib edib. O, 1922-ci ilin yanvar-fevral ayına, yəni İsmayıl ağa Şəkkak üsyanının yatırılması və qanuni hakimiyyətin bərpa edilməsinə bir neçə gün qalmışa qədər cərəyan etmiş hadisələri ehtiva edir.
Həmin xatirələrin əslini tədqiqatçı alim Kavə Bayata, Oksford Universitetinin İranşünaslıq Araşdırmaları kafedrasının professoru Əlirza Şeyxülislaminin həyat yoldaşı, Mirzə Rəhmətulla xan Mütəmədülvüzaranın ABŞ-da yaşayan qız nəvəsi Şəhrzad Vije Şeyxülislami verib. K.Bayat fars dilində olan həmin xatirələri redaktə edərək “Urmiya dünyanı yandıran müharibədə” adı altında çap etdirib.
Urmiyada yaşanmış faciələrin və meydana çıxmış müsibətlərin əsas mühüm amillərindən biri buranın əhalisinin müxtəlif etnik tərkibi, dini və məzhəb fərqi, eləcə də fərqli həyat tərzlərinin mövcud olması idi. Bu arada Urmiya vilayətində müasir dövrdə “aysor” kimi tanınan bir qrup nəsranilər və xristian ermənilər də qədimdən pərakəndə icmalar şəklində ətraf kəndlərdə yaşayırdılar. Birinci Dünya müharibəsinin ilk mərhələlərində Osmanlıların hakimiyyəti altındakı ərazilərdən çoxlu sayda yersiz-yurdsuz aysor və erməninin Urmu və onun ətrafına gəlməsi də buradakı vəziyyətin qarışıqlığını artırdı. Bu qanlı toqquşmaların səbəbi təkcə etnik, din-məzhəb və məişət fərqləri deyildi. Çünki sözügedən bütün fərqlərə baxmayaraq, bu bölgədə yaşayan xalqlar, 100 illər boyu nisbi sülh və əmin-amanlıq şəraitində yaşamışdılar. Onları özbaşına qoysaydılar, yəni kənardan təsir olmasaydı, yenə də əvvəlki qayda ilə birgə sülh şəraitində yaşayışlarını davam etdirəcəkdilər.
Hələ 1834-cü ildən başlayaraq Amerikanın protestant, Fransanın lazaristlər adı ilə tanınan katolik, onların ardınca isə ingilis, alman lüteran missioner qrupları Urmiya bölgəsinə yerləşdilər. Onların əsas və birinci məqsədi Şərqin köhnə kilsələrinin dindarları olan aysorlar və ermənilər arasında moizə oxumaq, təbliğat aparmaq və onları “doğru yola” dəvət etmək, ikinci məqsədləri isə bölgənin başqa “milli azlıqlar”ı arasında iş aparmaq idi. Bu mərhələdə bölgədən köç etmiş və yenidən rus qoşunları ilə birgə geri qayıtmış, eləcə də köç etməmiş və məntəqədə sağ qalmış xristianlardan əlavə, avantürüst meyilli insanlara başqa bir amil də əlavə oldu. Bu amil Osmanlıların Hakkari bölgəsinin aysor tayfalarından İrana pənah gətirmiş, Salmas və Urmu rayonlarında yerləşdirilmiş 40 min aysor idi.
Həmin dövrdə bölgəni rusların ordu komandanlığı və Bazil Nikitinin rəhbərliyi altındakı rus konsulluğu idarə edirdilər.
Rus inqilabından sonra İranda qalmış Rusiyanın 7-ci ordusu, vəziyyəti tam bilməsə də, yerli xristianlardan-ermənilərdən və b. ibarət qanunsuz hərbi hissələrin yaradılmasının əsas yükünü öz üzərinə götürdü.
Əslən missioner övladı kimi Urmuda doğulmuş və uzun zaman missionerlik fəaliyyəti ilə məşğul olmuş və Amerikanın Fars nümayəndəliyinin rəhbəri olan doktor William Şhedd 1918-ci ilin yanvarında Amerika Birləşmiş Ştatlarının Urmudakı konsulu təyin olundu. Ona Amerikada “İran xristianlarının yetimlərinə və biçarələrinə kömək” adı altında xeyriyyəçi insanlardan diqqətəlayiq bir büdcə toplandı. Bu büdcə bölgədə xristian hərbi birliyinin təşkili işlərində mühüm rol oynadı. William Şheddin müavini doktor Heri Pakard Urmu şəhərindəki aysorlardan ibarət hərbi komendant birliyinin rəisi təyin edildi. Yerli xristianlardan-ermənilərdən və b. 7 min nəfərdən ibarət 3 batalyon təşkil edildi. Nəticədə başda Amerika olmaqla, çar Rusiyası, İngiltərə və Fransanın Urmiyadakı təşkilatlarının məkrli planları və rəhbərlikləri və yerli xristianlardan ibarət yaratdıqları qeyri-qanuni hərbi birliklər, eləcə də Smitkonun vəziyyətdən sui-istifadə edən dəstələri Urmiyada tarixdə misli görünməmiş faciələr törətdilər, yerli azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Urmiya vilayətinin 300 minlik əhalisi dünyada misli görünməmiş bir soyqırıma məruz qaldı. Nəticədə vilayətin azərbaycanlı əhalisi kütləvi şəkildə qətl edilib-acından və soyuqdan öldürülüb, yaxud da müxtəlif xəstəliklərdən, ruhi və psixi sarsıntılardan dünyasını dəyişmişdi, 50 min nəfər, əsasən də xristianlar vilayətdən qaçmağa müvəffəq olmuşdu. Çünki müsəlmanlar, xüsusən azərbaycanlılar üçün zaman-zaman car çəkilir və onların evlərindən çıxmamaları haqdakı əmrləri bildirirdilər. Nəticədə bəzi ailə və sülalələrdən bir kimsə belə, sağ və varis olaraq qalmadı. 4 il müddətində 200 min nəfərin öldürüldüyü və öldüyü, yüz milyonlarla maddi xəsarətin vurulduğu, hər yerin boz çölə və torpaq yığıntısına döndüyü bir vilayətdə canını bu təhlükələrdən və qətllərdən birtəhər qoruyub saxlayıb və hər cür yaşayış vasitələrindən məhrum olunub və ölümə məhkum edilmiş şəxslər də ayaq üstə ölü olublar.
Mən Rəhmətulla xanın adıçəkilən əsərini təqribən 1 il bundan qabaq fars dilindən tərcümə etsəm də, hələ də orada rast gəldiyim saysız faciə faktlarının şokunu yaşamaqdayam. Bu dövrün xatırlanmasını vacib və zəruri edən odur ki, xalqımız maarifləndirilsin, o faciələr təkrarlanmasın, hər kəs bu tarixdən özü üçün nəticə çıxartsın.
- Cari ildə hansı yeni məqaləniz çap olunub?
- Tanınmış şərqşünas-alim Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı haqqında qeydlər” məqaləm “525-ci qəzet”də dərc olunub. Mən özüm də vaxtilə Əfqanıstanda işlədiyim üçün adıçəkilən kitab mənim ürəyimdən xəbər verir və mən onunla bağlı məqaləni, necə deyərlər, birnəfəsə yazmışam. Xüsusi haşiyə çıxım ki, Məsiağa müəllim “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabını qeyri-adi peşəkarlıqla və özünəməxsus ustalıqla qələmə alıb, bugünkü narahat dünyamızın, xüsusən, bir çox müsəlman ölkələrinin bu hala düşməsinin dəqiq strukturunu və onun cizgilərini verə bilib.
- Bu gün ölkəmizdə bir çox xarici tələbə təhsil alır. Sizin fikrinizcə, ölkəmiz Şərqşünaslıq sahəsində təhsilin bütün mərhələlərində, o cümlədən doktoranturada əlverişli məkana çevrilə bilərmi?
- Çevrilə bilər, ancaq bununla bağlı mövcud vəziyyət hərtərəfli təhlil olunmalı, onun daha da optimallaşdırılması tədbirləri həyata keçirilməli, məqsədyönlü təbliğat aparılmalıdır.
- İrandan gəlib burada doktorantura təhsili alanlar barədə nə deyə bilərsiniz?
- Onların çoxu Azərbaycanı sevən insanlardır. Hətta Azərbaycan üçün canını fəda etməyə hazır olanlar da var. Mən bir misal çəkmək istəyirəm. Aprel döyüşləri zaman Şimali Xorasandan olan doktorantımız Həsən bəy Əsədi mənə zəng vuraraq Azərbaycan Ordusunun qələbəsi münasibəti ilə təbrik etdi və soruşdu ki, “gəlsəm, mənə ordunun tərkibində döyüşlərdə iştirak etməyə icazə verərlər?” Mən ona təşəkkür etdim və dedim ki, sənin döyüşlərdə iştirak etməyinə ehtiyac yoxdur. Bizdə döyüşməyə hazır olan vətənpərvərlərin sayı kifayət qədərdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt
17.10.2017
Avropada separatizm dalğası: Konvey Ayland Britaniyadan müstəqillik tələb edir
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info