Van Veyquan: “Azərbaycan Çinin strateji tərəfdaşıdır”
Tarix: 21.09.2017 | Saat: 20:42:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Akif Əlizadə:
“Azərbaycanın ticarət tərəfdaşı olan Çinlə əməkdaşlığımız sürətlə inkişaf edir”

Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Alim bildirib ki, iki min il əvvəl təməli qoyulmuş qədim İpək Yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin yaradılması isə hər iki ölkənin tarixində yeni, vacib bir səhifə açıb.
AMEA-nın rəhbəri vurğulayıb ki, 25 il ərzində ölkələrimiz arasında əməkdaşlıq durmadan inkişaf edib. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon dollar təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon dollara çatıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkələrimiz arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərinin müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan A.Əlizadə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfər etdiyini və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına zəngin töhfələr verdiyini bildirib.
Müştərək elmi əlaqələrdən söz açan AMEA-nın prezidenti deyib: “Dünyanın əhalisinə görə birinci, iqtisadiyyatına görə ikinci yerdə olan nəhəng dövləti ilə elmi və ədəbi əlaqələrin qurulması əhəmiyyətlidir. Eyni zamanda, AMEA-nın rəhbərliyi də 2015-ci ildə Çinə səfər edib və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirib”. A.Əlizadə iki qurum arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Alim vurğulayıb ki, əlaqələrin daha da möhkəmləndirilməsi üçün Çin hökuməti Azərbaycan ilə birgə səylər göstərməyə, münasibətlərin qarşıdakı 25 illik tarixini birgə yazmağa hazırdır. O bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan ilə Çin arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Azərbaycanın ticarət tərəfdaşı olan Çin ilə rabitə, nəqliyyat, maşınqayırma və bir sıra sahələr üzrə əməkdaşlığımız sürətlə inkişaf edir. Azərbaycan ilə Çin arasındakı humanitar əlaqələrə toxunan A.Əlizadə diqqətə çatdırıb ki, ölkələrimizdə vaxtaşırı mədəniyyət günləri təşkil edilir, tələbə mübadiləsi həyata keçirilir. Son zamanlar akademik dairələrimiz arasında da əlaqələr dərinləşməkdədir. Belə ki, alimlərimizin qarşılıqlı səfərləri təşkil olunur, onların fikir mübadiləsi, müzakirələr aparmalarına şərait yaradılır. Münasibətlərimizin yeni səviyyəyə yüksəlməsinə parlaq nümunə olan bu konfrans iqtisadi əməkdaşlığımızın genişlənməsinə, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərə böyük töhfəsini verəcək.

“Avrasiyanın döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir”

ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.
V.Veyquan bildirib ki, rəhbərlik etdiyi qurum 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ən böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, görüşlər keçiriblər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il martın 9-da Çinin İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləyib və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək dəyərləndirib.
Çinin Azərbaycandakı səfiri Vey Cinhua ədəbi əlaqələrimizin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çox sayda sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

İsa Həbibbəyli:
“Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur”

“Azərbaycan-Çin münasibətləri: müasir baxış və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, iqtisadi inkişafına görə dünyanın lider ölkələrindən sayılan Çin həm Şərq, həm də Qərb intibahının mərkəzlərindən biri olub. Çinin inkişafında tarixi İpək Yolu böyük rol oynayıb. Qədim İpək Yolunun mərkəzində isə Azərbaycan yerləşir. Bizim eradan əvvəl Azərbaycandan keçən karvan yolları Avropadan Çinədək ticarətlə yanaşı, elm və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Çin sivilizasiyanın beşiyidir. Bu ölkənin sivilizasiyası ancaq Misir sivilizasiyası ilə müqayisə oluna bilər. Qafqazın qədim sivilizasiya beşiyi olan Azərbaycan isə Misir və Çin sivilizasiyaları arasında körpüdür.
İ.Həbibbəyli deyib: “Çində həyata keçirilən “Bir kəmər - bir yol” layihəsi bu ölkənin iqtisadi prioritetlərindən biridir. Şərqi və Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars isə XXI əsrin dəmir İpək Yoludur”. Azərbaycan-Çin ədəbi əlaqələrindən danışan akademik bu münasibətlərin tarixən mövcudluğunu və XXI əsrdə fərqli şəkil aldığını vurğulayıb. ÇİEA İqtisadiyyat İnstitutu elmi şurasının sədri, professor Pey Çanxun “Bir kəmər - bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edərək ölkəsinin investisiya imkanlarından danışıb. O hər iki ölkədə tədqiqat mərkəzlərinin yaradılması təklifini irəli sürüb.
“Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Çinə səfərindən və bu ölkənin iqtisadi modelindən söz açıb. Vurğulayıb ki, Çinin həyata keçirdiyi iqtisadi islahatlar xalqı yoxsulluqdan qurtarıb. Bu ölkənin iqtisadi modeli dünya iqtisadiyyat elminə yeni baxışlar gətirib.
Konfransda ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olunub, Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyi vurğulanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017
Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin xidmətləri misilsizdir
10.12.2017
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10.12.2017
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
09.12.2017
Prezident IƏT-nın Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısına dəvət edilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info