Ermənilərin 200 illik yalanı üzərində böyük qələbə
Tarix: 21.09.2017 | Saat: 20:55:00 | E-mail | Çapa göndər
Əli Həsənov:
"Azərbaycan Prezidenti çıxışında son 25 ildə ölkəmizdə görülən uğurlu işləri sadaladı”

Asim Mollazadə:
“Ermənistandakı rejim BMT-nin Təhlükəsizlik Şurasının qərarlarından, demək olar ki, tam imtina edib”

Siyavuş Novruzov:
“Prezidentin BMT tribunasından səsləndirdiyi fikirlər ölkəmizin münaqişənin həlli istiqamətində aktiv diplomatiyasının təzahürüdür”

Elxan Şahinoğlu:
“Prezident İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi”

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı zamanı Prezident İlham Əliyev bir sıra vacib və maraqlı məqamlara toxunub. Çıxışına ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsi haqqında fikirlərlə başlayan dövlət başçısı deyib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. O, həmçinin qeyd edib ki, Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Prezident, həmçinin bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı beynəlxalq sanksiyalar isə qəbul edilmir. Bu, ikili standartlardır. İlham Əliyev deyib: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.
Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.
Siyasətçilər bildirirlər ki, dünyanın ən ali qurumunun sessiyasında səslənən fikirlər daim diqqət mərkəzində olur, bu ali tribunadan ölkə başçılarının etdiyi çıxışların böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin çıxışında önə çəkdiyi məsələlər isə nəinki aktuallığı ilə seçilirdi, bir növ dünya ölkələri üçün həyəcan təbili də çalırdı. Belə ki, Prezident Xocalı soyqırımını törətmiş Ermənistanın bu gün də dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərini davam etdirməsini deməsi və Xocalıda azərbaycanlılara və bəşəriyyətə qarşı dəhşətli cinayət törədən hərbi kriminallardan birinin Ermənistanın hazırkı prezidentinin olmasını bildirməsi işğalçı ölkə üçün şok effekti yaradıb.
Baş nazirin müavini Əli Həsənov Prezidentin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışını dəyərləndirərkən deyib ki, səslənən fikirlər bütün dünya ermənilərinin 200 illik yalanı üzərində böyük qələbə idi. Baş nazirin müavini qeyd edib ki, bu uğurlu çıxış ilə Ermənistan ifşa edilib: "Prezident çıxışında son 25 ildə ölkəmizdə görülən uğurlu işləri də sadaladı. Sərkisyan isə özünü ifşa etdi". O, Ermənistan prezidentinin sessiyadakı çıxışına da münasibət bildirərək bildirib ki, bu çıxış absurd ilə həyasızlığın, abırsızlığın ən yüksək səviyyəsinə qalxdı. Ə.Həsənov bildirib ki, Sərkisyan anormal çıxışı ilə özünü bütün dünya qarşısında biabır etdi: “Sən bir ölkənin ərazisinin 20 faizini işğal et və sonra bu ölkəyə irad tut. Bu nə deməkdir?! Bu çıxışla Sərkisyan özünə nifrət qazandı və özünü bütün dünya ictimaiyyəti qarşısında biabır etdi. O mədəniyyətsizliyini və etik normalara əməl etmədiyini göstərdi. Sərkisyan çıxış edərkən əzilir, büzülür, xof içində idi. Günahkar insanlar necədir, elə idi”. m Ə.Həsənov deyib ki, ermənilər Sərkisyan-Koçaryan rejimindən canlarını qurtarmalıdırlar: “Onlar heç zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, xalqımızın qanını tökməklə hakimiyyətə gəliblər”.
Millət vəkili Asim Mollazadə isə deyib ki, təəssüf ki, beynəlxalq ictimaiyyət və BMT kimi nüfuzlu təşkilat öz verdiyi qətnamələrinin icrası ilə bağlı zəruri işləri görmür. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti yaranmış imkandan istifadə edərək yüksək kürsüdən beynəlxalq ictimaiyyətə bir daha Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər, Azərbaycanın strategiyası ilə bağlı məlumat verdi: “Dövlət başçısının çıxışındakı fikirlər beynəlxalq ictimaiyyət üçün böyük önəm daşıyır. Azərbaycanın həyata keçirdiyi strategiyanın qarşısını almaq üçün Ermənistan və cinayətkar rejim bütün beynəlxalq hüquq normalarını pozur. Bu rejim BMT-nin Təhlükəsizlik Şurasının qərarlarından, demək olar ki, tam imtina edib. Son illər BMT-nin fəaliyyəti ilə bağlı bir çox tənqidlər var. Təşkilat qarşısında duran və vəzifəsi olan məsələlərlə bağlı addımlar atmır. Azərbaycan Prezidentinin çıxışı real vəziyyəti çox gözəl izah etdi”.

“Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Prezident çıxışı zamanı çox mühüm məsələlərə toxunub, Ermənistan hakimiyyətini tam ifşa edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. O qeyd edib ki, ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər bir neçə mühüm məqama diqqət çəkir: “Birincisi, dövlətimizin başçısı dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT-nin tribunasından Dağlıq Qarabağ problemi, işğalçı Ermənistan tərəfindən xalqımıza qarşı törədilən cinayətlər, o cümlədən məhz Sərkisyanın da iştirakçısı olduğu Xocalı soyqırımı barədə reallıqları sessiya iştirakçılarının və dünyanın diqqətinə çatdırdı. Əlbəttə, bu fikirlərin BMT tribunasından səsləndirilməsi Azərbaycanın milli maraqlarının qətiyyətli müdafiə olunmasının və ölkəmizin münaqişənin həlli istiqamətində aktiv diplomatiyasının təzahürüdür”.
Onun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, işğal faktına, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanın ötən müddət ərzində uğurlu inkişafını davam etdirməsi diqqətə çatdırıldı: “Prezident BMT-nin strukturunda və bu təşkilatın qəbul etdiyi qərarların icra mexanizmində müəyyən dəyişikliklərlə bağlı təklif xarakterli fikirlər səsləndirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”. Prezident İlham Əliyevin bu fikirləri həm ikili standartlara əsaslanan siyasətin ifşası, həm də qurum daxilində islahatların zəruriliyi ilə bağlı diqqətəlayiq bir yenilik idi”. S.Novruzov əlavə edib ki, bütövlükdə, Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi, BMT-nin tribunasından Azərbaycan reallıqlarını, eləcə də qlobal əhəmiyyətli mühüm məsələləri dünyanın diqqətinə çatdırdı.
Politoloq Elxan Şahinoğlu məsələylə bağlı açıqlama verərək deyib ki, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirakı vacib idi:
“İlham Əliyevin BMT-nin sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var. Birincisi, Azərbaycan Prezidentindən əvvəl Sərkisyan çıxış edərək ölkəmiz əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırkı prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sərkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sərkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”. İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan Ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüququmuz var və bu hüquq elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə, ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti “Aprel”ə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
“Leyla Yunusun parlaqlığı və səfaləti“ kitabının təqdimatı keçirilib
07.12.2017
Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqlayıb
07.12.2017
Qazanılan uğurlar gələcəyə nikbin baxmağa əsas verir
07.12.2017
Novruz Məmmədov: “Avropa dəyərləri budurmu?”
06.12.2017
“Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info