“Leyli və Məcnun” operası ilk dəfə Rusiya səhnəsində
Tarix: 21.09.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş etdiriləcək. Moskvada “Crocus City Hall”da təqdim olunacaq operada Məcnun obrazında Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələr laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
Dünən Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransı keçirildi. Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bildirdi ki, Şərqin 110 illik tarixə malik ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur.
S.Kərimi bildirdi ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub: “Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb. “Leyli və Məcnun”un Rusiyada nümayişi Azərbaycan mədəniyyətində olduqca mühüm hadisədir. Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Bu operanın dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu söyləyən S.Kərimi bildirdi ki, əsərin Rusiyada nümayişinə də xüsusi önəm verilir. Rektor qeyd etdi ki, nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətinlərdən də istifadə ediləcək: “Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın, onda Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür formalaşsın”.
Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihənin böyük əhəmiyyət daşıdığını söyləyən Xalq artisti Yalçın Adıgözəlov bildirdi ki, harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq dahi bəstəkarın bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir: “Moskvada 6 min tamaşaçı tutumu olan bir zalda nümayiş olunacaq bu səhnə əsərində aparıcı qüvvə Azərbaycan sənətçiləri olacaq. Biz “Crocus City Hall”a tamaşanın nümayiş olunacağı gün daxil olacağıq, bu səbəbdən də bizi çox böyük və gərgin iş gözləyir. Gərək elə işləyək ki, hər bir şey Üzeyir bəyin adına layiq olsun. Çalışacağıq ki, rusiyalı tamaşaçılara və Moskvada yaşayan xaricilərə bu operanı yüksək səviyyədə çatdıraq. Bu layihənin uğurlu alınmasından çox şey aşlıdır. Ona görə ki, bu bir başlanğıcdır, uğurlu alınarsa, başqa bu qəbildən olan yeni layihələrin reallaşdırılması da mümkün olacaq”. Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmasına baxmayaraq, bu dəfə onu çox böyük bir sınağın gözlədiyini söyləyən Xalq artisti Mənsum İbrahimov bildirdi ki, operanın təqdimatına yüksək səviyyədə hazırlaşırlar: “Hazırda ciddi məşqlər aparırıq. İstəyirik ki, operanı yüksək səviyyədə təqdim edək. Bu bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazana bilsin”.
Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva isə çox həyəcanlandığını söyləyərək bildirdi ki, operanın bu təqdimatında iştirak etmək gənc xanəndə üçün olduqca qürurvericidir.
Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova operanın premyerası üçün görülən işlər barədə məlumat verdi. Artıq 4 aydır bu işin təbliği ilə məşğul olduqlarını deyən A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inamını ifadə etdi.
Üzeyir bəyin əsərini 10-dan çox ölkədə səhnəyə qoyduğunu söyləyən operanın quruluşçu rejissoru Hafiz Quliyev bildirdi ki, hər dəfə olduğu kimi, bu dəfə də opera böyük maraqla qarşılanacaq: “Ona görə ki, heyət çox böyük həvəslə çalışır. İnanıram ki, bütün çətinliklərin öhdəsindən gələcəyik. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq”. Quruluşçu rejissor dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyişikliklərin edildiyini də diqqətə çatdırdı.
Tədbirdə Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında "Leyli və Məçnun" operasından kiçik bir parça təqdim olundu. İfaçıları Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət etdi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“YARAT”da yeni film - “Buludlar səmanı tərk edirlər“
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
10.12.2017
Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
08.12.2017
“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert
07.12.2017
Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında...

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info