Qulam İshaqzai: “Azərbaycanın dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir”
Tarix: 22.09.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Milli Məclisin (MM), Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur. F.Muradov qeyd edib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu inkişafımıza mane olan səbəblərdəndir. Bir milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadınlar təşkil edir.

Gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq

Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində xeyli işlər görülüb. Azərbaycanın müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu söyləyən Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan neft ölkəsidir, zəngin təbii resursları var: “Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq, bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələr əldə olunub. Dövlət başçısı tərəfindən dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair mühüm qərarlar qəbul edilib, qadın sahibkarlığı, gender bərabərliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazası var və onun nəticələri də görünməkdədir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidentinin dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinin qorunduğunu qeyd edən M.İbrahimqızı zərif cinsin nümayəndələrinin ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında yüksək nailiyyətlər qazandıqlarını deyib. Xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, gender bərabərliyi insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biridir. Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür.

“Gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Bu müddət ərzində bir çox hədəflər üzrə nailiyyətlər əldə olunub. Ölkəmizdə mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, savadlılıq demək olar yüz faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb. H.Hüseynova deyib ki, Azərbaycan hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim diqqətdə saxlayır. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspertizası aparılıb: “Biz Azərbaycanda qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması, gender əsaslı zorakılığın aradan qaldırılması sahəsində işləri daha da gücləndirmişik”.
Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verildiyini xatırladan BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir. Azərbaycan, həmçinin “Ayrı-seçkiliklərin aradan qaldırılması” Konvensiyasına qoşulub. Qadınlara qarşı zorakılığın və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün daha çox iş görülməsinin vacibliyini diqqətə çatdıran Q.İshaqzai əlavə edib ki, qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində daha aktiv iştirak etməlidirlər. Azərbaycan gender bərabərliyi sahəsində xeyli irəliləyişlərə nail olub. Ölkə qanunvericiliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir. Rezident əlaqələndirici, həmçinin qeyd edib ki, heç bir qadın, uşaq diqqətdən kənarda qalmamalıdır. “Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, Azərbaycanın hesabatında əsas mesajlardan biri gender bərabərliyi idi”.

Ceyhun Bayramov: “Ali məktəblərdə təhsil alan qızların sayı artıb”

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə deyib ki, son illərdə gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan qızların sayında artım müşahidə edilib.
Onun sözlərinə görə, 2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib. 2016-2017-ci tədris ilində magistratura səviyyəsində 11 444 tələbə arasında qız tələbələrinin sayı çoxluq, yəni 6217 nəfər təşkil edir. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 473 min nəfər olduğu halda, onlardan qızların sayı 677 min nəfər olub. Ölkədəki 167 min 569 müəllimdən 132 mini qadındır. Nazir müavini qeyd edib ki, Azərbaycanda gender məsələsinin müxtəlif məsələlərinə dair bir çox araşdırmalar aparılıb və nəticələr bir çox sahələrdə, o cümlədən təhsil sahəsində tətbiq edilib.
Nazir müavini qeyd edib ki, bütün cəmiyyətlərində olduğu kimi, Azərbaycanda gender stereotipləri mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu stereotiplər əsasında formalaşır və bu onların peşə seçiminə də təsir göstərir: “Bununla bağlı aparılan sorğunun nəticələri də bu fikri təsdiqləyir. Kişilərin 28,1 faizi qadınların isə 37,9 faizi hesab edir ki, qızlar kişi peşələrinə yiyələnməli deyillər. Sorğunun nəticələri göstərir ki, respondentlərin 50 faizi adətən kişilərin işlədiyi peşələrdə qadınların işləməsinin tərəfdarı deyillər. Müzakirələr zamanı respondentlərin əksəriyyəti qadın üçün ən ideal peşənin həkim və müəllimlik olduğunu söyləyirlər”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Prezident: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz“
20.10.2017
Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib
20.10.2017
“Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur”
19.10.2017
Avropa Parlamentinin sədri: “Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq“
19.10.2017
DİN inspektor-tərcüməçi və həkim vəzifələrinə işçi axtarır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info