“Ermənistanın ərazilərimizi işğal altında saxlaması regional sülh üçün ciddi təhlükədir”
Tarix: 25.09.2017 | Saat: 19:36:00 | E-mail | Çapa göndər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.

Münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən təkliflər Azərbaycan tərəfindən dəstəklənib
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib və bu görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri də məhz Dağlıq Qarabağ problemi olub. Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Əndrü Sxofer (ABŞ) ilə görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.
E. Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistan xarici işlər naziri E.Nalbandyanla görüşüb
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib. Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Nazir münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. Həmçinin E. Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.
E. Məmmədyarov sessiya çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb. E. Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirib. Nazir İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verib.
E.Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşüb. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verərək, Ermənistanın uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırıb.

ATƏT PA-nın nümayəndə heyəti Masazırda məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub
Ölkəmizdə səfərdə olan ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şərait haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idarəçilik mexanizmi bu gün Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və bu siyasət nəticəsində yaradılan Azərbaycan modeli artıq nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunur. Fuad Hüseynov qeyd edib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 min nəfər bu qəsəbələrə köçürülüb.
F.Hüseynov bildirib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan dövləti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramları təsdiq edilib.
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon tarix diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olublar.
Daha sonra nümayəndə heyəti məcburi köçkün Vəli Quliyevin mənzilində olub və ailə ilə söhbət ediblər. Söhbət əsnasında məcburi köçkünlər bildiriblər ki, Azərbaycan dövləti bu gün məcburi köçkünlərə hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm olaraq diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq, bütün məcburi köçkünlər doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayırlar.
Məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraiti yüksək qiymətləndirən nümayəndə heyəti söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildiriblər.

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə kitab nəşr edilib
Qeyd edək ki, bu günlərdə Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib. Litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Traqediə Çёrnoqo Sada” (Qara Bağın Faciəsi) adlı kitab və jurnalist Leonas Yurşanın yazdığı “ “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” adlı kitabça Litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib.
Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. Litvalılar tərəfindən yazılan bu kitablar Litva ictimaiyyəti və oxucuları tərəfindən maraqla qarşılanıb.
2015-ci ildən başlayaraq bir sıra litvalı politoloqlar və tarixçilər tərəfindən litva dilində yazılmış “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitab, tarixçi-alim Alqimantas Liyekis tərəfindən yazılmış “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitab, jurnalist Qintaras Visotskas tərəfindən yazılmış “Qara Bağın Faciəsi” adlı kitab və jurnalist Leonas Yurşa tərəfindən yazılmış “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə baxımında xeyli dönüş yaradıb.
Bir müddət öncə tarixçi-alim A.Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitabının rus dilində nəşri də işıq üzü görüb.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info