Rəqəmsal əkinçilik üsulu ilə istehsalı 25 faiz artırmaq mümkündür
Tarix: 26.09.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər
“Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq”

Dünya iqtisadiyyatında tarazlıq sürətlə dəyişir. Ekspertlərin fikrincə, dünya tarixi gələcəkdə neftlə bağlı deyil, ərzaq təhlükəsizliyi üzərində formalaşacaq. Artıq son məlumatlar bu dəyişikliyin başladığını göstərir. Dünya əhalisinin sayı 1970-ci ildən indiyədək təxminən iki dəfə artıb. Yaxın zamanlarda isə bu rəqəm 10 milyarda çatacaq. Qida zəncirində 3 milyard insan normadan çox ət, süd və yumurta istehlak edir.
Ölkəmizdə də neftdən asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atılır. Bu günlərdə Salyan rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir: “Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilib - pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq - biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq. İndi də bu asılılıq azalır. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıb, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq”. Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atıldığını deyən ölkə başçısı qeyd edib ki, Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Bildirilib ki, daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəldilməlidir və bu istiqamətdə də addımlar atılır: “Böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək”.

Kənd təsərrüfatında rəqəmsallaşmanın qlobal iqtisadiyyata təsiri 2025-ci ilə qədər 330 milyard dollara çatacaq

Dünyada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sektorda yeni layihələrin tətbiqini labüd edir. Belə layihələrdən biri kimi məhsulların yeni texnologiya ilə yetişdirilməsinə önəm verilir. Bu gün kənd təsərrüfatında mühüm rol oynayan ölkələrdən biri olan Türkiyə bazarında rəqəmsal əkinçilik istiqamətində də dəyişiklik müşahidə olunmaqdadır. Xarici nəhəng şirkətlər bununla bağlı türk firmaları ilə də əməkdaşlıq edirlər. Türkiyədə 60 ildən çox istehsalla məşğul olan alman dərman şirkəti “Bayer” bu istiqamətdə yeni layihə hazırlayıb. Dərman, ekoloji mühit və kənd təsərrüfatı məhsulları sahələrini əhatə edən şirkət, yaxın müddətdə əhəmiyyətli investisiyalar qoymağı nəzərdə tutur. Şirkətin icraçı direktoru Hubert Braun bildirib ki, şirkətin 2015-ci ildən 2020-ci ilə qədər olan müddətdə rəqəmsal kənd təsərrüfatına qoyacağı investisiya 200 milyon avroya çatacaq. Hubert qeyd edib ki, Türkiyə bu sahədə mərkəzə çevrilə bilər. “Bayer” qlobal rəqəmsal əkinçilik təcrübəsini Türkiyəyə gətirmək niyyətindədir: “Türkiyənin ən böyük pomidor məhsulu istehsalçılarından və ixracatçılarından olan “Merko” şirkəti ilə birlikdə həyata keçirdiyimiz layihə çərçivəsində pomidor tarlasında yeni sistem qurduq. “TomCast” adlı bu cihaz ilə hava vəziyyəti, istilik və yarpaq nəmliyi məlumatları analiz edilərək optimal dərmanlama vaxtı təsbit edilir. Beləliklə, xəstəliklərə qarşı dərmanlama təqvimi yaradılır”.
Bildirilir ki, yeni texniki sistem kənd təsərrüfatını dəyişdirir. Artıq tarlalarda, ən son texnologiyaya malik traktorlar, "dronlar" və torpaq- hava sensorlarından istifadə olunur. Rəqəmsal texnologiyalar fermerlərə gübrə və bitkini qoruyan məhsulları daha dəqiq tətbiq etməyə imkan verir. Rəqəmsal əkinçilik üsulları ilə kənd təsərrüfatı istehsalında 25 faiz artım təmin ediləcəyi təxmin edilir.
Fermerlər tərəfindən istifadə olunan xüsusi hava üsulları ilə məhsuldarlıq itkisi 25 faiz azala bilər. Yeni nəsil ağıllı suvarma sistemləri ilə qlobal kilokalori istehsalını 41 faiz nisbətində artırmaq mümkün ola bilər. “McKinsey”in araşdırmasına görə, kənd təsərrüfatında rəqəmsallaşmanın qlobal iqtisadiyyata təsiri 2025-ci ilə qədər 330 milyard dollara çatacaq.

Kənd təsərrüfatı sahəsi ilə bağlı atlas hazırlanacaq

Ölkəmizdə də kənd təsərrüfatının inkişafı məqsədilə yeni texniki üsulların tətbiqi istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, məhsuldarlığın artırılması ilə bağlı əkin sahələrində yeni texniki vasitələrlə yanaşı, məhsulların qorunması üçün soyuducu anbarlar, pivot suvarma sistemləri və pestisid, azot gübrəsi zavodu tikilir. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmi məlumat toplusu - atlas hazırlayacaq. Atlas Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində hazırlanır. Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumat - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq. Atlasın hazırlanması üzərində bitki mühafizəsi istiqamətində çalışan mütəxəssislər çalışacaq. Hazırlanmış atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq. Atlasın çapı ilə yanaşı, hər kəsin əldə edə bilməsi üçün elektron formatda hazırlanması nəzərdə tutulub.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı 1 milyon 600 minə yaxın tingin suvarılmasında duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlət başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Hazırda tinglik sahələrində 350 min ədəd zeytun, 110 min nar, 1 milyondan çox tut, 100 minə yaxın badam və başqa ting növləri yetişdirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir. Ehtiyac olduğu təqdirdə onlardan müəyyən edilmiş qaydalar çərçivəsində aidiyyəti üzrə istifadəçilərə əvəzsiz verilə bilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Körfəz ölkələri Azərbaycandakı sənaye parklarında istehsal müəssisələri yaradacaq
20.10.2017
Etibar Pirverdiyev:“Strateji Yol Xəritəsi üzrə işlər aparılır”
20.10.2017
Azərbaycandan 58 mln. dollaradək kimya sənayesi məhsulları ixrac olunub
20.10.2017
 Elekrtik enerjisi ixracı 3 dəfəyədək artıb
20.10.2017
Vergi sanksiyaları vəsaitindən vergi işçilərinin geyimlərinin alınması üçün istifadə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info