“Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
Tarix: 10.10.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
Emil Əliyev:
“Bu il Hollandiya parlamentinə Xocalı soyqırımı haqqında petisiyanı təqdim etdim və deputatlarla görüşdə çox effektiv fikir mübadiləsi aparıldı”

Layihə çərçivəsində Niderland Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyevlə müsahibəni təqdim edirik.

-Öncə sizi tanımaq istərdik.

-Mən 1981-ci ildə Bakı şəhərində, müəllim ailəsində doğulmuşam, orta təhsilimi başa çatdırandan sonra ali təhsilimi Ali Diplomatiya Kollecinin Beynəlxalq hüquq fakültəsində davam etdirdim. Bakalavr diplomumu alandan sonra, magistr dərəcəsini almaq üçün Azərbaycan İqtisad Universitetində MBA proqramı üzrə Maliyyə və Kredit fakültəsində təhsilimi davam etdirdim.
Bir neçə böyük şirkətlərdə hüquq məsləhətçisi və marketinq şöbələrində çalışmışam. 2010-cu ildən Hollandiyada yaşayıram və vergi məsləhətləri verən şirkətlərin birində çalışıram.
Hal-hazırda websayt və sosial şəbəkələrdə diasporumuza aid bir çox layihələrin təsisçisi və idarəçisiyəm, onların arasında Avropada ən böyük azərbaycandilli olan -Avropa Azərbaycanlıları qrupunu xüsusilə vurğulamaq istəyirəm.
Amsterdam şəhərində aprel döyüşləri zamanı erməni ordusunun hücumuna etiraz olaraq aksiya, 24 apreldə isə “Erməni yalanına yox” adlı aksiyaların təşkilatçısıyam.
Holland məktəblərində Azərbaycan günləri keçirmişəm.
Ondan əlavə, bir çox digər aksiya, Qarabağ haqqında məlumatların və digər bir neçə layihələrin təşkilatçısıyam.
-Sizcə, xaricdəki gənclərimiz diaspor hədəfinə çata bilirmi?
-Xaricdəki gənclərimiz iki qrupa bölünür: yeni gələn və burda doğulub boya-başa çatan. Yeni gələnlərin diaspor fəaliyyətində iştirak etmək istəkləri çox böyük olur, amma dil bilmədiklərinə görə çox iş görə bilmirlər, digər qrupun isə dil biliyi yüksək səviyyədədir, amma artıq öz Ana Vətənlərindən uzaqda yaşadıqlarına görə diaspor fəaliyyətində çox da aktiv deyillər.
Düşünürəm ki, ilk öncə bu ayrı düşmüş qrupları birləşdirmək lazımdır və onlar arasında bir-birinə etibar və bir-birlərilə iş birliyi etmək istəklərinə nail olmaq lazımdır və yalnız bundan sonra bir yerdə biz güclü diaspor və gələcəkdə ciddi lobbiçilik fəaliyyətimizi qura bilərik.
-Hollandiyada ölkəmizi necə tanıdırsız?
-İlk öncə Azərbaycanın tanınması “Azərbaycan harada yerləşir” sualından başlayır. Hollandların əksəriyyəti Azərbaycanın ya Rusiya, ya da ki, Türkiyənin tərkibində yerləşdiyini düşünürlər, illər keçdikcə artıq bu suala cavab verdikdə, demirəm ki, o hansı ölkələrlə həmsərhəddir, çünki o saat Azərbaycanı yenə o ölkənin tərkibində görürlər, mən bu suala belə cavab verirəm - Azərbaycan Qara və Xəzər dənizlərinin arasında yerləşir. Bu, artıq Azərbaycanın ərazi baxımından heç bir ölkəyə bağlılığını göstərmir.
Təbii ki, ölkəmiz haqqında danışdıqlarımız tək bununla bitmir, biz Hollandiyanın bir neçə məktəbində Azərbaycan həftələri keçirmişik, məsələn, keçən il Novruz bayramı ərəfəsində Utrext şəhərində yerləşən məktəbdə Azərbaycana aid 4 həftə tanıtım ekspozisiyasını sərgilədik, onlara Azərbaycan haqqında foto, video və şifahi məlumatlar verdik, səmənilə otaqları bəzədik, milli şirniyyatlarımız, geyimlərimiz və xəritəmizi nümayiş etdirdik, sərgilədiyim görüntülərlə yanaşı, onlar Azərbaycan tarixi, dini və mədəniyyəti haqqında məlumat əldə edəndən sonra ona heyran oldular.
-Hollandlar Qarabağ problemi ilə bağlı nə dərəcədə məlumatlıdırlar?
-Hollandlar Qarabağ problemi haqqında çox məlumata sahib deyillər, eşitdikləri, əsasən, ermənilər tərəfindən təqdim olunmuş məlumatdır, ona görə Azərbaycan diasporu tərəfindən real faktlarla təbliğ etməyə böyük ehtiyac var.
-İşlədiyiniz yerdə qeyri-hollandiyalı kimi sizə münasibət necədir?
-İlk öncə biz qeyri-holland olduğumuz üçün yaranan kompleksdən azad olmalı və Vətənimizlə fəxr etməliyik. Həmçinin uşaqlarımızı da eyni ruhda böyütməmiz lazımdır, ondan sonra hamının marağı Azərbaycana daha da artacaq, çünki bizim başqa gəlmə xalqlardan fərqli olaraq çox böyük mədəniyyətimiz və özümüzü holland cəmiyyətində aparmamız var. Təbii ki, mən sosial şəbəkədə aktiv olduğuma görə Avropa Azərbaycanlıları qrupunda, “EuroAz.NL” saytında təbliğ edirəm.
-Sizcə, gənclərimiz sosial şəbəkələrdə lazımi qədər virtual həmrəylik nümayiş etdirirlərmi?
-İndi informasiyanın sürətlə paylaşıldığı bir vaxtda sosial şəbəkələrin rolu çox böyükdür. Bu, diaspor fəaliyyətində özünü büruzə verir və effektivliyini artırır. Çox təəssüf ki, bəzi konservativ düşüncəli adamlar məlumat paylaşımında və təbliğat üsullarında internetin və sosial şəbəkələrin gücünü dərk edə bilmirlər, ya da ki, etmək istəmirlər, amma bu, biz istəməsək də, öz layiqli yerini alacaq. Bir neçə ildir ki, mən Avropa azərbaycanlıları arasında sosial şəbəkəsində ən böyük sosial qrup olan Avropa Azərbaycanlıları qrupunun idarəçisiyəm, sayımız 16 000 nəfəri keçib və artıq biz ölkədən kənar yaşayan azərbaycanlılar arasında etibarlı şəbəkə yaratmışıq.
-Sosial şəbəkələrdə kifayət qədər aktiv gəncsiz. Bu istiqamətdə gördüyünüz işlər effekt verirmi?
-Bəli, virtual həmrəylik göstərirlər, bir çox mövzularda yazıb və fikir mübadiləsi aparmaq gücünə malikdirlər, virtual həmrəkliyimizin nəticəsində keçən il təşkil etdiyimiz iki piknikdə yüzə yaxın həmyerlimizi toplaya bildik və illərdir onlar toy və yas yerlərindən başqa, heç bir yerdə yığışmırdılar. Həmin görüşlər vaxtı çoxumuz ancaq internetdə tanıdığımız dostlarla real həyatda yenə tanış olduq.
-Erməni terrorizmini ifşa edən tədbirlər keçirirsinizmi?
-İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq aksiya keçirdik.
"EuroAzNL" cəmiyyətinin təşkilatçılığı ilə Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak etdilər. Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə “dur” deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndirildi. Mən tədbirdə çıxış edərək dinc sakinlərin qətlə yetirilməsinin insanlığa qarşı cinayət olduğunu vurğuladım və bu cinayətin müəlliflərinin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildirdim.
Aksiyada digər çıxışçılar da dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırdılar.
-İnformasiya müharibəsində Qarabağ faktorundan lazımi qədər istifadə olunurmu?
-Qarabağ faktoru çox önəmli faktorlardan biri sayılmalıdır və diaspor təşkilatları mütləq şəkildə Azərbaycanın bu problemini təbliğ etməlidirlər. Niderlandda yerləşən diaspor təşkilatları çox vaxt Qarabağ haqqında təbliğat aparır, amma çox təəssüf ki, yeni təbliğat üslullarından istifadə etmirlər. Yaşadığımız zəmanə dəyişib və təbliğat daha çox yaşadıqları ölkənin kütləvi media vasitələrilə və internet üzərindən aparılmalıdır. Belə informasiyanı daha çox kütləyə çatdırmaq olar.
Biz “EuroAz.NL” cəmiyyəti olaraq daima bu məsələyə önəm veririk, hal-hazırda EuroAz.NL saytı və Avropa Azərbaycanlıları qrupu vasitəsilə Qarabağın işğalı haqqında öz təbliğatımızı aparıb və genişləndiririk.
-Gələcək planlarınızı da bilmək istərdik.
-Gələcək planlarım, əsasən, təsis etdiyim “EuroAz.NL” saytının və Niderland Avropa Azərbaycanlıları Cəmiyyətinin üzərində çalışmaq, holland vətəndaşları arasında Azərbaycanı daha çox təbliğ etməkdir. Bu il Hollandiya parlamentinə Xocalı soyqırımı haqqında petisiyanı təqdim etdim və deputatlarla görüşdə çox effektiv fikir mübadiləsi aparıldı. Planlaşdırıram ki, belə görüşləri mütəmadi keçirək. Çalışaq ki, təqdim etdiyimiz petisiyalara baxılsın və parlamentdə müzakirə olunsun.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bu gün dünya birliyinin ədalətə ehtiyacı var”
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info