Dağlıq Qarabağ münaqişəsi dünyanın bir çox beyin mərkəzlərinin araşdırma mövzusuna çevrilib
Tarix: 11.10.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın bir çox beyin mərkəzlərinin araşdırma mövzusudur. Elə İstanbulda fəaliyyət göstərən BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Mərkəzi də zaman-zaman tədqiqatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə yer verir. Qeyd edək ki, BİLGESAM xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Türkiyənin və dünyanın aparıcı strateji araşdırmalar mərkəzlərindən biridir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib. Türkiyədə fəaliyyət göstərən diplomatik korpus, eləcə də nüfuzlu ali məktəblər və strateji araşdırma mərkəzləri elmi ictimaiyyət arasında böyük nüfuza malik olan BİLGESAM ilə əməkdaşlıq edir və bu qurumun nəşrlərinə abunədir.
Qeyd edək ki, “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” monoqrafiyasında XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin yaranmış vəziyyətdən istifadə edərək yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını davam etdirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əsassız ərazi iddiaları irəli sürmələri nəticəsində ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs olunur. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ağır terror aktları barədə müfəssəl məlumat verən müəllif yazır: “XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur”.
Səkkiz dildə nəşr olunan monoqrafiyada, həmçinin Xocalı şəhərinin coğrafi quruluşu, onun strateji əhəmiyyəti, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verilir. Monoqrafiya Xocalı soyqırımı, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə məşğul olan tədqiqatçılar, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.
Monoqrafiyanın yaxın aylarda BİLGESAM-ın aylıq nəşri olan, regional və qlobal xarici və təhlükəsizlik məsələləri üzrə siyasi təhlillərə yer verən “Stratejist” jurnalında da nəşr edilməsi nəzərdə tutulur.

“Dağlıq Qarabağ Azərbaycanın ta qədimdən mədəni mərkəzi olub”
Fransalı jurnalist-bloger Conatan-Simon Sellem isə “Mediapart” portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc etdirib. Jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini, yaranma səbəblərini, habelə onun həlli yollarını araşdırmaq üçün Azərbaycanda səfərdə olub. Məqalənin əhəmiyyəti ondan ibarətdir ki, müəllif fransız oxucuya ya tamamilə naməlum olan, ya da ermənipərəst qüvvələr tərəfindən təhrif edilən, birtərəfli şəkildə işıqlandırılan bir münaqişəyə toxunur. Beləliklə, məqalənin xülasəsini təqdim edirik.
Müəllif yazır ki, Qarabağda Azərbaycan və erməni icmaları əsrlər boyu birgə yaşayıblar. Lakin Qarabağ ermənilərinin Ermənistanın köməyi ilə Azərbaycandan ayrılmaq iddiaları bu regionda qanlı iğtişaşlara səbəb olub. 1991-ci ilin sonlarından başlayan irimiqyaslı Ermənistan-Azərbaycan döyüş əməliyyatları bu günə qədər davam edir.
Məqalədə deyilir ki, 1988-ci ilin fevral hadisələri millətçiliyin siyasi qüvvə kimi rolunu, demək olar ki, unudan Avropa üçün dramatik, qəfil, eyni zamanda gözlənilməz idi. Bu, kommunizm dövrünün sonunda iki qonşu xalq arasında ilk ciddi savaş idi. Qarabağ münaqişəsini həm gözlənilməz və həm də əvvəlcədən planlaşdırılmış münaqişə adlandırmaq olar.
Münaqişənin Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən başlandığını qeyd edən Conatan-Simon Sellem yazır ki, Dağlıq Qarabağ Azərbaycanın ta qədimdən mədəni mərkəzi olub. Qarabağ torpağı Azərbaycan ədəbiyyatına və musiqisinə Vaqif, Natəvan, Üzeyir Hacıbəyli kimi şair və bəstəkarlar bəxş edib. Təkcə bu fakt həmin ərazinin Azərbaycanla bağlı olmasını sübut edir. Təəssüf ki, tarixi və mədəni abidələrlə zəngin Qarabağ regionu Elzas, Flandriya və ya Kəşmir kimi döyüş meydanına çevrilib.
Daha sonra 1988-ci il hadisələrini təsvir edən müəllif yazır ki, on minlərlə azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından qəddarlıqla, zorakılıqla qovulub. Bunun ardınca, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması barədə qərar qəbul olunub. Beləliklə, Bakıda və Yerevanda çoxsaylı iştirakçıları olan mitinqlər başlanıb.
1991-ci ildə SSRİ dağılandan sonra isə Qarabağ münaqişəsi dövlətlərarası müharibəyə çevrilib. Beynəlxalq birlik Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Lakin münaqişə tərəflərinin hər ikisinə sovet silahlarının paylanması vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
Qarabağın tarixindən söhbət açan bloger bildirir ki, ta qədimdən bu ərazilərdə azərbaycanlılar yaşayıb. XVIII əsr Cavanşirlər sülaləsi tərəfindən idarə edilən Qarabağ xanlığının yaradılması ilə əlamətdar olub. Azərbaycan zadəganlarının ənənələrinə uyğun idarə edilən bu xanlıqda azərbaycanlılar digər etnik qruplardan üstün imtiyazlara malik idi.
1805-ci ildə imzalanan Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı çar Rusiyasına tabe edildi. Rus imperiyası bütün Qafqaz regionunu işğal edəndən sonra bu ərazilərdə nəzarəti möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etməklə “parçala və hökm sür” prinsipi üzrə siyasət yürütməyə başladı. Ermənilərin İrandan və Osmanlı imperiyasından Qarabağa köçürülməsi, regionun demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi bu siyasətin bir hissəsi idi. Çar Rusiyası ilə İran və Türkiyə arasında müharibələrdən sonra Azərbaycanın əzəli torpaqlarında əhalinin etnik tərkibi tamamilə dəyişdi. Təkcə 1828-1830-cu illərdə Azərbaycana İrandan 40 mindən çox və Osmanlı imperiyasından 84 min 600 erməni köçürüldü. Sonra İrandan Azərbaycana köçürülən ermənilərin sayı 300 minə çatdırıldı. Ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur, Dərələyəz, Vedibasar və digər regionlarında məskunlaşdırıldılar.
Beləliklə, Azərbaycanın əzəli torpaqlarında erməni əyaləti yaradıldı. Lakin ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, azərbaycanlılar sayca ermənilərdən həmişə üstün olublar. Məsələn, 1886-cı ildə Zəngəzur bölgəsindəki 326 kənddən yalnız 81-i erməni kəndi olub, İrəvan xanlığının əhalisinin 66 faizi azərbaycanlılar idi. Bu regionlarda ermənilərin sayca çoxluğuna nail olmaq üçün azərbaycanlılara qarşı kütləvi qətllər həyata keçirilir, ermənilər himayədarları tərəfindən gizli şəkildə silahlandırılırdılar.
Müəllif qeyd edir ki, XX əsrin əvvəlində, məsələn, 1905-1907-ci illərdə azərbaycanlıların indiki Ermənistan və Qarabağ ərazilərindən zorla köçürülməsi dinc əhaliyə qarşı kütləvi zorakılıq və vəhşiliklərlə müşayiət olunurdu. Yüzlərlə Azərbaycan kəndi yandırıldı, bu kəndlərin əhalisi amansızlıqla öldürüldü.
Yazıda qeyd olunur ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu gün də davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlar, hələ ki, bir nəticə vermir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi uzun illərdir ki, kağız üzərində qalıb. Yalnız 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu işğal altındakı ərazilərin bir neçə min kvadratkilometrlik hissəsini azad edib.
Məqalədə qeyd olunur ki, Azərbaycan, döyüş yolu ilə geri alınmış Cocuq Mərcanlı kəndində hazırda kompleks tikinti işləri aparır. Bir neçə ay ərzində bu kənddə 50 ev tikilib. Tezliklə daha 100 ev də tikiləcək. Kənd sakinləri artıq öz doğma yurdlarına qayıdırlar.
Conatan-Simon Sellem məqaləsini bu fikirlərlə bitirir: “Gələcəkdə necə olacağını heç kəs bilmir. Lakin müasir hərbi texnika ilə təchiz olunmuş, yaxşı təlim keçmiş qoşunlar Vətənin işğal edilmiş torpağının hər bir qarışını azad etməyə hazırdır. Münaqişənin yenidən alovlanacağı təqdirdə beynəlxalq birliyin bu dəfə əmin-amanlığı dörd gündən sonra bərpa etmək şansı son dərəcə azdır. Buna görə də Avropanın qərar qəbul edən qüvvələrinin münaqişə bölgəsinə gəlməsi, bu regionun tarixini öyrənməsi və münaqişənin dinc yolla həlli üçün ədalətli plan təklif etməsi son dərəcə vacibdir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bu gün dünya birliyinin ədalətə ehtiyacı var”
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info