Səfir: “Hədəfimiz məhsullarımızı Çin bazarına daxil etməkdir”
Tarix: 12.10.2017 | Saat: 14:33:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallının Trend-ə müsahibəsi.
- Azərbaycanla Çin arasında ikitərəfli siyasi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan-Çin ikitərəfli siyasi əlaqələrinin hazırki vəziyyətini xarakterizə edərkən, ilk növbədə qeyd etməliyəm ki, bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan Çin Xalq Respublikası ilə münasibətlərinə xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Azərbaycan-Çin əlaqələrinin tarixi çox qədimdir və xalqlarımız qədim İpək Yolu vasitəsilə ciddi ticari və mədəni əlaqələrə malik olublar. Bildiyiniz kimi, ikitərəfli siyasi əlaqələrin inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çin Xalq Respublikasına dövlət səfərinin üzərində xüsusilə dayanmaq istərdim. Belə ki, məhz bu səfər çərçivəsində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Çinin digər yüksək səviyyəli rəsmiləri arasında keçirilmiş görüşlər, əldə edilmiş razılaşmalar, 10 Hökumətlərarası sənədin, xüsusilə də, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə və Azərbaycan və Çin hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olub və ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yeni hədəfləri müəyyənləşdirib.
- Azərbaycanın yaxın gələcəkdə Çinlə ikitərəfli münasibətlərinin prioritetləri nələrdir?
- Azərbaycan daxili və xarici siyasətindəki stabilliyə, iqtisadiyyatının gücünə, dinamik inkişafına görə bu gün yerləşdiyi bölgənin ən nüfuzlu ölkələrindən biridir. Azərbaycanın həyata keçirdiyi müstəqil və ardıcıl daxili və xarici siyasət, ona beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandırıb. Azərbaycanda bütün sahələrdə müşahidə edilən inkişaf dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır. Bir qədər öncə qeyd etdiyim kimi, Azərbaycan Çinlə əlaqələrinə böyük əhəmiyyət verir və əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Çinin təşəbbüsü olan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyir və bu çərçivədə əməkdaşlıq etməkdə əzimlidir. Azərbaycanda son illər ərzində reallaşdırılan iri infrastruktur layihələri ölkəmizin sözügedən təşəbbüsün əsas iştirakçılarından biri olmasına bütün müvafiq şəraiti yaradır. Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, eləcə də Xəzər Dənizində ən böyük liman olacaq Bakı Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi ilə Azərbaycanın nəqliyyat imkanları böyük dərəcədə artacaq və bununla da ölkəmizin Çinlə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində iri iqtisadi və nəqliyyat layihələrini həyata keçirməsi üçün yeni imkanlar yaradacaq. “Bir Kəmər, Bir Yol” layihəsinin ölkələr arasında iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişafına töhfə verəcəyini nəzərə alaraq, tarixi hələ Qədim İpək Yoluna qədər uzanan əlaqələrimizin bu gün turizm sahəsində də genişləndirilməsi üçün gözəl şərait mövcuddur. Qədim İpək Yolunun ən önəmli məntəqələrindən biri kimi Azərbaycan öz qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti və önəmli abidələri baxımından bu gün yerləşdiyi bölgənin ən çox turist qəbul edən ölkələrindəndir. Biz istəyirik ki, ölkəmizi daha çox çinli turist ziyarət etsin. Bildirmək istərdim ki, keçən ay Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin Çinə işgüzar səfəri çərçivəsində çinli həmkarı ilə turizm sahəsində əməkdaşlığın gələcək inkişafı imkanları ətrafında müzakirələr aparıb. Hazırda biz qrup şəklində turistlərin səfərlərinin təşkil edilməsinə dair qurumlararası sənədin üzərində işləyirik. İnanıram ki, sözügedən sənədin imzalanması ilə yaxın gələcəkdə daha çox çinli turist ölkəmizi ziyarət edəcək və bununla da xalqlarımız bir-birinə bir qədər də yaxınlaşacaq. Nəqliyyat və turizmlə yanaşı enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var. Son illər ərzində Azərbaycan Hökumətinin həyata keçirdiyi ciddi iqtisadi islahatlar nəticəsində bu gün ölkəmizdə yüksək keyfiyyətli rəqabətqabiliyyətli məhsullar istehsal olunur. Düşünürəm ki, Azərbaycanda “Made in Azerbaijan” brendi ilə istehsal olunmuş yüksək keyfiyyətli məhsullar Çin bazarında böyük maraqla qarşılana bilər. Bu baxımdan Azərbaycan məhsullarının Çin bazarına çıxarılması istiqamətində çalışmaq prioritetlərimiz sırasındadır. Təbiidir ki, biz Çinlə iqtisadi əlaqələrimizi genişləndirərkən, humanitar sahədə də əməkdaşlığın inkişafını diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması üçün mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan və Çin qədim tarixə və mədəniyyətə malik ölkələrdir və hesab edirəm ki, hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək mədəni tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edə bilər.
- Çin rəsmiləri dəfələrlə Azərbaycanla münasibətlərini müxtəlif sahələrdə gücləndirmək və bu münasibətləri dostluq münasibətlərindən güclü iqtisadi tərəfdaşlıq səviyyəsinə çatdırmaq niyyətində olduqlarını bildiriblər. Sizin fikrinizcə, iqtisadi sahədə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hansı sahələr xüsusi maraq kəsb edir?
- Bakının yaxınlığında tikilən yeni Ələt Beynəlxalq Dəniz Limanı Xəzər Dənizində ən böyük limandır və bu liman ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir. Bakı Beynəlxalq Dəniz Limanı Ələt qəsəbəsində yaranmaqda olan yeni Azad Ticarət Zonasının (ATZ) tərkibindədir, hansı ki, (ATZ) beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bu yaxınlarda istifadəyə verilməsi, Şimal-Cənub dəmir yolu layihəsinin reallaşması, eləcə də Bakı Beynəlxalq Dəniz Limanının tam gücü ilə işləməyə başlaması ilə Transxəzər beynəlxalq nəqliyyat marşrutu “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində ən cəlbedici marşrutlardan birinə çevriləcək və Asiyadan, xüsusilə Çindən Avropaya yükdaşıma zəncirinin ən önəmli halqalarından biri olacaq. Təbiidir ki, bu nəhəng nəqliyyat layihəsinin reallaşması ilə Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr xeyli canlanacaq və yeni-yeni əməkdaşlıq və investisiya imkanları yaradacaq. Bununla yanaşı, hazırda Çin şirkətləri ölkəmizin enerji sahəsində işləməyə və bu sahəyə sərmayə yatırmağa ciddi maraq göstərirlər. Hazırda SOCAR-ın Azərbaycanda qaz emalı və neft kimya kompleksi layihəsinin (“SOCAR GPC”) reallaşdırılması ilə bağlı Çin şirkətləri ilə danışıqlar aparılır. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlığımız üçün böyük imkanlar mövcuddur və biz onlardan istifadə etmək əzmindəyik. Azərbaycan bu gün özünün elə bir inkişaf mərhələsini yaşayır ki, ölkədə istənilən sahədə ciddi inkişaf müşahidə edilir. Bu baxımdan Çin şirkətləri ölkəmizdə yaradılan sənaye, texnologiya, kimya parklarının imkanlarından yararlana bilər, turizm, kənd təsərrüfatı və tikinti inşaat və yol infrastrukturu sektorlarında uğurla işləyə bilərlər. Ümumiyyətlə, Çinlə ikitərəfli iqtisadi əlaqələr o qədər çoxşaxəli və geniş imkanlıdır ki, istənilən iqtisadi layihə səmərəli və faydalı ola bilər.
- Azərbaycanlı iş adamları Çinin hansı sahələrinə sərmayə yatıra bilərlər?
- Çin iqtisadiyyatı elə sürətlə inkişaf edir ki, bu ölkə ilə iqtisadi əlaqələri dərinləşdirmək bütün ölkələr üçün prioritet olaraq müəyyənləşdirilib və ölkəmiz də istisna deyil. Azərbaycan iş adamlarının Çinə investisiya yatırması məsələsinə gəldikdə, hesab edirəm ki, ilkin mərhələdə hədəfimiz Azərbaycanda istehsal olunan məhsulların Çin bazarına daxil olmasına nail olmaqdır. Çin bazarının miqyasını və imkanlarını nəzərə alaraq, azərbaycanlı iş adamları sözügedən bazara daxil olmaq üçün daha da fəal olmalıdırlar. Bu gün Azərbaycanda istehsal olunan spirtli içkilər, xüsusilə şərabların, eləcə də kənd təsərrüfatı məhsullarının Çin bazarında uğur qazanması üçün bütün imkanlar mövcuddur. Bu yaxınlarda Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə səfirliyimizin nəzdində ticarət nümayəndəliyi təsis edilib. İnanıram ki, ticarət nümayəndəliyinin tam fəaliyyətə başlaması ilə Azərbaycan məhsullarının Çin bazarına daxil olması və iş adamlarımızın bu ölkə ilə işgüzar əlaqələr qurması prosesi sürətlənəcək.
- Azərbaycan hökuməti xarici şirkətləri ölkədə yaradılmış sənaye və texnologiya parklarında əməkdaşlığa cəlb etməyi planlaşdırır. Çinli sahibkarlar belə layihələrdə iştirak etməkdə nə qədər maraqlıdırlar?
- Azərbaycanda yaradılmış sənaye, kimya və texnologiya parklarındakı investisiya mühiti ilə bağlı məlumatın Çin rəsmilərinə, eləcə də buradakı biznes dairələrinə çatdırılması Səfirliyin fəaliyyətinin əsas prioritetləri sırasındadır və bu istiqamətdə mütəmadi iş aparılır. Hazırda Sumqayıt və Qaradağ rayonlarının ərazisində yerləşən sənaye parklarına çinli iş adamlarının cəlb edilməsi istiqamətində iş aparılır. Hazırda biz çinli iş adamlarından ibarət biznes nümayəndə heyətlərinin ölkəmizə mütəmadi səfərlərinin təşkili üzərində işləyirik. Hesab edirəm ki, Çin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən iş adamlarının sözügedən sənaye və texnologiya parkları ilə yerində tanış olması ölkəmizdə yaradılmış biznes mühitini çinli iş adamları üçün daha da cəlbedici edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
20.10.2017
İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
18.10.2017
“Həyat 50 yaşdan sonra başlayır”
18.10.2017
“Türkiyə pomidorunun Azərbaycandan Rusiyaya təkrar ixracı barədə deyilənlər həqiqətə uyğun deyil”
17.10.2017
“Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info