Allahverdi Məmmədli: “Təhsil bazası zəif olan aparıcılar ədəbi dil normalarını daha çox pozurlar”
Tarix: 12.10.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər
Məmmədli Allahverdi Məhərrəm oğlu 1956-cı ildə anadan olub. 1976-1981-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb və 2005-ci ildən burada çalışır. Allahverdi müəllim müxtəlif illərdə Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor, “Şərq qapısı” qəzetində baş redaktorun birinci müavini, “Xalq qəzeti”nin xüsusi müxbiri, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, “Azad Azərbaycan” radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində “Xəbərlər” redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. 2004-cü ildə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.2015-ci ildə filologiya üzrə elmlər doktoru dərəcəsini alıb. 2017-ci ilin may ayından isə Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. Allahverdi müəllim 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.
Allahverdi Məmmədlinin “Palitra” qəzetinə verdiyi müsahibəni təqdim edirik.


- Allahverdi müəllim, bu gün televiziya və radio sahəsində çalışan jurnalistlər dil normalarını hansı səviyyədə qoruyurlar? Bu sahədə mövcud olan problemlər nələrdir?

- Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, bu sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var. Çox yaxşı ki, Milli Televiziya və Radio Şurası var. Bu qurum hər dəfə dillə bağlı monitorinqlər keçirir. Hansı proqramda dil normaları pozulursa, həmin verilişlərlə bağlı müzakirələr aparılır, irad və təkliflər göndərilir. Həmçinin qeyd edim ki, AMEA-nın Dilçilik İnstitutunda belə bir monitorinq şöbəsi də var. Biz təşəkkür edirik ki, təkcə televiziya işçiləri yox, kənardan da bizi izləyib qiymət verənlər var.
- Jurnalistlərin dil normalarını pozmaması istiqamətində hansı maarifləndirmə işləri görülür?
- Dil normalarının pozulmaması üçün bizim fakültədə müxtəlif fənlər tədris olunur. Bu fənlərdən biri də “Nitq mədəniyyəti” fənnidir. Həmin fənn ən çox bakalavrlara tədris olunur. Fakültəmizdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Həmin kitab üç dildə təhsil alan tələbələrə tədris olunur. Fakültəmizdə həmin kitabı müəllimimiz Nəsir Əhmədov hazırlayıb.
- Bu gün fakültənizdə təhsil alan tələbələrin bilik səviyyəsi haqqında söhbət açardız. Bir alim kimi tələbələrin biliyi sizi qane edirmi?
- Əvvəllər tələbələrin bilik səviyyəsi nəzərə alınırdı. Amma yaradıcılıq qabiliyyəti nəzərə alınmırdı. Artıq 3-cü ildir ki, biz Jurnalistika fakültəsinə tələbələri qabiliyyət imtahanı əsasında qəbul edirik. Bu gün jurnalist olmaq istəyənlər öncə qabiliyyət imtahanı verir və esselər (sərbəst mövzular) yazırlar. Onların qabiliyyətini yoxlayaraq qəbul edirik. Əvvəllər isə bu metod yox idi. Bizim məqsədimiz yazmaq qabiliyyəti olan jurnalistlər yetirməkdir. Ancaq əvvəllər tələbələr arasından çox az savadlı jurnalistlər yetişirdi. Qabiliyyət imtahanı tətbiq olunduqdan sonra bu problem aradan qalxmağa başladı. Bugünkü qəbul qaydaları bizi qane edir. Biz çalışırıq ki, istedadlı jurnalistlərə yer verək ki, gələcəkdə onlar respublikanın istənilən mətbuat orqanında çalışa bilsinlər. Həmçinin biz çalışırıq ki, ölkənin mətbuat orqanları bizim fakültəyə kadr bazası kimi baxsınlar. Buradan kadrlar seçərək işə götürsünlər. Biz bu istəyimizə, inşallah, nail olacayıq.
- Cəmiyyətdə ən çox işlədilən sözlərdən biri də “peşəkar jurnalist” ifadəsidir. Sizcə, bu gün “peşəkar jurnalist” deyəndə kimlər nəzərdə tutulur? Günümüzdə jurnalistlərin əsl vəzifəsi nədir?
- Yazıçılar kimi jurnalistlər də anadan jurnalist doğulmalıdır. Yəni onun ixtisası şərti xarakter daşıyır. Jurnalist istedadlı olmalı və yazma qabiliyyətini bacarmalıdır. Ali məktəbdə belə qabiliyyəti olan insanlara biz biraz da köməklik edirik ki, istehsalata gedəndə öz üzərlərində bir qədər də çalışaraq peşəkarlıq əldə etsinlər. Peşəkar jurnalist, birinci növbədə dünyanın nəbzini tutmalıdır. Jurnalist tərəfsiz, qərəzsiz olmalı və vicdanlı yazmalıdır. Biz tələbə və jurnalistlərə bunları aşılamaq istəyirik. Peşəkarlıq budur. Jurnalist siyasətçi də deyil, adi insan da deyil. Jurnalist çalışıb hadisələrə öz mövqeyini bildirməlidir. Elə bir mövqe sərgiləməlidir ki, oxucu bundan nəticə çıxarsın. Jurnalist yazılarında son nəticə çıxarmağı oxucuya həvalə etməlidir. Bax peşəkarlıq budur. Gərək oxucuya hər şeyi axıra kimi çatdırmayasan. Yazıçılarda belədir. Adətən, əsər yazılarkən sonda oxucu bunun niyə yazıldığı haqqında düşünür və nəticə çıxarır.
- Bu gün telekanallarda jurnalistlərin yerinə aktyorlar çalışırlar. Bu isə öz növbəsində bir sıra problemin yaranma mənbəyini təşkil edir. Bu haqda da fikirləriniz bizim üçün maraqlıdır.
- Mən bunu bir neçə dəfə müxtəlif tədbirlərdə çıxışlarımda qeyd etmişəm. Həqiqətən, bu problem Jurnalistika fakültəsini narahat edən ciddi məsələlərdən biridir. Bəzən səhnədə çıxış edən insanların aparıcılıq etdiyini görürük. Belə olduqda dinləyicinin aparıcıya olan inamı zəifləyir. Aktyor və aktrisanın vəzifəsi tamam başqadır. Adətən, onlar obraz yaradırlar. Əslində, aparıcılığı ciddi analitik təhlili olan jurnalistlər aparmalıdırlar. Jurnalist həm də tədqiqatçıdır. O bir veriliş və ya məqalə hazırlayarkən tədqiqat apararaq müxtəlif mənbələrdən istifadə edir. Elə jurnalistlər var ki, titulu olmasa da, mən onları alim hesab edirəm. Sözsüz ki, bu onların tədqiqatlarına görədir. Onlar alimlər qədər tədqiqat aparırlar. Əsl peşəkar jurnalist həm də tədqiqatçıdır. Buna görə də aparıcılar aktyor yox, jurnalist olmalıdırlar. Çünki bunları biz yetişdiririk.
- Rəhbərlik etdiyiniz kafedra bu gün jurnalistikanın hansı problemi ilə daha çox maraqlanır? Bu istiqamətdə nəşrləriniz var? Çünki elmi daha çox nəşrlərdən öyrənirik.
- Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxunun kitabı var. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq.
- Jurnalistlərin etik davranışlarında və praktiki fəaliyyətlərində sizi narahat edən ciddi problemlər nələrdir? Bu sahədə olan bəzi narazılıqları artıq cəmiyyət də hiss edir. Sosial şəbəkələrdə bunlara tez-tez rast gəlirik.
- Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.
- Sonda jurnalist peşəsinə yiyələnmiş şəxslərə nə demək istərdiz?
- İstərdim ki, jurnalistlər daima mütaliə etsinlər. Teleməkanı və radionu müntəzəm izləsinlər. Dünyanın internet əsri olduğunu nəzərə alaraq sosial şəbəkələrdə olduqca aktiv iştirak etsinlər. Yüksək səviyyəli biliyə malik olsunlar. Həmişə yaxşı jurnalist olmağa çalışsınlar.

Söhbəti qələmə aldı:
Mahmud Əyyub.




 
Bölməyə aid digər xəbərlər
07.12.2017
Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”
24.11.2017
Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info