“Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir”
Tarix: 12.10.2017 | Saat: 19:27:00 | E-mail | Çapa göndər
Ermənistan dövləti təkcə separatçılıq əməlləri törətməklə deyil, eyni zamanda ötən əsrdə dünyanı fəlakətə sürəkləyən faşist ideologiyasının da təbliğatı ilə məşğuldur. Əslində, indiki Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda etdiyi bəd əməllər heç də faşistlərin II Dünya müharibəsində etdiklərindən geri qalmır. Təsadüfi deyil ki, ötən gün Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransda da bu haqda danışılıb. Qeyd edək ki, konfrans II Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Azərbaycan Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan II Dünya müharibəsində faşizm üzərində qələbəyə mühüm töhfələr verib. C.Xəlilov, həmçinin tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, II Dünya müharibəsinin başa çatmasından yetmiş ildən çox vaxt ötür: “Lakin, təəssüf ki, bu gün biz müasir saxtakarlar tərəfindən o dəhşətli müharibənin tarixini bilərəkdən və qəsdən təhrif etmək, ata-babalarımızın qəhrəmanlıqlarına qara yaxmaq, işğalçılar tərəfində vuruşmuş xəyanətkarlara və onların himayədarlarına haqq qazandırmaq cəhdlərinin şahidiyik. İki il bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Baş Məclisinin yetmişinci sessiyasında nasizmin və neonasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşı mübarizəyə həsr edilmiş qətnamə qəbul olunub. Bu sənədi 126 dövlət dəstəkləyib. Təəccüb doğuran odur ki, bu ölkələr arasında Ermənistan da var. Halbuki onun ərazisində nasist ideologiyası dövlət səviyyəsində yayılır”.
O bildirib ki, hazırda Ermənistanda hərbi canilərin qəhrəman kimi qələmə verilməsi prosesi gedir: “Minlərlə günahsız insanı qətlə yetirmiş nasist rejiminin əlaltısı Qaregin Njdeyə bu ölkədə heykəl qoyulub. Yeri gəlmişkən, həmin heykəlin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Njde haqqında film çəkilib, kitab nəşr olunub. Onun şərəfinə gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmiş sikkələr zərb edilib. Bir sözlə, SS erməni legionunu yaradan adam milli qəhrəmana çevrilib. Təbii ki, bu hal bir çox ölkənin etirazına səbəb olub. Ermənistanda nasist ideologiyası təbliğ edilir. 25 ildir Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altındadır. Erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir. Bu məsələdə dəqiq və qəti mövqeyimiz olmalıdır”.
Prezident Administrasiyasının rəsmisi bu cür hərəkətlərin başqa ölkələrin veteranları və geniş ictimaiyyəti tərəfindən lazımınca pislənilməməsindən təəssüfləndiyini deyib: “Belə laqeydlik ona gətirib çıxarıb ki, bu gün erməni faşizminin varisləri nasist ideologiyasını dirçəldərək bizi zorla müharibəyə cəlb ediblər. İyirmi beş ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərimizdə etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Qeyd olunub ki, Ermənistanın millətçilik və işğalçılıq siyasəti təkcə regionun təhlükəsizliyinə təhdid yaratmır, həm də bütün dünyada ekstremizmə və şovinizmə qarşı mübarizəni çətinləşdirir. “Yalnız birlikdə informasiya-maarifçilik fəaliyyətini və təbliğat işini gücləndirməklə faşist ideologiyasının daşıyıcılarını ifşa etmək və müsbət dəyişikliklərə nail olmaq mümkündür. Bu məsələdə biz qəti və dəqiq mövqe tutmalıyıq”, - deyə Ə.Mehdiyev vurğulayıb.

“Ermənistan Azərbaycana qarşı daim yalan və iftiralarla dolu informasiyalar yayır və əlbəttə ki, layiqli cavablarını alırlar”
Yeri gəlmişkən, dünən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimində də Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışılıb. SAM-ın daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunun təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli çıxış edərək maraq doğuran bir sıra məsələlərə diqqət çəkib. Bildirib ki, yeni minillik informasiya dövrüdür. Bu dövrdə mübarizənin artıq yeni formaları yaranıb. Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu üçün bu mübarizədə də fəallıq nümayiş etdirir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, informasiya mübarizəsinin əsas məqsədi düşmənə daxildən zərbə vurmaqdır. Azərbaycan bu istiqamətdə səyləri daha da artırmalıdır. Çünki ölkəmizin inkişafını gözü götürməyən qüvvələr, xüsusən də düşmən Ermənistan Azərbaycana qarşı daim yalan və iftiralarla dolu informasiyalar yayır və əlbəttə ki, layiqli cavablarını alırlar.
Ərəstü Həbibbəyli təqdim olunan kitabın informasiya mübarizəsində, erməni yalanlarının ifşasında çox dəyərli mənbə olduğunu bildirib. Əlavə edib ki, kitabda “Soros Fondu”nun ermənilərə dəstəyi peşəkarlıqla ifşa olunub.
Milli Məclisin deputatı, professor Musa Qasımlı, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif özü çıxış edərək bildiriblər ki, əsaslı tədqiqatlar nəticəsində ərsəyə gələn bu sanballı əsərdə elmi əsaslarla, tarixi sənədlərlə ortaya qoyulan həqiqətlər erməni yalanları ilə mübarizədə vacib mənbədir. Ermənilər ölkəmiz və xalqımız haqqında dünyaya yanlış məlumatlar çatdırmağa çalışırlar. Buna görə də qarşımızda çox mühüm vəzifə - erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünyaya çatdırmaq dayanır. Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı" tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarına xidmət edən yeni iştirakçılardan – müsəlman ermənilərdən və "erməni" kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. Diqqətə çatdırılıb ki, tədqiqat işi yeni bir sahəni əhatə edir. Kitabda əksini tapmış süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidləri barədə məlumat verilir. Əsər belə mənfi halların qarşısının alınması üçün məqsədyönlü təbliğat işində böyük əhəmiyyətə malikdir. Vurğulanıb ki, ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdikləri məkrli siyasət, soyqırımları, xəyanət və təcavüz barəsində məlumatların dünya ictimaiyyətinə çatdırılmasında da bu kitabın mühüm əhəmiyyəti var.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib
01.12.2017
Brüssel Sammitinin ismarıcı: münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında həllini tapmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info