“Azərbaycanda beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir”
Tarix: 12.10.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər
“Azərbaycan ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu təşkilatın fəal üzvüdür və əmindir ki, MDB-nin böyük gələcəyi var”

Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. Prezident İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər. Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başlayıb.
İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğulayıb ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd edib ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub. Prezident İlham Əliyev iclasda çıxış edib. Azərbaycan Prezidenti çıxışında deyib ki, Azərbaycan ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu təşkilatın fəal üzvüdür və əmindir ki, MDB-nin böyük gələcəyi var: “Bu məkan bizə müntəzəm surətdə fikir mübadiləsi aparmaq imkanı verir. Mən çıxışımda əsasən humanitar xarakterli məsələlərə toxunmaq istərdim. Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi artıq özünü tanıdıb. Bizim indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar. İştirakçı ölkələrin ümumi sayı 100-dən çox idi. Bu Oyunlar həm də mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir”.

“Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”
Prezident deyib ki, turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir: “Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir. Qeyd etmək istədiyim sonuncu mövzu təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri ilə bağlıdır. Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Prezident Türkiyəyə səfərə gedib
12.12.2017
Azərbaycan dövlətçiliyinin xilaskarı
12.12.2017
Müstəqil Azərbaycanın memarı
12.12.2017
Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib
12.12.2017
 “Görkəmli dövlət xadimi Heydər Əliyev Vyetnama böyük diqqət göstərib”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7903

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info