Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal layihələr ölkəni gücləndirir
Tarix: 12.10.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
Rövnəq Abdullayev:
“Yeni əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir"

Ölkə iqtisadiyyatının güclənməsində qlobal layihələrin mühüm rolu var. Azərbaycan dövlətinin məqsədyönlü enerji layihələri bölgə ölkələrinin kompleks inkişafı üçün ciddi zəmin yaradıb. Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələrin qlobal xarakter daşıdığını deyən Prezident İlham Əliyev bildirib ki, bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır: “Əsrin kontraktı”nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması tarixi hadisədir.
Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, 98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi əsas prioritetlərdir. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz”.

"SOCAR Trading" hər il Maltaya 400 mln. kubmetr təbii qaz ekvivalentində maye qaz çatdıracaq
Bakıda "Argus Media" beynəlxalq neft sammiti işinə başlayıb. İki gün davam edəcək tədbirin əsas tərəfdaşı SOCAR-dır. Sammit Xəzər regionunda əsas görüşlərdən biri sayılır və beynəlxalq neft, nəqliyyat, ticarət şirkətlərinin, habelə nazirliklərin 250-dən çox rəhbər şəxsini bir araya gətirib. Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz yer alıb. İştirakçılar neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. “Yeni əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir. R.Abdullayev bildirib ki, SOCAR-ın strateji inkişaf prioritetləri arasında xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. Onun sözlərinə görə, SOCAR dünya bazarlarına inamla daxil olan müasir rəqabətədavamlı, şaquli inteqrasiya olunmuş şirkət kimi mövqeyini gücləndirməkdədir: "Gürcüstanda Kulevi terminalı, "SOCAR Energy Georgia", Türkiyə, Ukrayna, Rumıniyada şirkətlərimiz fəaliyyət göstərir. "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Şərqi və Qərbi Avropa, Şimalı və Qərbi Afrika və Aralıq dənizi hövzələrindəki bazarlarda öz mövqelərini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyatlarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 2018-ci ildən etibarən hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya çatdırılması nəzərdə tutulub".

“Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 550 milyon tondan çox neft ehtiyatı var”
SOCAR-ın prezidenti qeyd edib ki, hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var. O bildirib ki, "Şahdəniz-1" yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. "Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına çatdırılacaq.
R.Abdullayev onu da vurğulayıb ki, hazırda Karbamid zavodunda inşaat işləri başa çatmaq üzrədir. O qeyd edib ki, ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir: "SOCAR da bu inkişafa dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də Karbamid zavodunun inşasıdır. Layihənin əsas məqsədi SOCAR-ın təbii qaz resurslarından xammal kimi istifadə etməklə ölkədə kənd təsərrüfatının azot gübrəsinə tələbatını ödəmək və əlavə ixrac potensialı yaratmaqdan ibarətdir. Hazırda zavodda inşaat işləri başa çatmaq üzrədir. Gələn il istehsala başlamağı planlaşdırırıq".
Xoşbəxt Yusifzadə:
“Azərbaycanda 2 milyardıncı ton neft noyabrın ilk həftəsində hasil olunacaq”
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycanda 2 milyardıncı ton neft noyabrın ilk həftəsində hasil ediləcək. O qeyd edib ki, noyabrın 5-də bu münasibətlə xüsusi mərasim keçiriləcək. Xatırladaq ki, milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılıb. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçiblər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt - 46 il bəs edib.

"Azərbaycan neftin qiymətinin stabil qalmasına öz töhfəsini verəcək"
"OPEC və kartelə daxil olmayan ölkələr üzərlərinə götürdüyü öhdəliklər, bu öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi və yanvar ayından, yəni əldə olunmuş razılığın qüvvəyə mindiyi tarixdən neftin qiymətində müşahidə olunan artım tendensiyası "qara qızıl"ın ədalətli qiymətə çatdırılması istiqamətində addımların doğru olduğunu göstərir". Bunu tədbirdə çıxış edən energetika nazirinin müavini Natiq Abbasov bildirib. Onun sözlərinə görə, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr sazişin müddətinin 2018-ci ilin birinci rübün sonunadək uzadaraq neftin bahalaşmasına növbəti dəstəyi verəcək: "Bu gün neftin qiymətində volatilliyin azalması, tədricən qiymətdə sabitləşmə OPEC çətiri altında müzakirələrə qatılmış hər bir ölkənin uğurudur. Razılaşdırılmış bəyannaməni imzalayan, sazişə qoşulan, neftin qiymətinin sabitləşməsi məqsədi ilə təşkilat tərəfindən irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycan bu günədək öz öhdəliklərini tam yerinə yetirir. Azərbaycan neft bazarında qiymətlərin sabitliyinə və neftlə bağlı məsələlərin nizamlanmasına bundan sonra da öz töhfəsini verəcək".

Qəri Counz :
“Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdir”
BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Counz bildirib ki, 2006-cı ilin iyun ayından bu ilin analoji ayının sonuna kimi Bakı- Tbilisi- Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla ümumilikdə təxminən 2,7 mlrd. barel, yəni 365 mln. tondan artıq xam neft ixrac olunub: “Tərəfdaşlarımızla birlikdə Azərbaycan hökumətinin adından “Azəri-Çıraq-Günəşli” neft və "Şahdəniz" qaz əməliyyatçıları kimi BP şirkəti 67 mlrd. dollardan artıq investisiya yatırıb və 3,2 mlrd. bareldən çox neft, 85 mlrd. kubmetr qaz, 30 mlrd. kubmetrdən çox səmt qazı və təxminən 170 mln. barel kondensat hasil edib. Qoyulmuş bu investisiya və səylər nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli qurğular, o cümlədən 7 dəniz platforması, 3 emal terminalı və 3 iri ixrac boru kəməri inşa edilib. Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdirmi? Cavab birmənalı olaraq "bəli"dir. Mən çox şadam ki, BP bu prosesdə böyük rol oynayır. 3 misal çəkmək istəyirəm. Birincisi, 2013-cü ilin dekabr ayında "Şahdəniz-2" layihəsi üçün BP-SOCAR-Şahdəniz konsorsiumundakı tərəfdaşlarımız tərəfindən verilən yekun investisiya qərarı “Cənub Qaz Dəhlizi”nin inşası üçün yol açdı. Ümumi investisiya portfelinin dəyəri 40 mlrd. dollardır. Beynəlxalq miqyaslı layihə Xəzərdəki təbii qaz ehtiyatlarını Avropa bazarlarına çıxaracaq və ilk dəfə olaraq bu bazarlar arasında birbaşa əlaqə yaranacaq. İkincisi, BP və onun “Azəri-Çıraq-Günəşli” konsorsiumundakı tərəfdaşlarının bu yaxınlarda imzaladığı "Əsrin müqaviləsi" Azərbaycanın neft infrastrukturuna qoyulacaq böyük investisiyaların növbəti dalğasına rəvac verəcək. Üçüncüsü, SOCAR və BP arasında imzalanmış sazişlər çərçivəsində həyata keçirilən Abşeron yarımadasının dayazsulu hissəsində layihələr aşkar edilmiş neft və qaz ehtiyatları yeni bir səhifə aça və nəhəng regional neft-qaz infrastrukturu üçün təchizat mənbəyi ola bilər. Qısası, Azərbaycanda bu potensial var".

"Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər"
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib ki, 2018-ci il üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Türkmənistan neftinin ixrac edilməsi ilə bağlı müqavilə bağlanıb. Onun sözlərinə görə, nəql olunan həcmi 3-4 mln. ton təşkil edəcək: "Bu isə Türkmənistan neftinin ixracının təxminən 100%-nə bərabərdir. Bundan əvvəl imzalanan müqavilə isə 2 illik müddəti əhatə edib". Müvafiq müqaviləyə "SOCAR Trading" imza atıb.
Qazaxıstan neftinin BTC ilə nəqlinə dair gəldikdə, Ə. Əhmədzadə bildirib ki, bununla bağlı, hələlik müqavilə imzalanmayıb, lakin müvafiq danışıqlar aparılır. O bildirib ki, SOCAR və Rusiyanın "Transneft" şirkəti 2018-ci ildə Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycan neftinin ixrac olunmasına dair müqavilə imzalayıb. Onun sözlərinə görə, sənədə əsasən, qeyd edilən marşrut üzrə gələn il 1,3 - 1,5 mln. ton neft nəql olunacaq. Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə 1997-ci ildən neft ixrac edir. Ədnan Əhmədzadə onu da qeyd edib ki, Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər. Onun sözlərinə görə, Azərbaycan daxili tələbatı tam ödədiyi üçün İrana benzin tədarük edir: "Azərbaycan istehsalı olan "mavi yanacağı" isə almaq onların istəyincə deyil. Azərbaycan istehsalı olan dizel yanacağı İran tərəfinə ixrac oluna bilər. Biz bu təklifə müsbət baxırıq. Biz onlara keyfiyyət nümunəsi və qiymətləri təklif etmişik. Hazırda İran tərəfi bu təklifləri nəzərdən keçirir".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq
12.12.2017
Neft bahalaşıb
12.12.2017
FED-in iclası fonunda dollar ucuzlaşır
12.12.2017
Muzdla çalışanların orta aylıq əmək haqqı 6,4% artıb
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info