Konqresdə Qarabağ “şou“su olacaq: Bakını nə gözləyir?
Tarix: 16.10.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması məqsədilə yaratdığı Minsk Qrupunun həmsədrlərindən biri də ABŞ-dır.
Birləşmiş Ştatların rəhbərliyi Azərbaycanla normal, qarşılıqlı maraqların nəzərə alındığı və suveren siyasət prinsiplərinə riayət olunduğu münasibətlərin qurulmasında maraqlı olduğunu bəyan edir.
Hər halda rəsmi Vaşinqtonun açıqlamaları belədir. Belə bəyanatlar diplomatik fəaliyyətin tərkib hissəsi, eyni zamanda dövlətlərin maraqları ilə siyasi mənafelərini əks etdirən məqamlar olduğundan hər sözün bir yox, üç, beş, bəzən daha çox altqatı, mənası olur.
Vaşinqton da Azərbaycana sürəkli messiclər yollayır: "Bizimlə olmayan bizə qarşıdır". Belə göndərişlər aşkar, açıq şəkildə olmur və bütün hallarda ən müxtəlif vasitələrdən istifadə olunur.
Bəhs etdiyimiz vasitələrdən biri də zahirən Ağ Evin mövqeyinə, siyasi taktikasına və dövlətlərarası əlaqələrdəki uzunmüddətli strategiyasına guya "zidd" olan siyasətçilərin, əksər hallarda konqresmenlərlə senatorların bəyanatları, müzakirələri, qanunverici təşəbbüsləridir.
500 milyon dollarlıq borca görə UNESCO-dan çıxan, BMT-ni maraqlarına xidmət edən struktura döndərməyə çalışan ABŞ-ın Avropada yaradılmış hansısa strukturun tələblərinə riayət edərək, o təşkilatın güclənməsi istiqamətində işlər gördüyünü vurğulaması da ironiyadır.
ABŞ Helsinki Komissiyası üç gün sonra, oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.
Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.
Müzakirələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), habelə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.
Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir.
Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i ( suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməmişdir.
ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.
K. Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir.
Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır.
K.Smit ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən fəal tərəfdarlarındandır.
ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Twitter-dəki profilində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, "Hay Dat"a ("erməni məsələsi") dəstəyə nail olmaq üçün Smitlə görüşür.
K. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi.
ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir.
Görünür, K. Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf" kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür.
Bütün bunlar olayın görünən tərəflərdir.
Mahiyyət və məzmun isə daha maraqlı, fərqlidir.
Dağlıq Qarağbağ münaqişəsi ilə bağlı Helsinki Komissiyasının müzakirələri "2x2"-nin cavabının yeni interpretasiyası, gözlə görünən məsələnin aydınlaşdırılması üçün az qala lazer mikroskopundan istifadənin labüdlüyünün vurğulanmasıdır.
Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir. Bu, bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib:
Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman Şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirdi. Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək, görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Əgər belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilərlər.
Məhz bu mühüm geosiyasi amillə manipulyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxilə edə biləcəkləri kimi şərh edir. Komissiya dolayısı ilə bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir.
Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də K.Smitin təşkil edəcəyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa belə döyüşlər tez-tez təkrarlana bilər".
Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başlanma riskinin artması ilə bağlı "humanitar təlaş" şousu əslində Ermənistana siyasi və s. dəstək kampaniyasının daha da genişlənməsinə yönəlib.
"ABŞ-ın Helsinki Komissiyası vaxtaşırı Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarıb. Amma nədənsə məsələnin əsl mahiyyətinə varılmır. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir. Növbəti dinləmələrin də bundan o tərəfə keçəcəyini gözləməyə dəyməz.
Xaricdəki erməni diaspor təşkilatları bir qayda olaraq bu və ya digər bəhanə ilə xarici ölkələrdən Ermənistan üçün yardım almağa və yaxud da işğal olunmuş zonaya hüquqi status verməyə çağırırlar. Ancaq ötən dövr göstərir ki, onların bu cəhdlərinin sonu yoxdur. Problem kökündən həll edilməyib. Azərbaycan ərazi bütövlüyü təmin edilməyincə nə Ermənistan sakitlik tapacaq, nə də ki, işğal edilmiş zonada hər hansı bir hüquqi status almaq mümkün olacaq. Azərbaycan gec və ya tez öz torpaqlarına yenidən sahib çıxacaq.
Bu, öz yerində.
Dağlıq Qarabağdakı separatçı rejimə Vaşinqtonun birbaşa maliyyə yardımları ayırması, habelə Xankəndidəki xuntanın Amerika Erməni Milli Komitəsi (ANKA) və Amerika Erməni Assambleyası (AAA) tərəfindən fasiləsiz himayəyə alınması Konqresdə müzakirə ediləcəkmi?
Yox.
Bu ilin martında İrəvanda "Aprel savaşından bir il sonra: danışıqlar prosesinin dəyərləndirilimsi" mövzusunda keçirilmiş müzakirələrdə vurğalandı ki, münaqişə tərəfləri arasında etimad yoxdur. Buna rəğmən, ABŞ prosesi sürətləndirmək niyyətində olduğunu açıqlamışdı.
Yəni amerikalı siyasətçilər, konqresmenlər və senatorlar ikinci, hətta üçüncü dərəcəli məsələləri müzakirə edərək beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı bəyanat və qətnamələrə Ermənistanın tüpürmək belə, istəmədiyini ön plana çəkmədilər. Həmin sənədlərdə Ermənistandan işğal etdiyi Azərbaycan ərazisindəki hərbi birləşmələrini qeyd-şərtsiz çıxarması tələb olunurdu.
Konqresin Helsinki Komissiyasında da müzakirələr əsasında diqqətin işğalçı Ermənistana təzyiq mexanizmlərinin işlənməsi məcrasından çıxarılaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində status-kvonun saxlanması yollarının aranması istiqamətinə yönələcəyi şübhə doğurmur.
Keri Kavano bir müddət əvvəl Pol Steyrasla birlikdə hazırladığı, ABŞ-ın "Beynəlxalq Münasibətlər Şurası"ndakı analitik mərkəzin saytında dərc etdirdiyi məqaləsində vurğulayırdı ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası bütün regiondakı situasiyaya, o cümlədən Azərbaycandan enerjidaşıyıcılarının daşınmasına və Gürcüstanın təbii qazla təminatına pis təsir edəcək.
Kavano vurğulayırdı ki, Cənubi Qafqazda situasiyanın gərginləşməsi Vaşinqtonun Rusiya, Türkiyə və İranla onsuz da gərgin münasibətlərini daha da ağırlaşdıra bilər. Üstəlik, Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu və Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğunu xatırlasaq, Rusiyanın revanşizminin qarşısını almaq ABŞ üçün çox çətin olacaq.
Yəni ABŞ aşkar şəkildə bəyan edir ki, Vaşinqtonun ümdə maraqlarından biri Dağlıq Qarabağ münaqişəsinin konservasiyası, hər şeyin olduğu kimi qalmasıdır.
Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan, beynəlxalq hüququn tələblərini və münaqişə ilə bağlı çoxsaylı qətnamələri eyninə almayan Ermənistana təzyiq tələbləri isə səslənmir.
Konqresin Helsinki Komissiyasının müzakirələrində də, əminik ki, bu məsələ gündəmə gətirilməyəcək. Halbuki Ermənistanın aqressiv siyasətinin qarşısının alınması ən ümdə məsələdir.
Erməni işğalçılar ərazilərimizi tərk edən kimi ora məcburi köçkünlər qayıdacaqlar. İşğalçılar torpaqlarımızda olmayanda hansı atışmadan söhbət gedə bilər?! Atışmanın, hərbi əməliyyatların olmaması isə savaş riskinin yoxluğu, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində ilkin addımların atılmasıdır.
Bütün bunlar o qədər sadə məqamlardır ki, ABŞ Konqresində oktyabrın 18-də keçiriləcək müzakirə tam absurd təsiri bağışlayır.
Konqresin Helsinki Komissiyası bəyan edir ki, Helsinki Yekun Bəyannaməsinin və ATƏT-də digər öhdəliklərin reallaşdırılmasının monitorinqi, habelə təbliğatı məqsədilə yaradılıb.
1975-ci ilin avqustun 1-də Ümumavropa Toplantısında qəbul edilmiş Yekun Bəyannaməsindəki 10 əsas prinsipdən 8-i Ermənistan tərəfindən kobud şəkildə pozulur.
Helsinki Komissiyası isə indiyədək işğalçı ölkəni qınayan bir qətnamə (!) də qəbul etməyib.
Bu, Konqresdəki qurumun qərəzli, subyektiv, birtərəfli siyasət yürüdərək mövqe tutmasından xəbər verir. İşğalçı dövlətin əməllərinə susan Komissiyanın Azərbaycanla bağlı qəbul edəcəyi hər hansı qərarının da bəribaşdan, apriori çəkisi, önəmi yoxdur.
Həmin sənədin dəyəri çap olunacağı kağızdan da ucuz olacaq.
Aşkar ermənipərəst, uydurma "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasına çalışan, Dağlıq Qarabağdakı separatçı rejimlə çox sıx əlaqələri olan və ABŞ-dakı erməni diaspor təşkilatları tərəfindən maliyyə "yardım"ları aldığı istisna olunmayan Kristofer Smit kimi bir fiqurun rəhbərlik etdiyi Helsinki Komissiyası Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tuta bilərmi?
Cavabı özünüz verin.
Elçin Alıoğlu
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”
20.11.2017
“Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var”
20.11.2017
Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı sənəd imzalanıb
20.11.2017
ASK: “Regionlarda görülən işlər qeyri-neft sahələrinin inkişafına zəmin yaradıb”
20.11.2017
BDU-nun 98 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info