“Türkiyə hökuməti vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərinə hüquqi qiymət verməlidir”
Tarix: 16.10.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər
AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türk deputatların məsuliyyətsiz əməlinə biganə yanaşmaq olmaz

Bir müddət öncə Türkiyə vətəndaşları olan Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfəri, eyni zamanda HDP-li millət vəkili, erməni əsilli Türkiyə vətəndaşı Karo Paylanın Yerevan səfəri Azərbaycan-Türkiyə münasibətlərinə vurulan zərbə kimi qiymətləndirilməlidir. Onların işğal altında olan ərazilərimizə qanunsuz səfəri, sonra da separatçı rejimi və Ermənistanı təbliğ etmələrinin ardından Türkiyə Parlamentinin bir qrup üzvünün də AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Hər kəs gözləyirdi ki, qardaş Türkiyə tərəfi Azərbaycanın haqlı mövqeyini nəzərə alacaq və barələrində cinayət işi açılan həmin şəxslərin Azərbaycana təhvil verilməsini təmin edəcək. Ən azından isə öz ölkələrində bu şəxslər ciddi ictimai qınaqla rastlaşacaqlar. Təəssüf doğuran məqam isə budur ki, Türkiyə hökuməti bütün bunlara biganə yanaşdı.
Bu gün ölkələrinə qayıdıb rahat gəzən həmin şəxslər nəinki Türkiyə mətbuatına erməni qonaqpərvərliyi haqqında ağızdolusu danışırlar, həm də digər belə addım atmaq istəyənlər üçün mənfi presedent olurlar. Maraqlıdır, açıq şəkildə ermənilərin təbliğatını aparanlar, Azərbaycanın əleyhinə səs verənlər sabah Türkiyənin özü üçün ciddi problem olmazlarmı? Doğrudanmı Türkiyə hökuməti məsələlərin üstündən sükutla keçərək yalnız Xarici İşlər Nazirliyi və səfir səviyyəsində ümumi sözlərlə bəyanat və tövsiyələr verib, hər şeyin bitdiyini düşünür? Heç şübhəsiz ki, “Böyük Ermənistan” sevdalılarının artıq Türkiyənin içində də çiçəkləndiyini görməyənlər sabah Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməməsindən peşman olacaqlar.
Elə siyasi şərhçilər də bunu deyirlər ki, bu cür təhlükəli addımlar atanların üstünə getməmək Türkiyə hökuməti üçün baha başa gələcək. Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən siyasi şərhçi Qabil Hüseynli deyir ki, Türkiyə hökumətinin bu fakta hüquqi qiymət verməməsi, müvafiq addımları atmaması gələcəkdə də belə halların yaşanmasına şərait yaradır. Əgər məsələyə qarşı hökumət sərt tədbirlər görsəydi, Türkiyə ictimaiyyətində də həmin şəxslərə qarşı ciddi ictimai qınaq formalaşardı:
“Türkiyə hökumətinin bu biganə münasibəti və hadisələrə soyuq reaksiyası nəinki Azərbaycan-Türkiyə siyasi münasibətlərində müəyyən problemlər yaradır, hətta daim Türkiyəni özünə doğma, qardaş bilən Azərbaycan cəmiyyətinin ciddi ictimai qınağı ilə də nəticələnə bilər. Düzdür, Türkiyə tərəfi bu xoşagəlməz və Azərbaycanın əleyhinə, Ermənistanın isə xeyrinə olan hər iki olayları qınadı. Səfir səviyyəsində və Xarici İşlər Nazirliyinin açıqlaması fonunda biz olaylara soyuq münasibətin şahidi olduq. Amma bizə kiminsə tövsiyəsi və hadisələrə münasibət bildirməsi lazım deyil. Bizi konkret əməli addımlar qane edir. Çünki Türkiyə rəsmiləri də dəfələrlə qeyd ediblər ki, Azərbaycan nəinki həssas regionda yerləşən və müstəqil siyasət yürüdən nadir ölkələrdəndir, daim bir sıra beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ikili standartlara söykənən siyasətlə də üz-üzə qalan bir ölkədir. Belə olan halda, qardaş ölkədən də bu cür xoşagəlməz olayların sərgilənməsi bizi üzməyə bilməzdi. İndi əməli tədbirlərə keçməyin zamanıdr. Əks təqdirdə, bu, başqaları üçün pis bir presedent ola bilər. Bildiyiniz kimi, ortada konkret cinayət əməli var. Bir qrup şəxs bizdən icazəsiz işğal olunmuş torpaqlarımıza səfər edib. Buna görə də cinayət işi qaldırılıb. İnterpolun xətti ilə onların barəsində axtarış verilməsini, hətta yeri gələrsə, Türkiyə hökumətinin də onların həbsi istiqamətində əməli addımlarını gözləyirik. Hələ ki, bu barədə Türkiyə hökuməti hərəkətə keçməyib. Üç- beş uğursuz siyasətçi və ya zay yazar Türkiyəyə meydan oxumamalıdır. Nəsə eləmək lazımdır ki, onlar cəzalarını alsınlar. İlk addımı isə Türkiyə atmalıdır. Çünki onlar Türkiyə vətəndaşlarıdır. Hələlik Türkiyə hökuməti kənara çəkilib. Bu isə haqlı olaraq Azərbaycanda ciddi məyusluq doğurub. Azərbaycan, axı Kipr məsələsində heç vaxt Türkiyənin əleyhinə olan yolla getməyib”.
Qabil Hüseynli türkiyəli deputatların AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləməsini biabırçı addım kimi qiymətləndirdi: “Digər təəssüf doğuran məsələ Türkiyəni təmsil edən bir neçə deputatın nümayişkaranə şəkildə bizim əleyhimizə getməsidir. AŞPA –da Cümhuriyyət Xalq Partiyasından olan deputatlardan 3-ü Azərbaycan əleyhinə olan qətnaməyə səs verdi. Bu, el dili ilə desək, yanan ocağın üstünə benzinlə getməyə bənzədi. Keçmiş xarici işlər naziri olmuş birinin, Türkiyə cəmiyyətində kifayət qədər ciddi siyasi fiqur kimi tanınmış Dəniz Baykalın belə səhvə yol verməsi heç cür anlaşılan deyil. Belədə sual yaranır ki, necə oldu o bizim əleyhimizə olan bir qətnaməyə “hə” dedi? Hansı maraqlar naminə? Belə bir adamın Azərbaycanın əleyhinə olan bir qətnaməyə səs verməsi heyrət doğurmaya bilməzdi. Onların belə bir seçim etməsi ciddi siqnaldır, üstəlik geri qayıdanda onların az qala qəhrəman səviyyəsinə qədər qaldırılması təəssüf doğurur. Hətta Türkiyədə bu siyasətçiləri bəzi verilişlərə də dəvət edib onlardan bu addımla bağlı bəh-bəhlə danışmaları xahiş olunurdu. Amma nəinki Azərbaycan hökuməti, cəmiyyətimiz də gözləyirdi ki, ən yüksək səviyyədə olan kimsə onları ciddi şəkildə qınayacaq, ən azından ölkələrində bu addımın ictimai qınağa səbəb olmasına gətirib çıxaracaq bir addım atacaq. Amma Türkiyə hökumətindən hələ ki, belə addımlar görmürük. Ümumiyyətlə, bu məsələlər hazırda çox ciddi istiqamətdə cərəyan etməyə başlayıb, Azərbaycan tərəfindən də ciddi şəkildə bu olaylar diqqətdə saxlanılır və konkret nəticələr gözləyirik. Əks təqdirdə, Türkiyə hökumətinin biganəliyi səbəbindən iki ölkə arasında soyuqluq yarana bilər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
“NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”
21.11.2017
Oqtay Əsədov: “Büdcə zərfinin sənədləri göstərir ki, gələn il üçün də real iqtisadi artım proqnozlaşdırılır”
21.11.2017
“Azərbaycanın qüdrətli və regionda aparıcı dövlətə çevrilməsində YAP-ın böyük rolu var”
21.11.2017
Tanınmış iraqlı jurnalist Ermənistanın işğalçı siyasətindən yazıb
21.11.2017
Makedoniya THP lideri: “Qarabağ məsələsini daim diqqətimizdə saxlayacağıq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info