Rusiyadan vasitəçilik missiyasına uyğun olmayan mövqe
Tarix: 16.10.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Kreditlə ordu quran forpost dövlətə görə Azərbaycan kimi etibarlı, müstəqil və güclü strateji tərəfdaşla münasibətlərə xələl gətirməyə dəyərmi?

Məlum olduğu kimi, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürmüşdü. Həmin bu haqda məlumat yayılarkən, Moskvanın bu addımının doğru olmaması ilə bağlı rəy hakim idi.
İki il əvvəl imzalanan müqavilə artıq reallaşmağa başlayıb. Belə ki, İrəvan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşfiyyat kompleksləri, TOC - 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Rusiya böyük silah istehsalçısıdır və istehsal etdiyi məhsulları dünya bazarında müxtəlif ölkələr satır. Amma Rusiyanın Ermənistana bu qədər ağır silahlar satması, üstəlik bunu kredit formasında 20 illik müddətinə verməsinin kommersiya marağı ilə izah etmək mümkün deyil. Çünki praktiki olaraq Moskva bu gün Ermənistana verdiyi silahlara görə heç nə qazanmır-krediti özü verib. Belə olan halda, Rusiyanın təcavüzkar dövləti müasir silahlarla təchiz etməsinə, işğalçı dövlətin hərbi potensialını gücləndirməsinə nə ad vermək olar? Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal faktı əsas beynəlxalq qurumlar tərəfindən etiraf edilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri də Rusiyadır.

Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir

Yəni Rusiya münaqişəni həll etmək üçün vasitəçilik edir. Həmsədrlər bir neçə dəfə işğal faktı və status-kvonun dəyişməsinin vacib olması ilə bağlı bəyanatlar veriblər. Həmin bəyanatı imzalayan dövlətlərdən biri də Rusiyadır. İndi işğalçıya yeni silahlar verən Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini pozmaqla yanaşı, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir. Moskvanın bu addımı vasitəçilik missiyasına uyğun deyil. İşğalçıya 100 milyon dollarlıq birinci kredit paketinə uyğun silahlar verilməsi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyini aydın göstərir. Belə çıxır ki, Rusiyanın Ermənistanı silahlandırması işğalçılıq siyasətinin həvəsləndirilməsinə xidmət edir və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur. Axı nəzərə almaq lazımdır ki, silahı alan dövlət işğalçı Ermənistandır. İşğalçı Ermənistan regionda təhlükəsizliyə nə böyük təhdiddir.

“Təcavüzkar dövlət silahlandırılmamalıdır”
Rusiyanın Ermənistana yeni silah satması isə həm cəbhə bölgəsində, həm də bütövlükdə regionda təhlükəsizliyi təhlükə olmaqla yanaşı, gərginliyin daha da artmasını stimullaşdırır. Politoloq Fikrət Sadıqov hesab edir ki, Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur. Politoloq hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. F.Sadıqov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır. O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın belə məsələlərə ehtiyatla yanaşmasını da vacib sayıb: “Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Təcavüzkar dövlət silahlandırılmamalıdır”.

Münaqişəni həll etməyin yolu Ermənistanı silahlandırmaqdan keçmir
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. İki dövlət arasında siyasi-iqtisadi münasibətlərdə yüksələn xətlə inkişaf edir. Rusiyanın ayrı-ayrı regionları ilə ölkəmiz arasında iqtisadi əlaqələr də bunu təsdiqləyir. Amma Moskvanın Azərbaycanın torpaqlarını işğal edən dövləti silahlandırması Rusiya-Azərbaycan münasibətlərinin, strateji tərəfdaşlıq prinsiplərinin ruhuna uyğun deyil. Yaxın qonşu, dost bildiyimiz dövlətin bu siyasəti bizim üçün anlaşılmazdır. Onsuz da son aylarda baş verən bəzi hadisələr strateji tərəfdaşlıq münasibətləri ilə bir araya sığmır. Azərbaycan ictimaiyyəti ÜAK-ın fəaliyyətinin dayandırılması, Rusiya XİN-in bəzi açıqlamalarından sonra indi də Ermənistana silah satılmasını doğru hesab etmir. Rusiyanın nümayiş etdirdiyi mövqe anlaşılmazdır və Azərbaycanla olan münasibətlərin ruhuna ziddir. Kreditlə ordu quran forpost dövlətə görə Azərbaycan kimi etibarlı, müstəqil, güclü strateji tərəfdaşla münasibətlərə xələl gətirməyə dəyərmi? Ermənistana silah satmaqdansa, münaqişənin həllinə nail olmağa, işğal faktına son qoymağa çalışmaq daha praqmatik yanaşma olardı.

Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və həmsədr kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir

Enerji, təbii ehtiyatlar və geosiyasət mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eksperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen də “Trend”ə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil: "Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard dollara qədər məbləğdə silah alıb, bu da İsrailə məxsus olan silahının miqdarı ilə, demək olar ki, eynidir". Ekspert bildirib ki, alınan silahların keyfiyyəti və sayına görə Ermənistan Azərbaycanla müqayisə oluna bilməz: “100 milyon dollarlıq silah Ermənistanın silahlanma üzrə Azərbaycandan geri qalmasına heç bir təsir göstərməyəcək". Ekspert əlavə edib ki, bu uzanmış münaqişəni həll etməyin vaxtı çatıb. Amma münaqişəni həll etməyin yolu Ermənistanı silahlandırmaqdan keçmir. Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov AZƏRTAC-a bildirib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir: “Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq”. Bəli, biz də münasibətləri pozmaq, iki dövlətin arasını vurmaq istəyənlərin sevinməsini istəmirik. Məhz elə buna görə də Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və həmsədr kimi öz missiyasını və üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
“NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”
21.11.2017
Oqtay Əsədov: “Büdcə zərfinin sənədləri göstərir ki, gələn il üçün də real iqtisadi artım proqnozlaşdırılır”
21.11.2017
“Azərbaycanın qüdrətli və regionda aparıcı dövlətə çevrilməsində YAP-ın böyük rolu var”
21.11.2017
Tanınmış iraqlı jurnalist Ermənistanın işğalçı siyasətindən yazıb
21.11.2017
Makedoniya THP lideri: “Qarabağ məsələsini daim diqqətimizdə saxlayacağıq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info