Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
Tarix: 17.10.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər
BMT -nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır

Xəbər verildiyi kimi, oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşü baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Xatırladaq ki, bu görüş iki ölkə rəhbərlərinin 1998-ci ildən başlamış təmaslarının 54-cüsü idi. Heydər Əliyev R.Koçaryanla 1998-2002-ci illər arasında 23 dəfə (1998-ci ildə 1, 1999-cu ildə 7, 2000-ci ildə 6, 2001-ci ildə 6, 2002-ci ildə 3 görüş) birbaşa ünsiyyətdə olub. Prezident İlham Əliyev isə son görüş də daxil olmaqla ümumilikdə 31 görüş keçirib: R.Koçaryanla 9 (2003-cü ildə 1, 2004-cü ildə 2, 2005-ci ildə 2, 2006-cı ildə 3, 2007-ci ildə 1 görüş), S.Sarkisyanla isə 22 (2008-ci ildə 2, 2009-cu ildə 6, 2010-cu ildə 3, 2011-ci ildə 2, 2012 və 2013-cü illərdə hərəsində 1, 2014-cü ildə 3, 2015-ci ildə 1, 2016-cı ildə 2 görüş) danışığı olub.
54 görüşə ev sahibliyi ən çox Rusiyaya (20) məxsusdur. Bu sırada İsveçrə (7), Fransa (4), ABŞ (3), Belarus (3), Azərbaycan, Ukrayna, Moldova, Çexiya, Polşa və Avstriya (hər birində 2), həmçinin Türkiyə, Qazaxıstan, Rumıniya, Almaniya və İngiltərə də (hərəsində 1 görüş) var.
BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 16-da Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb. Xarici KİV-lər xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib. Onun sözlərinə görə, baş katib iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir. Əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır.
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov bu görüş haqqında “Facebook” səhifəsində fikrini bildirib. O, Serj Sarkisyanın yenə öz ampluasında olmasından təəssüfləndiyini yazıb: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə, hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.
Onun sözlərinə görə Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. N. Məmmədov vurğulayıb ki, Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq: “. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.
Məsələ ilə bağlı Azadinform-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü baş tutdu: “Hər iki ölkənin XİN rəhbərləri və həmsədrlər görüşün konstruktiv atmosferdə keçdiyinə dair bəyanat yaydı. Bəs bu görüş münaqişənin tənzimlənməsi prosesinə necə təsir edə bilər?”
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli üçün İrəvan, ilk növbədə Azərbaycan ərazilərinin işğalı faktını aradan qaldırmalıdır. Deputat vurğulayıb ki, İrəvan qondarma qurumun müstəqilliyi və ya Ermənistana birləşdirilməsi iddialarından əl çəkməlidir. M. Qasımlının sözlərinə görə, işğal faktı davam etdikcə və Ermənistana beynəlxalq təzyiqlər olmadıqca, münaqişənin dinc vasitələrlə həlli imkanları da sıfıra enir.
Qeyd edək ki, görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin nizamlanmasına dair fikirlərini bildirdi. Onun sözlərinə görə, Ermənistan üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Sarkisyanın bəyanatı ilə bağlı fikir bildirən politoloq Zaur Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Vaxt da rəsmi Bakının lehinədir: “Hesab edirəm ki, bu gün Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayan Sarkisyan sabah danışıqlar masasında tamam başqa mənzərə ilə qarşılaşacaq”.

“Təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər”
“Ermənistan prezidenti Serj Sarkisyan Cenevrə görüşündən öncə demişdi ki, o görüşdən heç nə gözləmir. Görüşdən sonra isə Sarkisyan bildirdi ki, iki prezidentin görüşü münaqişəni həll edə bilməz”. Bu fikirləri isə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçirilən Cenevrə görüşünü şərh edən politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Sarkisyan xaricin himayəsi altında hərəkət etməyə, həmçinin xaricin dəstəyini çiynində hiss etməyə öyrəşib.
Politoloq vurğulayıb ki, təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər.
Q. Hüseynli hesab edir ki, onların əsas məqsədi Azərbaycan torpaqlarına sahiblənməkdir: “Bunu da beynəlxalq qüvvələrin köməyi ilə həyata keçirmək istəyirlər. Bu isə baş tutası deyil”.
Politoloq qeyd edib ki, Ermənistan işğalçı dövlətdir və öz səhvlərini diqtə edə bilməz: “Digər dövlətin ərazisini işğal edən, etnik təmizləmə aparan dövlət sanksiyaya məruz qalmalıdır. Təəssüf ki, bu sanksiya tətbiq edilmir. Bundan sonra ola bilsin ki, bu məsələ BMT və ATƏT çərçivəsində geniş müzakirə edilsin”.

“Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla birgə işləyirik”
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş işgüzar yemək zamanı Qarabağ münaqişəsindən də danışıb. O deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ-ın Azərbaycanla bağlı siyasəti sabit olub. Səfir bildirib ki, ABŞ müstəqil, çiçəklənən, demokratik Azərbaycanın tərəfdarıdır: “Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanırıq. Biz neft və qazın istehsalı, Azərbaycan və Xəzər hövzəsindən Avropaya və digər ölkələrə daşınması və bununla da qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla birgə işləyirik. Son 25 ildə ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib. Bu yardımın 120 milyonu Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkmiş köçkünlərə yönəldilib”
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərilə bağlı infoqrafika hazırlanıb
22.11.2017
Livanın Baş naziri istefa qərarından vaz keçdi
21.11.2017
“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”
20.11.2017
“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info