“Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
Tarix: 17.10.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Büllurə Bayramova:
“Bəzən qarşıma Azərbaycanı çox gözəl tanıyan nigeriyalılar çıxır”

Həyat hər kəsə ömür yolunda sürprizlər bəxş edir. İnsan bunu istəsə də, istəməsə də qəbul etməlidir. Yəqin ki, müsahibimiz Büllurə Bayramova üçün də həyatın ən böyük sürprizi ömür yoluna Nigeriyada davam etməsidir. 1981-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olan Büllurə xanım nə vaxtsa Nigeriyada yaşayacağını ağlına belə, gətirmirdi. Lakin həyatın sürprizini qəbul edən Büllurə xanım bu gün Nigeriyada özünü xoşbəxt hiss edir. Qeyd edək ki, B. Bayramova Lahıc qəsəbə orta məktəbini fərqlənmə diplomu ilə bitirib və 1998-ci ildə Bakıya ali təhsil almaq üçün köçüb. Azərbaycanda İqtisad Universitetinin İqtisadiyyat üzrə bakalavr pilləsinə yiyələnib. Daha sonra Təfəkkür Universitetində Filologiya-İngilis dili üzrə magistr pilləsini Qırmızı diplomla bitirib. İsveç Krallığının Lund Universitetində isə İqtisadiyyat üzrə magistr təhsili alıb.
-Sizi Nigeriyaya aparan nə olub?
-Bu gün Nigeriya təhlükəli ölkələr sırasındadır. Ona görə də bura iş və ya xeyriyyə məqsədi ilə gəlmək olar. Bizi bura gətirən iş olub. Yoldaşım neft mühəndisidir və Nigeriya neft ilə zəngin olan ölkədir. 4 ildir ki, burada yaşayırıq.
-Ümumiyyətlə, bir azərbaycanlını Nigeriyaya bağlayan nəsə ola bilərmi?
-Mən Nigeriya - Fransa Təşkilatının vitse-prezidenti olduğum üçün gələn xaricilər ilə sorğu keçiririk. Bizim apardığımız sorğuya əsasən Nigeriyaya hər kəs gəlməyə tərəddüd edir və sonradan isə ölkədən getmək istəmir. Bir azərbaycanlını Nigeriyaya çox şey bağlaya bilər. Məni bura bağlayan yerli əhalinin çox mülayim, çətinliklərinə baxmayaraq, həmişə gülərüz olmaları, hava şəraitinin dəyişməyən olmasıdır.
-Avropa həyatından sonra belə bir ölkədə yaşamağınıza görə təəssüf hissi keçirirsizmi?
-Təbii, Fransadan sonra Nigeriyaya gəlmək fikri məni çox düşündürdü. Amma bura addım atdığım ilk gündən özümü çox rahat hiss edirəm. Bu səbəbdən də 3-cü övladımı Nigeriyada dünyaya gətirməyə qərar verdim. (Çox nadir hallarda xarici vətəndaşlar burda uşaq dünyaya gətirirlər)
-Maraqlıdır, nigeriyalılar özləri bu "qara qitə"də yaşamalarına görə təəssüflənirlərmi? Onlarda "Avropa həyatı" həsrəti varmı?
-Varlı təbəqə təəssüflənmir. Onlar təhsillərini Amerika, Avropada aldıqdan sonra bura qayıdırlar. Amma kasıb təbəqə başqa ölkələr haqqında çox məlumata malik olmadığına görə Avropada, Amerikada həyatın daha asan olmasını düşünür və Avropa həsrəti ilə yaşayır. Tez-tez mən yerli insanlar ilə görüşürəm. Təhsilin insanın, ölkənin inkişafında vacibliyindən danışıram. İnanıram ki, bu dəyişiklik baş verəcək.
-Nigeriyalılar özləri hər hansısa müasirlik, sivilizasiya yarada biliblərmi və ya bu haqda düşünürlərmi?
- Bilirsiniz, biz Afrika ölkələrini inkişaf etməmiş, sivilizasiyadan uzaq yerlər kimi təsəvvür edirik. Təbii ki, bu belə deyil. Nigeriyada olduğum müddətdə şirkət qaydalarına zidd olsa belə, bir neçə şəhər və kəndlərə səyahət etmişik. Tayfalar, onların adət-ənənələri, dilləri qalmaq üzrədir. Amma bu azlıq təşkil edir, gənc nəsil müasirliyə can atır, təhsil almağı düşünürlər, gənc qızlar erkən nikaha girməkdən boyun qaçırırlar. Ölkə əhalisinin sayı 180 milyon olduğu üçün bir az zaman alacaq. Amma bu dəyişiklik baş vermək üzrədir.
-Azərbaycanın orada təbliği ilə bağlı hansı işlər görürsüz?
- Neft ölkəsi olduğu üçün xaricilərin sayı çoxdur. Həm də ölkədə sərmayə qoyan insanlar arasında livanlılar, hindistanlılar, fransızlar, ingilislər çoxluq təşkil edir. Livanlılar arasında erməniyə çox rast gəldim. Hətta yadımdadır, marketlərin birində restoran broşüründə bizim yeməklər erməni yeməkləri kimi təqdim olunmuşdu. Azərbaycanı, tək olsam belə, təmsil etməyi qərar verdim. Bu, həm də ailəmdən gələn bir adət halıdır. Ölkəni xaricilərə gözəl şəkildə təqdim etmək. Təbii ki, dəstəyə görə həyat yoldaşıma, Azərbaycanda ailəmə və burda xarici dostlarıma təşəkkür edirəm. Hər il Azərbaycanı Nigeriyanın Müstəqillik günü ilə bağlı keçirilən “Banana Mədəniyyət Festvalı”nda, Maliyyə meneceri çalışdığım Beynəlxalq Qadınlar Təşkilatı tərəfindən keçirilən Afrikanın ən böyük xeyriyyə tədbiri olan “Kiçik Dünya”da və digər ölkələrin cəmiyyətinin təşkil etdiyi görüşlərdə təmsil edirəm. Novruz bayramını rəsmi qonaqların iştirakı ilə yüksək səviyyədə təşkil edirəm. Ən önəmlisi Azərbaycan mətbəxi ilə bağlı “Cuisine Chez Billura” yemək dərslərini təşkil edirəm. Bu günlərdə Laqosun nüfuzlu “Eko” hotelində keçirilən neft-qaz qala gecəsində Afrikanın ən varlı adamı Aliko Danqote ilə görüşdüm. Görüşdə Azərbaycandan olduğumu bildirdim. Danqote ölkəmiz haqqında məlumata malik olduğunu söylədi. Qarşıda həyata keçirəcəyim planlarla bağlı söhbət etdik. Tədbirdə nüfuzlu şirkət rəhbərləri, müxtəlif sahəni təmsil edən şəxslər və Nigeriyanı neft-qaz sənayesi naziri Emmanuel İbe Kachikvu iştirak edirdi.
-Azərbaycan Nigeriya dövlətinə, eləcə də xalqına nə dərəcədə maraqlıdır?
-Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir. Çox maraqlıdır ki, bəzən qarşıma Azərbaycanı çox gözəl tanıyan nigeriyalılar çıxır. Onlar CNN-dən, Formula 1 yarışmasından, neft ölkəsi olduğundan və futbol sahəsindən tanıdıqlarını deyirlər. Yeməklərimizi çox bəyənirlər. Nigeriyalılar da düyü və çay sevəndirlər. Amma hər tədbirdə bizim plovun dadının bir başqa olduğunu deyirlər. Tədbirlərdə Azərbaycan guşəsi həmişə uğur qazanır və ən çox ziyarət olunan guşə olur. Hətta yerli TV kanallarında müsahibələrim təqdim edilir. Sonuncu tədbirdə TV kanallarının birində mətbəx verilişinə dəvət almışam.
-Azərbaycan oxucusuna Nigeriya haqda maraqlı nə deyə bilərsiz?
- Nigeriyada gözəl küçələr tapmazsınız, amma dağılan hər bir divarın arxasında elə gözəl sürprizlər ilə qarşılaşırıq ki...gözəl restoranlar, sərgi salonları, rəssamların emalatxanaları, bağlı otaqlarda təşkil edilən klassik konsertlər. Burda yaşayan xaricilər belə deyirlər: “Nigeriyaya bir gələndə ağlayırsan- gəlməmək üçün və gedəndə ağlayırsan- getməmək üçün”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
15.11.2017
“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
13.11.2017
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
10.11.2017
“Bu il 3 yeni sığorta məhsulu hazırlamışıq”
09.11.2017
Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info