“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
Tarix: 19.10.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər
Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir sıra beynəlxalq təşkilatların diqqətini cəlb edir. Xarici ölkələrdə beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən tədbirlər bunu deməyə əsas verir. Elə oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinq buna misaldır. Qeyd edək ki, tədbir Helsinki Komissiyası adı ilə də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası tərəfindən təşkil edilib.
Avropa və Mərkəzi Asiya üzrə “Beynəlxalq antiböhran qrupu” proqramının direktoru Maqdalena Qrono, Kentukki Universitetinin diplomatiya və münaqişələrin tənzimlənməsi üzrə professoru, 1999-2001-ci illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Kerri Kavano, Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev i partnyorı” hüquq firmasının siyasət məsələləri üzrə tərəfdaşı və böyük məsləhətçisi, 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik brifinqdə çıxış ediblər. Tədbirdə iştirakçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ATƏT-in Minsk qrupu vasitəsilə aparılan sülh danışıqlarının spesifikası, 2016-cı ildə baş vermiş dördgünlük aprel müharibəsi və münaqişənin tənzimlənməsi ilə bağlı ABŞ-ın siyasəti barədə danışıblar.
Moderator Aleks Tiyerski tədbiri açaraq Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış vəziyyət və ATƏT-in bu münaqişənin tənzimlənməsində vasitəçilik rolu barədə söhbət açıb.
Sonra çıxış edən Maqdalena Krono qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu dünyanın ən çox hərbiləşdirilmiş regionlarından biridir. Münaqişənin eskalasiyası tammiqyaslı müharibə həddinə çata və potensial baxımından regiondakı ölkələri və digər ölkələri də bu müharibəyə cəlb edə bilər. O deyib ki, Minsk qrupunun həmsədrlər üçlüyü 1997-ci ildən danışıqlar prosesində fəal iştirak edir.
Beynəlxalq antiböhran qrupunun nümayəndəsinin çıxışında Ermənistan qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılmasının tələb edildiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də qeyd olunub. Bildirilib ki, Azərbaycan üçün status-kvo qəbuledilməzdir və rəsmi Bakı artıq bir neçə ildir öz hərbi potensialını artırır. Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olan Ermənistanın da aşağı tariflər üzrə silah aldığı diqqətə çatdırılıb. M.Krono vurğulayıb ki, silahlı münaqişənin potensial baxımdan eskalasiyası çox böyük humanitar nəticələrə gətirib çıxara bilər.
Səfir Kerri Kavano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq çoxdan bəri “dondurulmuş” münaqişə deyil. Son illərdə tərəflərin bu münaqişənin tənzimlənməsinə dair mövqeləri daha güzəştsiz olub, regiona çox sayda silahların gətirilməsi vəziyyəti daha mürəkkəbləşdirir, əməliyyatlar şiddətlənə bilər. Münaqişənin tənzimlənməsi ilə bağlı Ki-Uestdə və Kazanda xeyli irəliləyiş əldə edilsə də, səylər nəticəsiz oldu.
“Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”
Sonra çıxış edən səfir Ceyms Uorlik qeyd edib ki, tərəflərin münaqişənin tənzimlənməsinə dair mövqeləri çox da uzaqlaşmayıb.
Səfir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərini müzakirə edərkən 2014-cü ilin mayında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi Karneginin Beynəlxalq Sülh Fondunda özünün nitqinə istinad edib. O deyib ki, bu nizamlanmanın əsasını BMT-nin Nizamnaməsi və müvafiq sənədlər, habelə Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.
Brifinqdə Azərbaycan və Ermənistan səfirliklərinin, analitik mərkəzlərin və ABŞ konqresmenlərinin ofislərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından qovulub. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyası 62/243 nömrəli qətnamə qəbul edərək beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində əks olunmuş mövqeyini bir daha təsdiq edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilik orqanları BMT-nin həmin qətnamələrini əsas götürərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.

Azərbaycan diplomatı İtaliyanın "İl Giornale" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev də İtaliyanın "Nodo di Gordio" beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. XİN rəsmisi müsahibədə Avropa İttifaqı (Aİ) və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Bu xüsusda, H.Hacıyev Azərbaycanın Avropa ilə sıx bağlılığı, terrorizm, qanunsuz miqrasiya, ekstremizm və radikalizmin qarşısının alınmasında oynadığı mühüm rolu, Avropanın enerji təhlükəsizliyinə töhfəsi kimi məsələlərdən söz açaraq ölkəmizin Avropa İttifaqı və o cümlədən İtaliyanın “təbii tərəfdaşı” olduğunu bildirib.
Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı sualı cavablandıran H.Hacıyev bütün beynəlxalq ictimaiyyət kimi regiondakı vəziyyətin Azərbaycanı da narahat etdiyini qeyd edib. Regionda sabitliyin təmin olunması üçün o, uzun sürən münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun köklü həllinin tapılmasının, dövlətlərin daxili işlərinə qarışmağa və idarəçilik sistemini zorakı yollarla dəyişməyi nəzərdə tutan siyasi eksperimentlərə son qoyulmasının və dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsinin zəruri olduğunu bildirib.
XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə əlaqədar qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edərək, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.
Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə o deyib ki, İtaliyanın Trentino-Alto Adice muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk Qrupunda üzvlüyünü və gələn ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı. Müsahibə İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində dərc edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”
20.11.2017
“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info